Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-982/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz şəhəri, 61ci kvartal ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Bələdiyyəsinin 12 saylı, 30.11.2007-ci il tarixli qərarı ilə ona Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində fərdi yaşayış evi tikmək məqsədi ilə 0,03 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi ona satılmış və bu günə kimi onun istifadəsindədir. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh AR ƏMDK DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin **********12 saylı, 13.08.2021-ci il tarixli məktubla ona imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, "Sənədlərin ekspertizası zamanı aşkar edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 0,03 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz Bələdiyyəsinin 12 saylı, 30.11.2007-ci il tarixli qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt, ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsində 30.12.2007-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 466-İİİQD saylı, 23.10.2007-ci il tarixli qanunla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi". Xaçmaz rayonu və Xaçmaz şəhərində torpaq sahələrinin alqı-satqısına dair sənədlərin hazırlanması, tərtib və təsdiq edilməsi, qeydiyyata alınması onun səlahiyyətinə aid deyil. Hesab edir ki, bu barədə cavabdehin gətirdiyi dəlillər əsassızdır, çünki bu onun yox, müvafiq dövlət orqanlarının işidir və bu hal onun hüquqlarının pozulması üçün əsas ola bilməz. Dövlət hakimiyyət orqanlarının işində səhvlər və çatışmazlıqlar vətəndaşların əleyhinə işləməməlidir. Başqa sözlə, dövlət hakimiyyət orqanlarının səhvi riskini dövlət özü daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Göstərilən torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qeyriqanuni və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, İddiaçı Xaçmaz şəhəri ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 05.08.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 13.08.2021-ci il tarixli, **********12 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.03 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 12 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 30.12.2007-ci il tarixdə qeydə alınmışdır. Bildiririk ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 01.12.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarından görünür ki, İddiaçı Xaçmaz bələdiyyəsinin alqı-satqı predmeti olan Xaçmaz şəhəri, 61-ci ərazisindəki torpaq sahəsindən alqı-satqı qaydasında fərdi yaşayış evi tikmək məqsədilə 300 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - 30 dekabr 2007-ci il tarixli aktdan görünür ki, Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə görə 108 manat məbləğində haqqın ödənilməsinə dair alqı-satqı aktı tərtib edilmişdir. - Xaçmaz rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin 971 saylı, 15 noyabr 2007-ci il tarixli rəyində qeyd olunmuşdur ki, fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahələri Xaçmaz bələdiyyəsinin perspektiv torpaqlarına aiddir və orada tikinti-norma qaydalara riayət edilməklə tikinti işlərinin aparılması şərti ilə verilməsi məqsədə uyğundur. - DT və XK-nın Xaçmaz rayon şöbəsinin 19 noyabr 2007-ci il tarixli rəyindən görünür ki, fərdi yaşayış evəri tikmək məqsədilə satılması nəzərdə tutulan torpaq sahələri Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf torpaqlarına aiddir və alqı-satqı predmetidir, satılması nəzərdə tutulan torpaq sahələri Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. - 30 noyabr 2010-cu il tarixdə 225 nömrə ilə uçota alınmış A 308360 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə satılmış 300 kv.m torpaq sahəsinə dair İddiaçı Səmədər oğlunun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Azərbaycan Respublikası Beynəlxalq Bankı Xaçmaz filialı tərəfindən verilmiş 16 noyabr 2007-ci il tarixli XAC650374AZN330802 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına 108 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********12 saylı, 13 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007ci il tarixli 12 saylı qərarı ilə İddiaçı Xaçmaz bələdiyyəsinin alqı-satqı predmeti olan Xaçmaz şəhəri, 61-ci ərazisindəki torpaq sahəsindən alqı-satqı qaydasında fərdi yaşayış evi tikmək məqsədilə 300 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 19 noyabr 2007-ci il rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin 971 saylı, 15 noyabr 2007-ci il tarixli rəyi ilə fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahələrinin Xaçmaz bələdiyyəsinin perspektiv torpaqlarına aid olması və orada tikinti-norma qaydalara riayət edilməklə tikinti işlərinin aparılması şərti ilə məqsədəuyğun olması barədə rəy verilmişdir. İddiaçı tərəfindən 16 noyabr 2007-ci il tarixdə, sözügedən torpaq sahəsinin müqabilində Xaçmaz bələdiyyəsinin hesabına 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 13 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi 01.12.2007-ci ildən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 30 noyabr 2007-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 108 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra sözügedən torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya ayrılmışdır. Alqı-satqı aktının qeyd olunan qərardan sonra qəbul edilməsi isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xamaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xamaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-982/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-982/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver