Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-975/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Abşeron Rayon Dövlət Arxivinin 21 sentyabr 2023-cü il tarixli, F1242 nömrəli arxiv çıxarışından görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 nömrəli sərəncamı ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı əsasında Saray qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsinin 3-cü küçəsindəki 7 nömrəli sahəsində X2 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır.
2. Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda (miqyas 1:10.000) ayrılmış 0,10 ha torpaq sahəsinin koordinatları göstərilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 28 noyabr 2023-cü il tarixli, 3-21-3-32/2-14349/2023 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 2055 inventar nömrəli, 32430 qeyd nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yaşayışa yararsız olduğu aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş sənədlərdə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 2055 inventar nömrəli, 32430 qeyd nömrəli texniki pasportda torpaq sahəsinin ölçüsü 0,099 ha göstərildiyi halda, Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda 0,10 ha kimi qeyd edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş sənədlərdə hüquq sahibinin soyadına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 2055 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda “X6” göstərildiyi halda 20 may 2005-ci il tarixi müqavilədə “İddiaçı” kimi qeyd edildiyi müəyyən edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus sənəd üzrə **********76-10301 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
4. Abşeron rayonu Saray bələdiyyəsinin 6 dekabr 2023-cü il tarixli, 418 nömrəli məktubundan görünür ki, İddiaçı Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 20 may 2005-ci il tarixli, 4ə-5-565 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən (Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 oktyabr 1996cı il tarixli, 71 saylı sərəncamı ilə) fərdi ev tikintisi üçün ayrılmış vətəndaş X1 aldığı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 30 aprel 2024-cü ilə tarixli, 32/332/2-5420/24 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin 25 aprel 2024-cü il tarixii, ********** nömrəli məktubuna əsasən qoşma kimi əlavə edilmiş Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi Elektron kadastr məlumat bazasında (DWG) olan məlumatlara əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı tikinti altında olan torpaq sahəsidir. 2016-cı ildə Abşeron rayonu Saray bələdiyyəsi ərazisində çöl torpaq tədqiqatı işləri aparılmış, lakin qeyd edilən 0,10 ha torpaq sahəsi tikinti altında olduğu üçün torpaq tədqiqatı işləri aparılması mümkün olmamışdır. Bu səbəbdən də TEKUİS-də keyfiyyət göstəricisi (bonitet balı) barədə məlumat qeyd olunmamışdır.
6. Abşeron Rayon Dövlət Arxivinin 2 may 2024-cü il tarixli, T-296 nömrəli arxiv çıxarışından görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 nömrəli sərəncamı ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyətinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsinin 3-cü küçəsindəki 7 nömrəli sahəsində X2 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır. Qoşma şəklində Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamının surəti göndərilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 iyun 2024-cü il tarixli, 3-21-3-32/2-7875/24 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin TEKUİS (Torpaqların elektron kadastr uçot informasiya sistemi) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və sözügedən torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X4 4 aprel 2017-ci il tarixli, **********76-10301 reyestr nömrəli, mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 14 noyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,099 ha, faktiki 0,1 ha olduğu müəyyən edilmişdir; - torpaq sahəsinin koordinatları; - torpaq sahəsinin ortofoto görüntüsü.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 30 avqust 2024-cü il tarixli, 3-21-3-32/2-12166/2024 nömrəli məktubu ilə torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair bütün çıxarışların və onların verilməsinə əsas olan sənədlərin surəti qoşma şəklində göndərilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 32/332/2-13705/24 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 4 aprel 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********76-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və yaşayış məntəqələrinə aid 0,09 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. - **********76-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair X4 adına tərtib edilmiş 27 mart 2017-ci il tarixli, 2160 inventar nömrəli texniki pasport. - JN 1019A KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə 0,09 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 30 iyun 2025-ci il tarixli, 3-21-3-32/2-10506/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən X4 mülkiyyətində olan 4 aprel 2017-ci il taixli, **********76-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müayinə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə texniki pasporta uyğun gəlir. Həmçinin sözügedən torpaq sahəsi idarənin elektron kadastr xəritəsində texniki səhv olaraq işlənmişdir. Müqayisəli ortofoto baza xəritəsindən çıxarış qoşma şəklində göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
11. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 saylı sərəncamına əsasən iddiaçıya Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı ıl tarixli, 71 saylı sərəncamına əsasən iddiaçıya Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci it tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə üzrə icra nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan da o, faktiki olaraq həmin torpaq sahəsinə sahibliyə başlamışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İmtina məktubunda sadalanan səbəblərin heç biri iddiaçının göstərilən torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas sayıla bilməz.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, prosessual hüquqi əsası kimi isə İPM-in 34.1-ci maddəsinə istinad olunmuşdur.
14. Məhkəmənin 4 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3546/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə X4 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
15. Məhkəmənin 12 iyul 2025-ci il tarixli, 2-1(118)-975/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə iddiaçı X3 əsl İddiaçı (bundan sonra – “iddiaçı”) ilə əvəz edilmişdir.
16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, **********76-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron kadastr xəritəsində yanlış işlənilməsi ilə əlaqədar texniki səhvin aradan qaldırılması və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 saylı sərəncamı ilə ayrılmış 0,1 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 25 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
19. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, 2055 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda “X6” göstərildiyi halda, 20 may 2005-ci il tarixli müqavilədə “İddiaçı” kimi qeyd edildiyi, 2055 inventar nömrəli, 32430 qeydiyyat nömrəli texniki pasportda torpaq sahəsinin ölçüsü 0,099 ha göstərilsə də, Abşeron rayonu Saray bələdiyyəsinin yerqurulusu planından çıxarışda 0,10 ha qeyd edildiyi, müraciət üzrə əlavə edilmiş 2055 inventar nömrəli, 32430 qeydiyyat nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin yaşayışa yararsız olduğu, bundan başqa sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus sənəd üzrə **********76-10301 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
21. Etirazın maddi hüquqi əsası kimi Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 9, 11.1, 13.7, 15, 23-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
22. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək, ona məxsus torpaq sahəsinə dair 2017-ci ildə çıxarışın aldığını, sənədlərinin qanunamüvafiq qaydada tərtib olunduğunu, iddiaçıya məxsus torpaq sahəsinin onun mülkiyyətində olan sahə ilə aralı məsafədə yerləşdiyini bildirmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında təmsil edilməmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
29. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
30. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
35. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
40. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
41. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
42. İddia tələbinin əsası ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya müvafiq alqı-satqı müqaviləsi əsasında satılmış, satıcıya həmin sahə Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 nömrəli sərəncamı ilə ayrılmış, qərar hazıradək qüvvədədir. Müvafiq nöqsanların mövcud olduğu iddiaçının təqsiri olmadığından cavabdeh tərəfindən əsassız olaraq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair müraciətin icra edilməsindən imtina edilmişdir.
43. Cavabdehin etirazın dəlilləri isə aşağıdakılardan ibarətdir: - 2055 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda iddiaçının adı “X6” göstərildiyi halda, 20 may 2005-ci il tarixli müqavilədə “İddiaçı” kimi qeyd edilmişdir; - 2055 inventar nömrəli, 32430 qeydiyyat nömrəli texniki pasportda torpaq sahəsinin ölçüsü 0,099 ha göstərilsə də, Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda 0,10 ha qeyd edilmişdir; - 2055 inventar nömrəli, 32430 qeydiyyat nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi yaşayışa yararsızdır; - fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus sənəd üzrə **********76-10301 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
44. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı əsasında X2 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikintisinə icazə verilməsi qərara alınmış, Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmiş, iş üzrə münasibət bildirilərək, iddiaçının Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 20 may 2005-ci il tarixli, 4ə- 5-565 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi ev tikintisi üçün ayrılmış, X1 aldığı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin verilməsinə etiraz etməmişdir.
45. Qeyd edilən sənədlərin həqiqiliyi Abşeron Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş və məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlər ilə öz təsdiqini tapmışdır.
46. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən, həmçinin mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşir, təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Eyni zamanda, müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,099 ha, faktiki 0,1 ha olduğu müəyyən edilmişdir.
47. Torpaq sahəsinin ölçüsü ilə əlaqədar olan etiraz dəlili ilə bağlı məhkəmə bildirir ki, torpaq sahəsinin ayrılmasına dair ilkin sərəncama əsasən ölçüsü 0,10 ha, eyni zamanda faktiki də 0,10 ha olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sahənin ölçüsü onun ayrılmasına dair əsas hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,10 ha olduğu üçün, texniki pasportda 0,099 ha olaraq göstərilməsi imtina üçün əsas deyildir.
48. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin yaşayışa yararsız olduğuna dair etiraz dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi fərdi yaşayış evi deyil, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədardır. Bundan əlavə, qeyd edilən ad səhvliyini məhkəmə digər hüquq müəyyənedici sənədlərə əsaslanaraq, texniki səhv olaraq qəbul edir.
49. Torpaq sahəsinin üçüncü şəxsə məxsus ərazi ilə üst-üstə düşməsinə dair etiraz dəlili münasibətdə məhkəmə bildirir ki, cavabdeh orqan tərəfindən bununla bağlı araşdırma aparılmış, nəticədə müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus torpaq sahəsi texniki pasportda göstərilən məlumatlar ilə uyğundur, lakin idarənin elektron kadastr xəritəsində texniki səhv olaraq işlənmişdir. Belə ki, təqdim edilən ortofoto görüntüsündən üçüncü şəxsə məxsus torpaq sahəsinin iddiaçıya satılmış mübahisələndirilən ərazi ilə aralı məsafədə (fərqli küçələrdə) yerləşdiyi aydın görünür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yaranmış vəziyyət iddiaçının hüquqların məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz.
50. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
51. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
52. Göstərilənlərdən əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır. 39.Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
54. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-10), qanunvericiliyin normalarını (§33-39), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. **********76-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron kadastr xəritəsində yanlış işlənilməsi ilə əlaqədar texniki səhvin aradan qaldırılması və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 10 oktyabr 1996-cı il tarixli, 71 saylı sərəncamı ilə ayrılmış 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova