Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-972/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X3 qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı regional ərazi filialının üzərinə müharibə veteranı vəsiqəsini aldığı vaxtdan, yəni 15.09.2021-ci ildən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı vəsiqəsini aldığı vaxtdan, yəni 15.09.2021-ci ildən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 20 dekabr 2021-ci il tarixli **********5 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etmişdir. O, müharibə veteranıdır. O, uzun müddət müharibə veteranı vəsiqəsinin verilməsi üçün aidiyyəti orqanlara müraciət etmişdir. Nəhayət ki, 15.09.2021-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. 15.09.2021-ci ildən ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin verilməsi müəyyən olunmuşdur. Hesab edir ki, həmin müavinət ona «Müharibə veteranı» vəsiqəsini aldığı vaxtdan əvvəlki 3 il üçün də verilməlidir. Ona görə də ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxs 1 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin onun xahişi təmin olunmamışdır. Bununla da cavabdeh tərəfindən faktiki olaraq hərəkətsizlik edilmişdir. Hesab edir ki, bu tamamilə qanunsuzdur. Belə ki, qanunvericilikdə onun müraciətinin təmin olunmasını qadağan edən müddəa yoxdur. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, döyüşçü yoldaşlarından bir neçəsi eyni qaydada əvvəlki dövr üçün müavinət verilməsi barədə müraciət etmiş və onların müraciəti müsbət həll olunmuşdur. Cavabdeh orqan qeyd olunan dövr üçün sosial müavinəti ödəməməklə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələblərini nəzərə almamışdır. İddiaçının müavinət almaq hüququnun yaranması anı onun müharibə veteranı vəsiqəsini aldığı vaxtdır, yəni 15.09.2021-ci il tarixdir. Halbuki, onun vəsiqə aldığı tarixin onun müavinət almaq hüququnun yaranması tarixi hesab olunması barədə qanunvericilikdə heç bir dəqiq göstəriş yoxdur. Qanunvericilik müəyyən edir ki, müavinət almaq hüququ vəsiqə təqdim etdikdə həyata keçirilir. Əgər müavinət almaq hüququnun yarandığı an vəsiqənin alındığı an olsaydı o zaman qanunvericilikdə əvvəlki dövrlər üzün müavinət anlayışı olmazdı. Eyni zamanda onun müharibə veteranı adını (vəsiqəsini) gec almağı heç bir halda onun əleyhinə yozula bilməz. Belə ki, əgər xidmətləri ona müharibə veteranı statusu vermək üçün yetərli idisə, bu zaman Müdafiə Nazirliyi onun müraciətini göndərmədən ona müvafiq status verməli idi. Müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyi heç bir halda onun əleyhinə yozula bilməz. Müavinət almaq hüququ olan şəxsin gec müraciət etməsi onu əvvəlki dövrlər üçün müavinət almaq hüququndan məhrum edə bilməz. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər müharibə veteranı hesab olunurlar. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 7.0.6. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək (9.1.5-ci maddəsi). Həmin Qanunun 14-cü maddəsinə əsasən bu Qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir. Qeyd olunan maddənin mətnindən göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir, ikinci halda-yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin maddənin sonrakı bəndlərində deyilir ki, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir, inzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində 15 sentyabr 2021 -ci il tarixli veteran vəsiqəsi aldığını, həmin tarixdən ona təqaüd təyin edildiyini lakin buna baxmayaraq əvvəlki 3 il üzrə Qanunla veteranlar üçün müəyyən edilmiş müavinətlərin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Qeyd edildiyi kimi, iddiaçıya veteran vəsiqəsi 2021-ci il sentyabr ayının 15-də verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazimdır. Beləki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Və “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinə nəzər salsaq görərik ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Abşeron-Xızı regional filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 15.09.2021 -ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019- cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, digər əsasla verilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu 01 aprel 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və Fond vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən haqlı olaraq təqaüd təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-972/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-972/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver