Məhkəmə qərarları › İş №2-1(118)-981/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-981/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-981/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nnümayəndəsi X1 (Xırdalan şəhər Vəkil bürosunda vəkil işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Allahverdiyev küçəsi, döngə 3, ev 4-də yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(112)-975/2020 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və izah etdi iki, İddiaçı N91 - N92-ci illərdə Minsk və Moskva şəhərlərində həqiqi hərbi xidmətdə olmuşdur. Dəvəçi rayon Hərbi Komissarlığının N nömrəli xx.xx.N92-ci il tarixli əmri ilə müddətdən artıq hərbi xidmətə könüllü getmiş və Binəqədi rayonunda yerləşən N saylı hərbi hissədə könüllü xidmətə başlamışdır. Həmin ilin payız aylarında Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Orada N92-N94-cü illər arasında hərbi əməliyyatlarda iştirak etmiş və xx.xx.N94-cü il tarixində iki güllə yarası almışdır. Birinci dəfə Füzulidə hərbi hospitalda, ikinci dəfə isə Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında əməliyyat olunmuşdur. xx.xx.N94-cü il tarixində Respublika Xəstəxanasında xəstə sayı çox olduğundan yarımçıq olaraq xəstəxanadan ayrılaraq müalicəyə evdə davam etmişdir. Həmin xəstəxanadan verilmiş 4399 saylı çıxarışda Horadiz istiqamətində gedən döyüşlərdə xx xxxxx N94-cü il tarixində güllə yarası aldığı, həmin gün bir dəfə əməliyyat olunduğu, sonra yenidən əməliyyat edildiyi, xx.xx.N94-cü ildən xx.xx.N94cü il tarixədək həmin müəssisədə müalicə aldığı və iş yerinin N saylı hərbi hissə olduğu göstərilmişdir. Hıəmin arayışlar və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin xx xxxxxx 2018-ci il tarixli 171 saylı arayışı ona müharibə veteranı adının verilməsi üçün əsasdır. Lakin Müdafiə Nazirliyi qanunun tələblərini pozaraq iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmayaraq xx.xx.20N-cu il tarixli 1/Ə-15615 nömrəli məktubu ilə ona müharibə veteran statusunun və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Təhmiraz Həsənov iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.N73-cü ildə anadan olmuş, 18 yaşı olduğundan müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Sovet Ordusunda qanunla müəyyən edilmiş 2 illik xidmətini başa çatdırmadığından, özünün qeyd etdiyi kimi xx.xx.N92-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə göndərilmişdir. O,müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Arxiv məlumatlarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmişdir. Həmin hərbi hissə Bakı şəhərində yerləşmiş, bilavasitə döyüş əməliyyatları aparmamışdır. İddiaçının sonrakı xidməti barədə hər hansı məlumat, o cümlədən onun N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi, həmin hərbi hissədə xidməti, döyüşlərdə iştirak etməsi, yaralanması aşkar edilməmişdir. İşdə olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən İddiaçı N nömrəli hərbi hissədə Füzuli rayonunun Horadiz ərazisində xx.xx.N94-cü ildə qəlpə yaraları almış, həmin gün hərbi hospitalda əməliyyat olunmuş, xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixə kimi Respublika Klinik Xəstəxanasında müalicə almış, sonuncu tarixdə kafi vəziyyətdə evə yazılmış, “Salyan kazarmasındakı” hərbi poliklinikaya müraciət etməsi tövsiyə olunmuşdur. Müdafiə Nazirliyi yalnız onun tabeliyində olub döyüş əməliyyatları aparan hərbi hissələrin və orqanların tərkibində xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adı vermək öhdəliyi daşıyır. Həm də bu öhdəlik o şəxslərə münasibətdə yaranmışdır ki, həmin şəxslər ya hal hazırda xidmət keçsinlər və yaxud hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılsınlar. İddiaçı müddətli həqiqi hərbi xidmətçi olmuş, lakin hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmamışdır. Hərbi hissə komandirinin onun ehtiyata və ya istefaya buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə əmri olmamışdır. İş materiallarında olan : - SX № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N92-ci il tarixdə N saylı hərbi hissənin siyahısına daxil olmuşdur. -Müdafiə Nazirliyinin Mərkəzi X5 tərəfindən verilən xx.xx.2017-ci il tarixli 9/2-13401 №-li arxiv arayışından görünür ki, İddiaçı N N-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatl kitablarında və komandirin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissəyə qəbul edilməsi və aprel N94-cü il tarixdə sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən xx.xx.20N-cu il tarixli 1/Ə-15615 №-li məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2017-ci il tarixli, xx.xx.2018ci il tarixli arayışlara əsasən iddiaçının N nömrəli hərbi hissənin siyahısına daxil olmağı, xidmət etməyi və yaralanmağı barədə məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -SHXÇDX-nin Siyəzən rayon bölməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 171 nömrəli arayışdan görünür ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən İddiaçı həqiqətən xx.xx.N92-ci il tarixdə N saylı hərbi hissəyə qəbul edilmiş, sonrakı hərbi xidməti barədə məlumat yoxdur. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən N nömrəli hərbi hissədə Füzuli rayonu Horadiz şəhəri ərazisində xx xxxxx N94-cü il tarixdə döyüş zamanı yaralanmış, xx.xx.N94-cü ildən xx.xx.N94-cü il tarixə qədər həmin xəstəxanada müalicə olunmuşdur. İddiaçı Bakı Hərbi Prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli məktubuna əsasən hərbi qeydiyyata götürülmüşdür. - AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.20N-cu il tarixli Ə-56648 nömrəli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən N91-ci il oktyabrın 9-dan N94-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx N98-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada dacil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar