Məhkəmə qərarları › İş №2-1(118)-9770/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-9770/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-9770/2025 18.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 3 ünvanına dair yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir.

6. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

8. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

9. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

10. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

11. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

12. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

13. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

16. İddiaçının hazırkı iddia tələbi cavabdehlərin iddiaçıya məxsus ünvana dair yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsindən ibarətdir. Lakin tələb üzrə cavabdeh kimi fiziki şəxslər qoyulmuşdur.

17. İPM-in 46-cı maddəsində iddia ərizəsinin məzmunu ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: Maddə 46. İddia ərizəsinin məzmunu 46.1. İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; 46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; 46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; 46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.

18. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qüvvəyə minmiş qərarı və icra vərəqəsinə əsasən qeydiyyatdan çıxarıla bilər.

19. Qeyd edilən akta əsasən müəyyən edilir ki, vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması səlahiyyəti Daxili İşlər Nazirliyinin müvafiq polis idarələri və şöbələrinə məxsusdur.

20. Göstərilən nöqsanın aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göndərilərək, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin zərurəti olduğu bildirilmiş, həmçinin hazırkı iddia tələbi ilə bağlı polis qurumlarına müraciətin olubolmamasına dair məlumatın, mövcud olduğu təqdirdə müvafiq ərizənin və imtina məktubunun təqdim edilməsi xahiş edilmişdir.

21. Buna baxmayaraq, məktub iddiaçı tərəfindən cavablandırılmamış, həmçinin hüquqi yardımın göstərilməsi məqsədilə məhkəmənin təyin edilmiş mümkünlük iclasında iddiaçı tərəfin iştirakı təmin edilməmişdir.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mümkün hesab edilməməlidir.

23. Eyni zamanda, İPM-13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, ilk öncə daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə polis qurumuna “Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbi ilə əlaqədar müraciət edilməlidir. Həmin qurum tərəfindən müraciətin icrasından imtina edildiyi təqdirdə qeyd edilən imtina məktubunu, iddia ərizəsinə əlavə etməklə, həmçinin İPM-in 46cı maddəsinə əsasən (§17) mövcud olan digər sübutlarla birlikdə cavabdeh qismində həmin polis orqanı qoyulmaqla məhkəməyə yenidən müraciət edə bilər.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar