Məhkəmə qərarları › İş №2-1(118)-97/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-97/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-97/2024 16.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı4 və iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobustan kəndi ərazisindd ,istifadəyə verilmiş 100 ha torpaq sahəsi üzərində yerləşən, X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 200,201,202 və 203 nömrəli aktlarla bizə pay verilmiş qeyri- yaşayış binaları (əmlak kompleksi) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekW kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, “İddiaçı1 iddiaçılar sırasından çıxarılmasını, digər iddiaçılara münasibətdə X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən, X5 Komissiyasmın 1998-ci il 17 yanvar tarixli 10/AK-l iclas protokolu ilə təsdiq edilmiş Əmlakdan pay haqqının verilməsi barədə 202 nömrəli aktla iddiaçılara pay verilmiş qeyri-yaşayış binaları (əmlak kopleksi) və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevin icraatında olmuş 2-1(118)- 328/2021 Saylı iş üzrə məhkəmə zamanı İddiaçı4 Əmrah oğlu məhkəmə tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə zamanı müəyyən olundu ki, İddiaçı1 ilə birlikdə qeyd olunan əmlaka pay hüququ olan şəxs İddiaçı4 Əmrah oğlu ilə Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli Sərəncamı əsasında paylı mülkiyyətə verilmiş əmlakın yerləşdiyi 100 ha torpaq sahəsi İddiaçı4 Əmrah oğlunun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi əsasında qeyd olunan torpaq sahəsi üzərində İddiaçı4 Əmrah oğlunun icarə hüququ dövlət qeydiyyatına alınmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2003-cü il tarixli, JN-4015 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmçinin müqavilə müddəti bitdiyi üçün Abşeron rayon İcra Hakimiyyəti ilə yeni- xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Hər bir halda qeyd olunan iddia üzrə məhkəmə zamanı müəyyən olunan bu halları da nəzərə alan hakim iddianın rədd edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qətnamə qəbul etdi.Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verildi. Paralel olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli 109 saylı Sərəncamının və bu Sərəncam əsasında İddiaçı4 Əmrah oğlu ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinə İddiaçı1 tərəfindən yazılı olaraq müraciət edildi. Abşeron rayon İcra Hakimiyyəti müraciətə nə müsbət, nə də ki mənfi cavab vermədi, yəni müraciəti cavabsız qoydu. Bu əsasla Şükürov X2 rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli 109 saylı Sərəncamının və həmin sərəncam əsasında Abşeron rayon İcra Hakimiyyəti ilə İddiaçı4 Əmrah oğlu arasında 15 il müddətinə bağlanmış müqavilənin ləğv edilməsi vəzifəsi Abşeron rayon İcra Hakimiyyəti üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdi. İddia ərizəsi ilə məhkəmə baxışı zamanı iddiaçı ilə İddiaçı4 Əmrah oğlu və digər payçılar aralarında razılıq əldə olundu ki, iddia əizəsi geri götürülsün və sözügedən torpaq sahəsində mövcud olan tikililərə pay hüququ olduğundan birlikdə əmlaka olan paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almması üçün cavabdehə müraciət etsinlər. Cavabdeh xx.xx.2022ci il tarixli bildirişi ilə qeyd olunan müraciətə imtina cavabı verərək bildirdi ki, araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən İddiaçı1, İddiaçı3 Əmrah oğlu, İddiaçı2 və İddiaçı4 Əmrah oğluna məxsus daşınmaz əmlaklara dair hüquqların qeydiyyatı üçün tələb olunan əsaslar üzə hüquqmüyyənedici və texniki sənədlər ərizəyə əlavə olunmamışdır. Bundan başaq imtina bildirişində qeyd edilmişdir ki, DT və XK tərəfindən İddiaçı4 Əmrah oğlunun adına tərtib edilmiş JN-4015 saylı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin verilməsini əsas olmuş xx.xx.2003-cü il tarixli müqavilənin müddəti başa çatdığı üçün xx.xx.2018-ci il tarixli müqavilənin verilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncam və digər hüquq müəyyənedici sənədlər hazırki ərizəyə əlavə edilməmişdir. Hesab edirlər ki, imtina əsasızdır, həmin imtinanın verilməsi üçün gətirilmiş dəlillər məntiqə sığmır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı4 və iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Qobustan kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı4 Əmrah oğlu və İddiaçı3 Əmrah oğlunun onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etibarnamə üzrə nümayəndə X1 27 may 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən, Qobustan kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı4 Əmrah oğlu və İddiaçı3 Əmrah oğlunun istifadəsində olduğu iddia olunan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin tam şəkildə müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş sənədlər toplusuna: 1.İddiaçı4 Əmrah oğlunun adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 285 saylı 15 il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-4015 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə; 2.İddiaçı4 Əmrah oğlu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsi; 3.İddiaçı1, İddiaçı2, İddiaçı4 Əmrah oğlu və İddiaçı3 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktların əlavə edildiyi müəyyən edilmişdir. 4.İddiaçı4 Əmrah oğlu ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə dair digər hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi; 5.İcarə müqaviləsinin İddiaçı1, İddiaçı2, İddiaçı4 Əmrah oğlu və İddiaçı3 Əmrah oğlu ilə deyil yalnız İddiaçı4 Əmrah oğlu ilə bağlandığı; 6.İddiaçı1, İddiaçı2, İddiaçı4 Əmrah oğlu və İddiaçı3 Əmrah oğlunun adına verilmiş əmlakdan pay verilməsi barədə aktların qanunvericiliyə əsasən mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas hesab olunmaması, həmin aktlarda yalnız tikili və mal-qaranın pay kimi verildiyinin qeyd edilməsi və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə dair texniki sənədlərin təqdim edilməməsi; 7.İddiaçı1 sözügedən 0.02 ha torpaq sahəsi üzərində istifadə hüququnun, həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında 2-1(105)-548/2021 saylı inzibati işin olması səbəbindən ərizənin icrasından imtina edilmişdir. Əlavə olaraq bildiririk ki, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət yalnız torpaq sahəsi üzərində hüquqların qeydiyyatına dair olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində həm torpaq sahəsi, həm də əmlak kompleksi kimi müəssisə üzərində hüquqların qeydiyyata alınması öhdəliyinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bununla bağlı bildiririk ki, əmlak kompleksi kimi müəssisəyə dair texniki və hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmiş, bu tikililərin yerləşdiyi torpaq sahəsinin isə təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011 -ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məlumat üçün bildiririk ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. Lakin araşdırılan halda, həmin əsaslardan heç biri qeydiyyat orqanına təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılın Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: 203 saylı, 202 saylı, 200 saylı əmlakdan pay haqqının verilməsi haqqında akt; cavabdehin iddiaçıya ünvanladığı 24 iyun 2022-ci il tarixli imtina məktubu; JN 4015 KOD 30800001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan tikililərdən istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə, eyni zamanda iddiaçılarnın dəqiqləşmiş iddia tələbi (tikililər üzərində birgə mülkiyyət) üzrə cavabdeh orqana müraciəti sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə olan qəbul edilsə də, iddiaçıların müraciətinə cavab verilmədiyindən bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, 10/AK-1 nömrəli protokolu ilə təsdiq edilmiş 203 saylı, 200 saylı və 201 saylı Aktlar əsasında müvafiq olaraq İddiaçı4, İddiaçı3, İddiaçı2 Abşeron rayonu, Qobustan kəndi ərazisində yerləşən 100 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binaları əmlak payı ayrılmış və həmin vaxtdan qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçıların istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən qeyri-yaşayış sahəsinin iddiaçıların qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan X5 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, 10/AK-1 nömrəli protokolu, o cümlədən həmin protokol əsasında təsdiq edilmiş 203 saylı, 200 saylı və 201 saylı aktlar ilə də təsdiq edilir. İddiaçılar həmin tikililər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 22 iyun 2022-ci il tarixli məktubu ilə iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-328/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, iş üzrə əvvəlki İddiaçı1 X5 Komissiyasının 17 yanvar 1998-ci il tarixli, 10/AK-1 nömrəli protokolu ilə təsdiq edilmiş 202 saylı aktla ona verilmiş əmlak payı üzərində mülkiyyət hüququnun qeydə alınması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yuxarıda qeyd edilən məhkəmə qərarı əsasında iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququ ilə qeydə alınmasını istədiyi tikililərin yerləşdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən tərəfindən üçüncü şəxs İddiaçı4 Əmrah oğlunun icarəsinə verilmiş 100 hektar torpaq sahəsinin daxilində yerləşir. Eyni zamanda ona və ailə üzvlərinə də Aqrar İslahat Komissiyasının Qərarı ilə əmlak payı ayrılmışdır. Bütün tikililər bir ərazidədir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 noyabr 2003-cü il tarixli, 285 saylı sərəncamı ilə 15 il müddətinə mübahisə predmeti olan tikililərin yerləşdiyi 100 hektar torpaq sahəsi İddiaçı4 Əmrah oğlunun icarəsinə ayrılmışdır. Torpaq sahəsinin sonuncuya icarəyə verilməsinə dair JN 4015 KOD 30800001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” tərtib edilmişdir. Daha sonra icarə müddəti bitdiyi üçün Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2018-ci il tarixli, 109 saylı sərəncamına əsasən 9 nömrəli “Quldar” qış otlağından İddiaçı4 Əmrah oğluna icarəyə verilmiş 100 hektar örüş otlaq sahəsi üzərində icarə hüququ 15 il müddətinə uzadılmaqla, onunla 24 aprel 2018-ci il tarixli, 49 nömrəli icarə müqaviləsi bağlanmışdır. Məhkəmə İddiaçı4 Əmrah oğluna torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş sənədlərin araşdırılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlamış, qeyd edilən sənədlər Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 17 noyabr 2022-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəməyə cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan tikililərin koordinatları 19 nömrəli “Qasıməli” yerləşmir, 9 nömrəli “Quldar” qış otlağında yerləşir; elektron baza məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan tikililərin koordinatları sənəd üzrə JN 4015 KOD 30800001 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə üst-üstə düşür. Hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı4 Əmrah oğlu məhkəmə iclasında izahatı zamanı bildirmişdir ki, onun icarəsində olan torpaq sahəsi üzərində yerləşən əmlak üzərində digər iddiaçılar ilə birlikdə birgə mülkiyyət hüquqlarının qeydiyyatına alınmasına etiraz etmir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 münasibətdə X5 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 saylı iclas protokolu ilə təsdiq edilmiş, Əmlakdan pay haqqının verilməsi barədə 200, 201 və 203 nömrəli aktlar əsasında iddiaçılara ayrılmış (əmlak payı) tikililər üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar