Məhkəmə qərarları › İş №2-1(118)-963/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-963/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-963/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Şəmsi oğlunun iştirakı ilə, İddiaçı Şəmsi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 011601 qeydiyyat nömrəli 23 aprel 1998-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olan sənədlərdə qeyd olunan payların həmin pay sahiblərinə faizləri qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəmsi oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “İddiaçı oğlunun 76,76%, X4 2,26%, X14 1,78%, X1 2,1%, X3 2,26%, X16 2,26%, X7 2,26%, Ağaverdiyev Balaqardaş Sabir oğlunun 0,74%, Xəlilov Əli Nəsrəddin oğlunun 1,94%, X6 1,39%, X5 1,87%, X13 1.87%, X17 1,29%, X8 0,74%, X9 0,48% pay faizlərinin nəzərə alınaraq cavabdeh tərəfindən Qusar şəhəri, Qusar çayının sol sahili ünvanında yerləşən müəssisənin payçılarının pay faizlərinin qeyd olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 011601 qeydiyyat nömrəli 23 aprel 1998-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olan sənədlərdə qeyd olunan payların həmin pay sahiblərinə faizləri qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 23.04.1998ci il tarixli 01601 qeydiyyat nömrəli şəhadətnamədə əmlakın 15 nəfər payçıya məxsusluğu göstərilmişdir. Şəhadətnamədə payçılara məxsus pay faizləri göstərilməmişdir. Obyekt özəlləşdirilən vaxt həmin obyektin payçılarının pay faizləri göstərilən təsis müqaviləsi Əmlak Komitəsinə təqdim olunmuşdur. İddiaçıya bildirilmişdir ki, şəhadətnamədə pay faizləri göstərilmir və pay faizləri Əmlak Komitəsi tərəfindən təsdiqlənmiş təsis müqaviləsi ilə tənzimlənir. İddiaçı məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı əmlak kompleksi kimi müəssisə üzərində paylar göstərilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdulaşdrılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Qusar şəhəri, Qusar çayının sol sahili ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin arayışda əmlak kompleksi kimi müəssisənin ümumi birgə mülkiyyətdə olduğu göstərilmişdir. Sorğu əsasında məhkəməyə daxil olmuş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 23.04.1998-ci il tarixli, 11601 saylı şəhadətnamədən görünür ki, həmin şəhadətnamədə mülkiyyətçilərin ayrı-ayrılıqda paylarının miqdarı qeyd edilməmişdir. Eyni zamanda məhkəmənin sorğusu əsasında 23.04.1998-ci il tarixli, 11601 saylı şəhadətnamənin də verilməsinə əsas olan sənədlər tələb edilmişdir ki, həmin sənədlər arasında müəssisənin bölünmə planının olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. İddiaçı 23.04.1998-ci il tarixli, 11601 saylı şəhadətnamədə hər bir payçının payının göstərildiyini və pay bölgüsünün ona uyğun aparılmasını istəsə də, yuxarıda da qeyd olunuduğu kimi həmin şəhadətnamədə mülkiyyətçilərin pay faizləri öz əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şəhadətnamədə pay bölgüsünün miqdarı qeyd olunmadığından cavabdeh inzibati orqan tərəfindən qeydiyyatın pay bölgüsünü uyğun aparılmasına dair tələbinin təmin edilməsindən imtina olunması iddiaçının hüquq və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən əmlak üzərində payların müəyyən olunması inzibati məhkəmə icraatının deyil, mülki məhkəmə icraatının araşdırma predmetinə daxildir. Bundan əlavə iddiaçı sözügedən müəssisə üzərində tək özünün payının miqdarına deyil, eyni zamanda digər mülkiyyətçilərində paylarının miqdarına uyğun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın aparılmasını istəyir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Şəmsi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 011601 qeydiyyat nömrəli 23 aprel 1998-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olan sənədlərdə qeyd olunan payların həmin pay sahiblərinə faizləri qeyd olunmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar