Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-976/2023 26.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Zəngilan rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində yalnız Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin saxlanılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cu ildə ailəsi ilə birlikdə Zəngilan rayonundan 1-ci Qarabağ müharibəsi ilə ələqadər məcburi köçkün düşmüşdür. Həmin tarixdən bu günədək də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 4 mənzil 15 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Orta məktəbi də Zəngilan rayonunda bitirmiş, Zəngilan rayon hərbi komissarlığından da hərbi xidmətə yollanmışdır. Hazırda da Zəngilan rayon hərbi komissarlığında qeydiyyatdadır. 2022-ci ildə məcburi köçkün kimi məskunlaşdığı evdən çıxarılması ilə bağlı Abşeron rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Ona görə də məcburi köçkün kimi ev növbəsinə durmağı, evlə təmin olunması üçün Zəngilan rayon İcra Hakimiyyətinə və Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin hər iki qurum ona məcburi köçkün kimi siyahıda olmadığı və bu barədə arxiv sənədlərinin mövcud olmadığını əsas gətirmişlər. Bütün ailə üzvlərinin, yaxın qohumların hamısı məcburi köçkündür və müvafiq vəsiqə ilə təmin olunmuşlar. Yalnız onun məcburi köçkün vəsiqəsi yoxdur.Məcburi köçkün statusunun təsdiqlənməsi barədə vəsiqə verilməsi üçün cavabdehə müraciət etsə də, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi 20,09.2022-ci il tarixli 01/5147 nömrəli imtina məktubu vermişdir. Zəngilan rayon İcra Hakimiyyəti başçsının Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə onun təsərrüfatbaşına kitablarda qeydiyyatının olmadığını əsas gətirmişdir. İddiaçı iddia tələbini müdafiə edərək iddia əriəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/5147 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, məcburi köçkün olduğunu təsdiq edən sənədlərin əsilləri ilə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğun Komitənin rayon nümayəndəliyinə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş : - Zəngilan rayon İHB Zəngilan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının 1991-1995-ci illər Qıraq Müşlan kənd təssərrüfatbaşına kitablarında qeydiyyatı olmaıdığına görə məcburi köçkün hesab olunmur. -Zəngilan rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayon İHB-nin Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 29 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1991-1995-ci illərdə Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitablarında qeydiyyatda olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-25365- 1222 nömrəli və Zəngilan rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 202-3878/222 nömrəli məktublarından görünür ki, o, xx.xx.2001-ci il tarixdə rayonun Qıraq Müşlan kəndində pasport qeydiyyatına almınısınız. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin xx.xx.2022-ci il tarixli, 784 nömrəli məktubunda isə qeyd edilir ki, Zəngilan rayon hərbi komissarlığının hərbi uçot sənədləri işğal zonasında qaldığı üçün onun hərbi qeydiyyatı ilə bağlı məlumat verilməsi mümkün olmamışdır.Nəticədə 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonundan məcburi köçkün düşməsini təsdiqləyən sənədləri olmadığına görə ona məcburi köçkün vəsiqəsi alması üçün RİH tərəfindən arayışın verilməsi mümkün deyildir. -Məhkəmənin sorğusuna əsasən Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx xxxxx 1968-ci il təvəllüdlü İddiaçı, övladları-X8, X7 məcburi köçkün ststusuna malik olmadıqları üçün yemək xərci müavinəti almamışlar.X4 isə vahid aylıq müavinəti 2018-ci ilin iyul ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə komuııal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilmə”si Qaydasının 2.1 bəndinə əsasən dayandırılmışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Abşeron–Xızı rayonlararası bölməsi tərəfindən verilmiş 18 avqust tarixli cavab məktubundan görünür ki, 1968-ci il təvəllüdlü Zəngilan rayonu Qıraq Müşlan kəndində daimi pasport qeydiyyatında olan İddiaçı və onun övladları xx.xx.1993-cü il təvəllüdlü X8, xx.xx.2001-ci il təvəllüdlü X1 Abşeron Rayon Bölməsində məcburi köçkünlərin 1993-cü ildən qeydə alınmış siyahılarında Zəngilan rayon sakini kimi qeydiyyatda olmuş və bu səbəblərdən də müxtəlif İllərdə arayışları təsdiqlənmişdir. Qeyd edilmişdir ki, vətəndaşın bölməyə müraciəti zamanı Azərbaycan Respublikasının məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4.1.4 bəndinə əsasən məcburi köçkün olub-olmamasına dair Zəngilan rayon İcra Hakimmiyətinin arayışı əsasında vətəndaşın statusu olmadığı müəyyənləşdirilmiş və Abşeron-Xızı Rayonları Bölməsində siyahılardan çıxarılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 2.4.1-ci bəndinə əsasən rayonun işğalı zamanı yaşı 18-dən yuxarı olan kişilər məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə almaq ərizə ilə birlikdə aşağıldakı sənədləri təqdim etməlidir: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Beləliklə, qüvvədə olan Qaydaların şərtlərinə əsasən iddiaçının məcburi köçkün statusu alması üçün tələb olunan sənədlırin siyahıdı konkret göstərilmişdir. İddiaçı həmin sənədlərdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin və işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayışı təqdim etməmişdir. Belə ki, iddiaçı hərbi biletini itirdiyini bildirərək onun əvəzində Zəngilan rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixədək qüvvədə olan arayışı təqdim etmişdir ki, həmin arayışın özündən də göründüyü kimi xx.xx.1993-cü il tarixədək etibarlı olmuşdur. Zəngilan rayon Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə iddiaçının 1991-1995-ci illərdə Qıraq Müşlan kəndi üzrə təsərrüfatbaşına kitablarda qeydiyyatının olmadığını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Zəngilan rayonu Qıraq Müşlan kəndində xx.xx.2001-ci ildən qeydiyyatdadır. Beləliklə, iddiaçıya məcburi köçkün statusunun verilməsi üçün qanuni əsas yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-976/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-976/2023
26.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver