Məhkəmə qərarları › İş №2-1(118)-961/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-961/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-961/2021 06.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X21, X11, X10, X12 və onların azyaşlı övladları 28.09.2005-ci ilə təvəllüdlü X1, 01.08.2009-cu il təvəllüdlü X13, 03.06.2007-ci il təvəllüdlü X3, 09.05.2012-ci il təvəllüdlü X16 və X17 ünvan 1 ünvanında yerləşən, 11 saylı evin, 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X21, X11, X10, X12 və onların azyaşlı övladları 28.09.2005-ci ilə təvəllüdlü X1, 01.08.2009-cu il təvəllüdlü X13, 03.06.2007-ci il təvəllüdlü X5 və 09.05.2012-ci il təvəllüdlü X16 ünvan 1 ünvanında yerləşən, 11 saylı evin, 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək “X21, X11, X10, X12 və onların azyaşlı övladları 28.09.2005-ci ilə təvəllüdlü X1, 01.08.2009-cu il təvəllüdlü X13, 03.06.2007-ci il təvəllüdlü X3, 09.05.2012-ci il təvəllüdlü X16 və X17 ünvan 1 ünvanında yerləşən, 11 saylı evin, 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X30, X22, X18, X23, X6, X24, X8, X27 və X2 məhkəmə icraatına üçüncü şəxsə qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, ev 11, mənzil 4 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzilə görə 12.06.2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən ona RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. Mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olan şəxslər X30, X22, X18, X23 və onların azyaşlı övladları 28.09.2005-ci il təvəllüdlü X6, 01,08.2009cu İl təvəllüdlü X24, 03.06.2007-ci il təvəllüdlü X9 və 09.05.2012-ci il təvəllüdlü X27 onun ailə üzvləri deyildir. Onların qeydiyyatları formal xarakter daşıyır. Həmin şəxslərin ünvan 1 ünvanında yerləşən, 11 saylı evin, 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları barədə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 18.03.2021-ci il tarixli 123-106606-3221 saylı məktubu ilə xahişi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, X21, X11, X10, X12 və onların azyaşlı övladları 28.09.2005-ci il təvəllüdlü X1, 01.08.2009-cu il təvəllüdlü X13, 03.06.2007-ci il təvəllüdlü X4 və 09.05.2012-ci il təvəllüdlü X16 ünvan 1 ünvanında yerləşən, 11 saylı evin, 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin heç bir etirazı yoxdur. İddiaçının iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, 12 iyun 2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ev 11, mənzil 4 İddiaçı mülkiyyətindədir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 11.03.2021-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Sahəsinin 25.06.2021-ci il tarixli, 754 saylı arayışlarından görünür ki, X30, X22, X18, X23, X6, X24, X8 və X28 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İşə əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 18 mart 2021-ci il tarixli məktubundan görünür ki, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ev 11, mənzil 4 İddiaçı məxsusdur. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər X30, X22, X18, X23, X6, X8 və X28 həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı ona məxsus mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilmsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatları formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Onlar məhkəmə iclaslarına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnu tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X21, X11, X10, X12, X1, X13, X3, X16 və X17 ünvan 1, ev 11, mənzil 4-dən qeydiyyatdan çıxarılmaları öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X21, X11, X10, X12, X1, X13, X3, X16 və X17 ünvan 1, ev 11, mənzil 4-dən qeydiyyatdan çıxarılmaları öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar