Məhkəmə qərarları › İş №2-1(118)-97/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-97/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-97/2021 24.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ləğv edilməsinə tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı cavabdehin xx.xx.2016-cı il tarixli 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış “torpağın icarəyə verilməsi barədə” xx xxxxxxx 2013-cü il tarixli icarə müqaviləsinin qüvvədən düşməsinə dair qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 760/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 694/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-760/2019 saylı qərarı ləğv edilərək, yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-760/2019 saylı qərarının ləğv edilməsinə səbəb kimi iddia tələbində “ləğvi tələb edilən qərarların və ya qərar” olmasının araşdırılması, o cümlədən iş üzrə 3-cü şəxsin cəlb edilməməsi olmuşdur. İnzibati iş məhkəməyə daxil olduqdan sonra iş üzrə maraqlı şəxs olan “xxxx” MMC 3cü şəxs qismində işə cəlb edilmiş və iddiaçıdan iddia tələbinə dəqiqləşdirmə ərizəsi alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onunla Şamaxı rayon İcra Hakimiyyəti arasında xx xxxxxxx 2013-cü il tarixli 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin ləğv edilməsinə əsas olmuş Şamaxı rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2013- cü il il tarixli “torpağın icarəyə verilməsi barədə” 15 saylı müqaviləyə müvafiq olaraq Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2013-cü il tarixli 94 saylı sərəncamı əsas götürülməklə 400 ha torpaq sahəsi, ona aid olan çoban evləri, qoyun və quzu tövlələri qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. İcarə haqqı olaraq hər il üçün 316 manat müəyyən edilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verilməsinə dair “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahəsinin icarəyə verilməsinə dair iddiaçı ilə cavabdeh arasında əvvəlki illərə dair də uzunmüddətli icarə müqaviləsi mövcud olmuşdur. Sonuncu icarə müqaviləsi ilə bu müqavilə yenilənməklə, torpaq sahəsi iddiaçının istifadəsində saxlanmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilmiş xx xxxxxx 2016-cı il tarixli bildirişlə iddiaçıya məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı Rayon İcra Hakimiyyətinin onunla bağlamış olduğu müqavilə xx xxxxxx 2016-cı il tarixli 138 saylı Sərəncama əsasən qüvvədən düşmüş hesab olunur. Bu bildirişdə iddiaçının torpaqdanistifadə ilə bağlı hüquqlarının pozulması baş verdiyindən, tərəfindən təkrarən cavabdehə müraciət olunmuş və müraciətinə verilmiş xx xxxx 2017-ci il tarixli S-03-285 saylı cavab məktubunda əlavə olaraqiddiaçıya bildirilmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə müvafiq icarə müqavilələri də, qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Qərara əsasən otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda, yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır. Bu cavablardan göründüyü kimi, cavabdeh digər fermerlərlə olduğu kimi, iddiaçı ilə bağlamış olduğu icarə müqaviləsini də, birtərəfli qaydada ləğv etməklə onun istifadəsinə verilmiş torpaq sahəsinin geri alınmasını qət etmiş, bununla da iddiaçının torpaqdan istifadə ilə bağlı hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İddiaçının ləğv olunmasını tələb etdiyi sərəncamın məzmunundan göründüyü kimi, bu sərəncamla təkcə onun deyil, fermer kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlarla digər fermer təsərrüfatı sahiblərinin də, hüquqları pozulmuşdur. Belə ki, iddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət istiqaməti heyvandarlıqdır. İddiaçı cavabdehlə bağladığı müqaviləyə müvafiq olaraq, uzun müddətdən bəri Şamaxı rayonunun İnzibati Ərazisinə daxil olan “Padar” massivində 400 ha torpaq sahəsini, ona aid olan çoban evləri, qoyun və quzu tövlələrinə malik torpaq sahəsini icarəyə götürmüşdür. Artıq bu torpaq sahəsi 10 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Təbii ki, bu müddət ərzində məşğul olduğu, heyvandarlıq məhsullarının istehsalı fəaliyyəti buna uyğunlaşdırılmışdır. Yəni həmin torpaqlarda heyvandarlıqla məşğul olmaq və inkişaf etdirmək üçün infrastrukturlar yaratmış, tikintilər həyata keçirmişdir. Bütün bunlarla yanaşı, dekabr ayının əvvəllərində iddiaçı, Şamaxı rayon İcra Hakimiyyətinin müvafiq strukturlarından, istifadəsində olan torpaq sahəsinin geri alınmasına dair xəbərdarlıq məktubu almışdır. Həmin məktubda göstərilmişdir ki, otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin iddiaçı ilə bağlamış olduğu müqavilə xx xxxxxx 2016cı il tarixli 138 saylı sərəncama əsasən qüvvədən düşmüş hesab olunur. İddiaçı hesab edir ki, onunla bu formada rəftar olunması qanunsuzluq olub, onun hüquqlarını və mənafelərini pozur. İddiaçı ilə bağlanmış və qüvvəyə minmiş icarə müqaviləsi mövcuddur. Bu müqaviləyə etibar olunmaqla iddiaçı tərəfindən xeyli miqdarda vəsait xərclənmişdir. İddiaçının heyvandarlıq məhsulları istehsalı fəaliyyəti formalaşmış və oturuşmuşdur. Cavabdeh tərəfindən verilən qərarla bütün bunların dağıdılması yalnız özbaşınalıq ola bilər. Əgər dövlətin bu torpaqla bağlı başqa bir proqramı mövcuddursa, bu yalnız mərhələlər əsasında həyata keçirilə bilər və hər hansı yeni bir iqtisadi proqram əvvəlki proqramın dağıdılması üzərində qurula bilməzdi. Göstərilən torpağın təyinatının dəyişdirilməsi torpaq Qanunvericiliyinə və təbii arqokimyəvi proseslərə də ziddir. Belə ki, müvafiq torpaq uzunmüddətli analizlərin nəticəsi olaraq otlaq torpaqlar kateqoriyasına daxil edilmişdir və bu torpaqların təyinatının dəyişdirilərək əkin torpaqları kateqoriyasına keçirilməsi heç bir elmi axtarışlar və analizlərin nəticəsi olaraq meydana gəlməmişdir. Nazirlər Kabinetinin adı çəkilən qərarı elmi cəhətdən əsalandırılmamışdır. İddiaçıya göndərilmiş bildirişlərdə istinad olunan proqram həqiqətən də, həyata keçirilirsə, bu proqram bilavasitə iddiaçının da iştirakı ilə həyata keçirilə bilər. İsitifadəsində olan torpağın əlindən alınaraq digər şəxslərin istifadəsinə verilməsi və ya digər şəxslərin iştirakı ilə hər hansı layihənin həyata keçirilməsi özbaşınalıq sayılmalıdır. Bu hadisələrdən keçən müddət göstərmişdir ki, bu torpaqlarla bağlı heç bir ağılabatan proqram və layihə yoxdur. Hətta sərəncam icra belə olunmur. Halbuki, iddiaçı artıq bu torpaqların kimyəvi tərkibini araşdırmış, keyfiyyətinin artırılması üçün tədbirlər həyata keçirmiş, qayğısına qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevrai tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə oıunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı ıl tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə “xxxx” MMC-nin icarəsindədir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı,cavabdeh və üçüncü şəxs “xxxx” MMC məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndələrinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Onlar iddia tələbinin predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 16-cı maddəsinin 8-ci bəndinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı xx xxxxxx 2017-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 1.12-ci bəndinə görə kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Qaydaların 1.13-cü bəndinə əsasən qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci bəndi ilə müəyyən edilən qaydada təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları»nın 22-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2013-cü il tarixli 94 saylı sərəncamı ilə Cülgə-Quşçu adlı qış otlaq sahəsindən 400 ha 15 il müddətinə iddiaçının icarəsinə verilmiş və idiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2013-cü il tarixli 15 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı Rayon İcra Hakimiyyətinin iddiaçı ilə bağlamış olduğu müqavilə xx xxxxxx 2016-cı il tarixli 138 saylı Sərəncama əsasən qüvvədən düşmüş hesab olunmuşdur. Həmçinin, iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda üçüncü şəxs “xxxx” MMC-nin icarəsindədir. Məhkəmə hesab edir ki, qış otlaq sahəsi kimi iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı dəyişdirildiyindən cavabdehin qəbul etdiyi inzibati akt (sərəncam) qanuni və əsaslı olmaqla cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə həmin torpaq sahələrinin əkinçilik məqsədi ilə eyni şəxslərin istifadəsinə verilib-verilməməsi icarəyəverənin mülahizəsinə aid olduğundan icarəyə verən buna məcbur edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin üzərində inşa etdiyi tikililər ilə bağlı qeyd edir ki, «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları»nın 24-cü bəndinə əsasən otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda yataqda olan tikililərin dəyəri qarşılıqla razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda, tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 138 saylı Sərəncamının ona aid olan hissədə ləğv edilməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar