Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-981/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray qəsəbəsində 0,0359 ha torpaq sahəsindən ibarət və 10.03.2015-ci il tarixli Seriya RX RX0598543 nömrəli çıxarış əsasında ona məxsus olan torpaq sahəsinin reyestr nömrəsi **********29 olan plan və ölçüsündəki uyğunsuzluğun aradan qaldırılması və həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 fevral 2015-ci ildə Abşeron rayonu Saray qəsəbəsində 0,0359 ha torpaq sahəsi almış və 10.03.2015-ci il tarixdə alqısatqı müqaviləsi əsasında həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla onun adına Seriya RX0598543 nömrəli çıxarış verilmişdir. O Abşeron rayonu Saray qəsəbəsində aldığı torpaq sahəsinin dəqiq yerinin müəyyən olunması və torpaq sahəsindən istifadə ilə bağlı yaranmış mübahisələrə son qoyulması barədə ərizə ilə cavabdeh DƏDRX-i 4 saylı ərazi İdarəsinə müraciət etmiş, ona ünvanlanan 03.05.2018-ci il tarixli cavab məktubunda cavabdeh təşkilat mülkiyyətində olan 0,0359 ha torpaq sahəsinin plan ölçüsündəki koordinatların GPS mövqe təyinetmə cihazı ilə ölçüldüyünü və döngə nöqtələri təyin olunarkən sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 400 metr fərq olduğunu və bu səbəbdən də həmin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirmişdir. Bu səbəbdən də plan ölçünün faktiki torpaq sahəsi ilə uyğunlaşdırılmasını mümkün olmadığı bildirilmişdir. Qeyd edilən torpaq sahəsinə dair plan ölçü əvvəldən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş və həmin plan ölçünün düzgün qeyd edilməməsi, sənəddə olan ölçü ilə faktiki ölçü arasında uyğunsuzluğun yaranması onun günahı üzündən baş verməmişdir. Ona görə də cavabdeh təşkilat tərəfindən verilmiş reyestr nömrəsi **********29 olan plan ölçüdəki uyğunsuzluğun aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Belə ki, bu uyğunsuzluq ona mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməyinə imkan vermir. O cavabdehin qanunsuz hərəkəti ilə bağlı 2018-ci ildə məhkəməyə müraciət etmiş, həmin vaxt qarşı tərəf onunla şifahi barışığa gələrək məhkəmədənkənar mübahisəni həll edəcəyini bildirmiş, hətta ona həmin torpaq sahəsinin yerini göstərmiş, bu səbəbdən həmin mübahisəyə baxılmamış, qərardad çıxarılmış, lakin son nəticədə yenə də həmin sahənin sənədindəki uyğunsuzluq aradan qaldırılmamışdır və başqa bir şəxs hazırda orada ev tikir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirilmişdir ki, Abşeron rayonu, Sarav qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 10.03.2015-ci il tarixli **********29 reyestr nömrəli 0,0359 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunduğu zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 400 m fərq mövcuddur və başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdın İmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıbsatılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1 -ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkədən xahiş edilir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, **********91 saylı, 05 may 2021-ci il nömrəli etirazı, DƏDRX tərəfindən verilmiş 10.03.2015-ci il tarixli **********29 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin 28.07.2021-ci il tarixli **********34 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İş materiallarından görünür ki, X1 0.0359 ha torpaq sahəsini tam şəkildə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0359 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10.03.2015-ci il tarixdə **********29 reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Lakin cavabdeh inzibati orqan həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahəsləri ilə üst-üstə düşdüyünü əsas gətirərək müraciətin həll olunmasından imtina etmişdir. Qeyd olunan halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsinin faktiki yerləşdiyi yerin koordinatlarının müəyyən edilməsi məqsədi ilə cavabdeh təşkilata 02.06.2021-ci ildə məktub göndərilmiş və həmin torpaq sahəsinə müvafiq mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra İddiaçı **********29 reyestr nömrəsi ilə mülkiyyətində olan 0.0359 ha torpaq sahəsinin 0.005 ha hissəsinə yol salınmış, yerdə qalan hissəsi isə başqa şəxslər tərəfindən mişar daşla hasarlanmış və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, torpaq sahəsinin yeri 400 m dəyişdirilməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi dövlət reyestrində saxlanan məlumatlara əsasən müvafiq olaraq digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşür. Bu cür qeydiyyat mövcud olduğu halda isə, cavabdeh inzibati orqanın iddiaçının faktiki istifadəsinə uyğun koordinatları müəyyən edən sənəd verməsi mümkün deyil. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Beləliklə, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İddiaçı torpaq sahəsinin koordinatlarının yerində dəqiq müəyyən edilməklə düzgün plan və ölçü sənədinin verilməsini istəyir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mülkiyyətə dair hüquqları dövlət qeydiyyatına alması inzibati akt deyil, həmin orqan mövcud, qazanılmış hüquqların dövlət qeydiyyatını aparmaqla hüquqi akt qəbul edir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş bir hüquqdur və ona mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. İddiaçının faktiki istifadə vəziyyətinə uyğun müvafiq dəyişiklik edilməsini cavabdehdən tələbi isə digər şəxslərlə olan mübahisənin vəziyyətindən asılı ola bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilən faktiki vəziyyət mövcud olduğu halda inzibati orqanın plan ölçü sənədində dəyişiklik etmək səlahiyyəti mövcud deyil. Torpaq sahələrinin mövcud mülkiyyət sənədlərində qeyd edilən koortinatlardan fərqli istifadə edilməsi isə qonşular arasında yaranmış mülki mübahisə kimi qiymətləndirlə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray qəsəbəsində 0,0359 ha torpaq sahəsindən ibarət və 10.03.2015-ci il tarixli Seriya RX RX0598543 nömrəli çıxarış əsasında ona məxsus olan torpaq sahəsinin reyestr nömrəsi **********29 olan plan və ölçüsündəki uyğunsuzluğun aradan qaldırılması və həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray qəsəbəsində 0,0359 ha torpaq sahəsindən ibarət və 10.03.2015-ci il tarixli Seriya RX RX0598543 nömrəli çıxarış əsasında ona məxsus olan torpaq sahəsinin reyestr nömrəsi **********29 olan plan və ölçüsündəki uyğunsuzluğun aradan qaldırılması və həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-981/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-981/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver