Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-974/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı3, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı9 nümayəndəsi X7, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "avtomobillərə texniki xidmət sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı7 "003383 qeydiyyat nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına" dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli, 003383 saylı şəhadətnaməyə əsasən ümumi sahəsi 780,4 kv.m. olan, Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsini İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X16, İddiaçı8, İddiaçı7 və İddiaçı6 Sədulla oğlu qüvvədə olan qanunvericilik əsasında satın almışdır. “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reysteri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən əmlakın satış qiyməti dövlət büdcəsinə altımış altı milyon doqquz milyon məbləğində pul köçürülməsi müqabilində ümumi sahəsi 780,4 kv.m olan 11-ci mikrorayonda yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsinə xx.xx.2005- ci il tarixdə Şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı3, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil, İddiaçı9 nümayəndəsi X14 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 242.2-ci maddəsinə əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Bu səbəbdən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq həmin torpaq sahəsinə dair müvafiq sənədlərin alınması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. İdarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0.0189 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 iştirak etmiş, izahatında icarə müqaviləsinin bağlanmasının zəruriliyini qeyd edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli 003383 saylı şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X12, İddiaçı8, İddiaçı7 və İddiaçı6 Sədulla oğluna satılmışdır. 06 may 2018-ci il tarixli əmlakın naturada bölgü sazişinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 23 sentyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə”nin və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, əmlak kompleksinə xx.xx.2005 ci il tarixli tərtib olunmuş texniki pasportda olan 780.4 kv.m bir mərtəbəli tikililərdən əlavə yeni ümumi sahəsi 228.5kv.m yeni tikili inşa olunmuşdur. xx.xx.2005-ci il tarixli texniki pasportdan olan 0.29489 ha torpaq sahəsindən əlavə 0.0189 ha arıq torpaq sahəsi vardır.Tikililərdən avtomobillərə texniki xidmət kimi istifadə olunur.Torpaq sahəsi və tikililər yerüstü kommunikasiya xəttinin mühafizə zolağında yerləşmir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 04 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli, 003383 nömrəli “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında Şəhadətnamə”də adları qeyd edilən fiziki şəxslərlə Xidmət arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin 14 iyul 2025-ci il tarixli 2105 saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsəsidir (arvadı) və miras qalmış əmlakdan irs almalıdır. Bundan əlavə miras qoyanın digər vərəsəsi: oğlu-X11r. Miras qalmış əmlak Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsinin X13 düşən hissəsindən ibarətdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 03 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda inşa edilmiş 2 saylı avtomobillərə texniki xidmət sahəsinin yerləşdiyi faktiki torpaq sahəsi dövlət mülkiyyətindədir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı7 "003383 qeydiyyat nömrəli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 242.2-ci maddəsinə əsasən istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Bu səbəbdən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq həmin torpaq sahəsinə dair müvafiq sənədlərin alınması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. İdarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0.0189 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2005-ci il tarixli 003383 saylı şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşın 2 saylı Avtomobillərə texniki xidmət sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, X12, İddiaçı8, İddiaçı7 və İddiaçı6 Sədulla oğluna satılmışdır. 06 may 2018-ci il tarixli əmlakın naturada bölgü sazişinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin 23 sentyabr 2024-cü il tarixli məktubu ilə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə”nin və onun verilməsinə əsas olmuş sənədlərin arxiv surəti, o cümlədən xx.xx.2005-ci il tarixli, 1169 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi, 01 saylı Hərrac protokolu, müəssisənin (obyektin) əsas vəsaitlərinin qiymətinin hesabatı, müəssisə və obyektin texniki 007946 saylı texniki pasportu məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıların Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşın 2 saylı avtomobil xidməti sahəsinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, 9 nəfərdən ibarət əmək kollektivi tərəfindən özəlləşdirilmiş 2 saylı avtomobillərə texniki qulluq sahəsinin mülkiyyətçiləri arasında pay bölgüsünə əsasən hər bir mülkiyyətçinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport təqdim edildikdən sonra bu tikililər yerləşən torpaq sahələrinin özəlləşdirilməsi məsələsinə baxılacağı qeyd edilmişdir. İdarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0.0189 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələb ümumi sahəsi 780.4 kv. metr sahəsi olan avtomobillərə texniki xidmət sahəsi ilə bağlı olduğundan qeyd edilən hissədə də mübahisə halı qalmır. Göründüyü kimi daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün hüquqi əsas mövcuddur. İddiaçıların malik olduğu hüquqmüəyyənedici sənəd qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş və mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə görə:
2. Xidmətin fəaliyyət istiqamətləri 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.8. Nazirliklə razılaşdırmaqla, Azərbaycan Respublikasının adından əmlakın alınmasını və dövlət əmlakının satılmasını təşkil etmək; 3.0.17. dövlət əmlakının, o cümlədən dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda digər əmlakın hərraclarda satışını təşkil etmək; Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2005-ci il tarixli, 6 saylı reyestr kitabında 003383 nömrə ilə qeydiyyata alınmış “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında yerləşən 2 saylı Avtomobillərə texniki xidmət sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova