Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-978/2022 13.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Xırdalan şəhərində yaşayış məntəqələri hüdudları daxilində yerləşən 0.03631 ha və 0.0538 ha torpaq sahəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli fərdi yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Xırdalan şəhərində yaşayış məntəqələri hüdudları daxilində yerləşən torpaq sahəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli fərdi yaşayış binası üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonun Xırdalan şəhərində yaşayış məntəqələrinin torpaqlarından 0.0538 ha sahə iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin şəhərində yaşayış məntəqələri hüdudları daxilində cəmi 0.10 ha hissəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli, mansartlı yaşayış binasının layihələndirilməsinə Abşeron rayon icra Hakimiyyəti Başçısına müraciət edilmiş və tikintinin layihə sənədləri əlavə edilmiş, Abşeron RİHB- nın 19.11.2019-cu il tarixli razılıq məktubu ilə icazə verilmişdir.Tikinti layihəyə müvafiq olaraq inşa edilmiş, tikinti norma və qaydalarına tam riayət edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05 mart 2020-ci il tarixli 016 saylı qərarı ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Bundan sonra mülkiyyət hüquqlarının qeydə alınması üçün aidiyyatı orqan cavabdeh AR DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Cavabdeh 21.12.2021-ci il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina etmişdir. Cavab mıəktubunda göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X3 məxsus çoxmərtəbəli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərin hazırki ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. İddiaçı cavabdehin bu cavabını qanunsuz və əsassız hesab edir. Abşeron rayon İHB-nin tikintiyə razılıq məktubu, memarlıq Şöbəsinin Baş Memarı ilə 1-ci mərtəbəsi qeyriyaşayış olmaqla, 6 mərtəbəli yaşayış binasının tikinti layihəsini, tikintinin istismara qəbulu və başqa sənədləri təqdim etmişdirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasın Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin ‘'Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir’' müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçının nümayəndəsi hazırlıq icraatı ilə balı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X3 məxsus çoxmərtəbəli yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X3 məxsus çoxmərtəbəli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli Qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Abşeron rayonu Xırdalan şəhərində yaşayış məntəqələri hüdudları daxilində yerləşən mülkiyyətində olan torpaq sahəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli fərdi yaşayış binası üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X3 məxsus çoxmərtəbəli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.11.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış məntəqələri torpaqlarında yerləşən 0.0538 hektar torpaq sahəsi və Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13.11.2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yaşayış məntəqələri torpaqlarında yerləşən 0.03631 hektar torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyata alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 19.11.2019-cu il tarixli, 1390-T saylı icazə məktubu ilə çoxmərtəbəli yaşayış binasının lahiyələndirilməsinə icazə verilmişdir. Həmçinin, birinci mərtəbəsi qeyri yaşayış sahəsi olan 6 mərtəbəli, mansardlı yaşayış binasının eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və Abşeron rayon İcra Hakimiyyətinin 05 mart 2020-ci il tarixli, 016 saylı tikinti obyektinin istismarına icazə sənədi ilə yaşayış binasının istismarına icazə verilmişdir. Göründüyü kimi iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlakı səlahiyyətli inzibati orqanın təsdiq etdiyi lahiyyə əsasında tikmiş və inzibati orqan tikintinin istismara verilməsini təsdiq etmişdir. Ona görədə məhkəmə cavabdeh inzibati orqanın tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi ilə bağlı dəlilini hazırkı iddianın təmin edilməsini istisna edən əsas hesab etmir. Tikinti obyektinin istismarına icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi iddiaçının məsuliyyəti dairəsində hesab edilə bilməz. İddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş lahiyyə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının torpaq sahələri üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış, iddiaçı səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş lahiyyə əsasında tikinti həyata keçirmiş və səlahiyyətli orqan tərəfindən tikintinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyə əsasən tələb olunan zəruri sənədləri təqdim etdiyi halda əsassız olaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Abşeron rayonu Xırdalan şəhərində yaşayış məntəqələri hüdudları daxilində yerləşən 0.03631 ha və 0.0538 ha torpaq sahəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli fərdi yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Xırdalan şəhərində yaşayış məntəqələri hüdudları daxilində yerləşən 0.03631 ha və 0.0538 ha torpaq sahəsində 1-ci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla 6 mərtəbəli fərdi yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-978/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-978/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver