Məhkəmə qərarları › İş №2-1(118)-966/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-966/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-966/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində yerləşən və hazırda iddiaçının istifadəsində olan 500 kvadrat metr torpaq sahəsinə görə onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə şurasının 02.02.2004-cü il tarixli, 104 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya 500 kvadrat metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə görə onun tərəfindən ******* manat məbləğində ödəniş aparılmış və iddiaçıya bu barədə qəbz verilmişdir. Qeyd edilən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən yaşayış evi tikilmiş, artıq 17 ildir ki, bu sahə iddiaçının faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya izah olunmuşdur ki, onunla cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmalı və yalnız həmin müqavilə bağlandıqdan sonra torpaq sahəsinin adına sənədləşdirilməsi aparılacaqdır. Bundan sonra iddiaçı bir daha cavabdeh təşkilata müraciət etmiş və iddiaçıdan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə 600 manat məbləğində pul tələb olunmuşdur. İddiaçı 16.10.2020-ci il tarixdə bələdiyyə hesabına həmin vəsaiti mədaxil etmiş, iddiaçıya bu barədə qəbz və 16.10.2020-ci il tarixli, 153 saylı hesab faktura verilmişdir. Bir torpaq sahəsinə görə iddiaçı tərəfindən 2-ci dəfə ondan tələb olunan məbləğdə ödənişin aparılmasına baxmayaraq iddiaçı ilə alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də 30.03.2021-ci il tarixli məktubla cavabdeh onun müraciətini əsassız səbəblər gətirməklə təmin etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin qərarı ilə onun adına rəsmiləşdirilsə də, həmin torpaq sahəsinə dair tərəflər arasında torpağın alqı-satqısına dair müvafiq akt (müqavilə) bağlanılmamışdır. İddiaçının torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatından keçirə bilməsi üçün də məhz torpağın alqı-satqı aktı tələb olunur ki, həmin akt da iddiaçıya verilə bilməzdi. Məlum olduğu kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya cavabdeh tərəfindən alqı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativhüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqı-satqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alqı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin, həmin alqı-satqı aktı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən torpağın alqı-satqı aktlnln verilməsi mümkün deyildir. Cavabdehin mübahisələnidirlən torpaq sahəsinə dair heç bir iddiası yoxdur. İddiaçı torpaən pulunu cavabdehin büdcəsinə tam ödəmişdir. Sadəcə olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması səbəbindən cavabdehin torpağın alqı-satqı aktını verməsi bələdiyyənin imkanı xaricindədir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5807/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)-609/2021 saylı 10.03.2021-ci il tarixli qətnaməsi, Sumqayıt Bələdiyyəsin yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsi, 16.10.2020-ci il tarixli, 153 nömrəli hesab-faktura və ödəniş qəbzi, CZX №114376 kassa mədaxil orderinin qəbzi, cavabdehin 30.03.2021-ci il tarixli, 574 nömrəli imtina məktubu, 05.02.2004-cü il tarixli, 64 nömrəli Sumqayıt Bələdiyyəsinin torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu, Sumqayıt şəhər Bələdiyyə Şurasının 02.02.2004-cü il tarixli, 104 nömrəli qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 28.01.2004-cü il tarixli, 02/23 nömrəli rəyi, eskiz layihə və torpaq sahəsinin planı, daşınmaz əmlakın dövlət reyestrindən 07.02.2020-ci il tarixli, **********66 nömrəli məktubu və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarından 1) yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və 2) kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya 500 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyə şurasının 02.02.2004-cü il tarixli, 104 saylı protokol-qərarı əsasında ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə görə müvafiq qaydada ödəniş də etmişdir ki, bu da iş materiallarında olan hesab-faktura əsasında müəyyən olunur. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 28.01.2004-cü il tarixli, 02/23 nömrəli rəyindən də göründüyü kimi Sumqayıt şəhərinin Baş planına əsasən fərdi ev tikmək üçün 20-ci mikrorayon ərazisindən iddiaçıya 500 kvadrat metr torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir. Cavabdeh təşkilatın irəli sürdüyü etiraz isə tamamilə əsassızdır. Belə ki, cavabdeh tərəfindən tələb olunan alğı-satqı aktının rəsmiləşdirilməsi ilə bağlı da iddiaçı tərəfindən 600 manat məbləğində pul 16.10.2020-ci il tarixdə bələdiyyə hesabına mədaxil olunmuşdur. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Göründüyü kimi İddiaçı tərəfindən torpağın dəyəri Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmiş, lakin Sumqayıt Bələdiyyəsi müxtəlif bəhanələr gətirərək həmin torpağa dair alqı-satqı müqaviləsinin bağlanmasından boyun qaçırır. Sumqayıt Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi səbəbindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmaması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarındanda məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyi alınır və sonradan həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi deyil torpaq sahəsinə yaranmış hüquqlar həmin təşkilatda qeydiyyatdan keçirdi. Ona görədə cavabdeh təşkilatın etirazında gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir, lakin həmin torpaq sahəsinin ayrılması zamanı qanunda nəzərdə tutulmuş prosedur qaydalarının ardıcılığına riayət etməklə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyə Şurasının 02 fevral 2004-cü il tarixli 104 saylı qərarı ilə Sumqayıt şəhər, 20-ci mikrorayon ərazisində ayrılmış 500 m2 torpaq sahəsinə dair İddiaçı ilə alğı-satqı müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar