Məhkəmə qərarları › İş №2-1(118)-961/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-961/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-961/2022 30.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin L-1-059 nömrəli xx.xx.2021-ci il tarixli və L-1/2-059/2-t/1 nömrəli xx.xx.2021 -ci il tarixli imtinası (hərəkətsizliyi) əsassız hesab edilməklə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxılması tarixindən hesablanmaqla) öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxılması tarixindən hesablanmaqla) üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin İddiaçı Səttar oğlu tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə L-1- 059 nömrəli xx.xx.2021-ci il tarixli və L-1/2-059/2-t/1 nömrəli xx.xx.2021-ci il tarixli imtina cavabları verilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi zabit kimi hərbi xidmətdə olmaqla ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyi Mənzil İstismar idarəsi tərəfindən verilmiş arayışla təsdiq olunmuşdur ki, Silahlı Qüvvələrdə xidmət etdiyi müddət etdiyi ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və mənzil növbəsindədə adı yoxdur. Bundan əlavə adına heç bir daşınmaz əmlak və torpaq sahəsi yoxdur. Himayəsində olan 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 ünvanında kirayə yaşamaq məcburiyyətindədir. Ehtiyatda olan hərbi qulluqçu kimi xx.xx.2021-ci il tarixində və xx.xx.2021-ci il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsinə dair ərizə ilə qeydiyyatda olduğu Sumqayıt Şəhər icra Hakimiyyətinə tərəfindən müraciət edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubla müraciətiтə mənfi cavab vermişdir. İnzibati orqanın bu cavabını əsassız hesab etdiyiтdən pozulmuş hüququтun bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd edilmişdir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra-uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra-uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşların uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, diğər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya İstefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" qərarı ilə müəyyən edilmişdir ki, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.1981-ci il təvəllüdlü kapitan İddiaçı xx.xx.1998-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 avqust 2020-ci il 0594 nömrəli əmri ilə Hərbi Xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdən Sumqayıt şəhər Baş İdarəsində hərbi qeydiyyata alınmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisar iə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli İcra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsassən ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçi İddiaçı Səttar oğlu tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə L-1-059 nömrəli xx.xx.2021-ci il tarixli və L-1/2-059/2-t/1 nömrəli xx.xx.2021-ci il tarixli imtina cavabları verilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsini istəyir. İddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi zabit kimi hərbi xidmətdə olmaqla ehtiyata buraxılması işin mübahisə olunmayan haldır. Məhkəmə müvafiq sorğular etmiş, bu hal öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsassən ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçi İddiaçı Səttar oğlu tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə L-1-059 nömrəli xx.xx.2021-ci il tarixli və L-1/2-059/2-t/1 nömrəli xx.xx.2021-ci il tarixli imtina cavabları verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən də göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Təhlil olunan normadan da göründüyü kimi qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda da qeyd edildiyi kimi adı çəkilən Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Göründüyü kimi qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclərin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının birinci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin istinad olunan 6 avqust 2012-ci il tarixli qərarında yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayəsi üçün kompensasiya hüququnun tanındığı, öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndində isə deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. -2.7-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Sonuncu müddəanın tətbiqi onu ehtiva edir ki, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi ayırd edilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxılması tarixindən hesablanmaqla) öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi (ehtiyata buraxılması tarixindən hesablanmaqla) öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar