Məhkəmə qərarları › İş №2-1(118)-970/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-970/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-970/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qobustan rayon Qeydiyyat şöbəsinə qarşı “cavabdehin üzərinə doğum haqqında akt qeydində düzəliş edilərək Fayıq adının Faiq kimi yazılması öhdəliyinin qoyulması barədə tələbi”nə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qobustan rayon Qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə doğum akt qeydində Fayıq adının dəyişdirilərək Faiq kimi yazılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehin üzərinə doğum haqqında akt qeydində düzəliş edilərək Fayıq adının Faiq kimi yazılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 1955-ci ildə Qopbustan rayonunun Ərəbşalbaş kəndində anadan olmuşdur, 1971-ci ildə Ərəbşalbaş kənd orta məktəbinin 8-ci sinfini, 1974-cü ildə 6 nömrəli texniki peşə məktəbini bitirmişdir. 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1984-cü ildə Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1979-cu ildə evlənmiş və 3 uşağı olmuşdur. Sonradan ailə həyatında problemlər olmuşdur. 2000-ci ildə keçmiş SSRİ-nin şəxsiyyət vəsiqəsini itirmiş, sonradan yeni şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə ona şəxsiyyət vəsiqəsi verilməmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 1972-ci ildə təkrar doğum haqqında şəhadətnaməsində və ona verilmiş bütün sənədlərdə adı Faiq kimi getsə də doğum akt qeydində Fayıq kimi yazıldığından və onun şəxsiyyət vəsiqəsi olmadığından ona sənəd verməkdən imtina edilmişdir. O həmin sənədi başqa cür əldə edə bilməmişdir. Hal-hazırda pensiya yaşına çatmış, təqaüdə çıxmaq istəyir. Ona görə də Qobustan rayon Qeydiyyat şöbəsində adının dəyişdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletdə, İ-ЖГ 399780 saylı doğum haqqında şəhadətnamədə, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə təhsili Komitəsinin 868 saylı attestatında, iddiaçıya məxsus MB 010333 saylı diplomda, iddiaçının uşaqlarına məxsus AZ-İ 199453 saylı, AZ-İ 199995 saylı doğum haqqında şəhadətnamələrdə, iddiaçıya verilmiş AЗ-682374 saylı, 27 iyun 1971-ci il tarixli “Səkkizillik təhsil haqqında” şəhadətnamədə, 19142754 saylı, 21 may 1988-ci il tarixli partiya biletində 06579048 saylı 25 aprel 1975-ci il tarixli komsomol biletində iddiaçının adı Faiq kimi qeyd edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.05.2021-ci il tarixli məktubunda İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi, məhkumluğu və ya axtarışda olması barədə DİN-nin müvafiq uçotlarında məlumat olmadığı qeyd edilmişdir. -Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 10 iyun 2021-ci il tarixli 33/1936 saylı məktubunda İddiaçı Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı qeyd olunmuşdur. -Məhkəmənin sorğusu əsasında Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən məhkməyə daxil olmuş Azərbaycan SSR Daxili İşlər Nazirliyi vətəndaşlıq vəziyyəti aktları şöbəsinin 02 noyabr 1960-cı il tarixli, 632 saylı doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı adı akt qeydində “Fayıq” kimi qeyd edilmişdir. - İddiaçı ona məxsus doğum haqqında akt qeydində adının Faiq kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qobustan rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin orqanın iddiaçıya ünvanladığı 04.03.2021-ci il tarixli məktubla onun doğum haqqında akt qeydinə düzəliş edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə doğum haqqında şəhadətnaməsi arasında uyğunsuzluq mövcuddur (iddiaçının adı bir sənəddə “Fayıq”, digərində isə “Faiq” göstərilmişdir) və iddiaçı doğum akt qeydində adının “Faiq” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Qobustan rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (adın düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının adına münasibətdə qanunvericiliklə “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə müvafiq sorğular göndərmidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanlanmış məktubunda İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi, məhkumluğu və ya axtarışda olması barədə DİNnin müvafiq uçotlarında məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı adının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə adın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının doğum haqqında akt qeydində onun adına “Fayıq”dan “Faiq”ə düzəliş edilməsindən Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində adı “Fayıq” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - iddiaçıya məxsus НЗ ******* saylı hərbi biletdə, İ-ЖГ 399780 saylı doğum haqqında şəhadətnamədə, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə təhsili Komitəsinin 868 saylı attestatında, iddiaçıya məxsus MB 010333 saylı diplomda, iddiaçının uşaqlarına məxsus AZ-İ 199453 saylı, AZ-İ 199995 saylı doğum haqqında şəhadətnamələrdə, iddiaçıya verilmiş AЗ-682374 saylı, 27 iyun 1971-ci il tarixli “Səkkizillik təhsil haqqında” şəhadətnamədə onun adı Faiq kimi qeyd edilmişdir. Bir sənəddə adının “Fayıq”, digərlərində isə “Faiq” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Fayıq” adının “Faiq” kimi yazılması öhdəliyi cavabdeh Qobustan rayon Qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Fayıq” adının “Faiq” kimi yazılması öhdəliyi cavabdeh Qobustan rayon Qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar