Məhkəmə qərarları › İş №2-1(118)-984/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-984/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-984/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 0.1590 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********18 saylı imtina məktubu ilə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasın müraciəti əsasında hüququnun qeydiyyata almmasınadan imtina olunmuşdur. Hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci i 1 tarixli 04 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005ci il tarixdə ləğv edilmiş DT və XK-nm Xaçmaz rayon şöbəsində 3557 nömrə ilə qeydiyyata alınmış akta müvafiq olaraq sahibkarlıq fəailiyyəti üçün 0.17 ha torpaq sahəsi almış, torpaq sahəsi alınarkən ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanovun imzası ilə xx.xx.2005-ci il tarixli 215/2 saylı rəyi alınmış və rəydə göstərilir ki, iddiaçıya sahibkarlıq fəailiyyəti məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.17 ha olmaqla Armudpadar bələdiyyəsinin mülkiyyətinə aidir və alqı-satqı predmetidir. Torpaq sahəsinin 1:10000 ölçüdə yerqurluşu xəritəsindən çıxarış hazırlanaraq Armudpadar bələdiyyəsinin sədri və baş memar tərəfindən təsdiqlənmişdir. Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq X7 Kitabında xx.xx.2012-ci il tarixdə 414 nömrə ilə ııçota alınaraq AX2420688 sayla rəsmləşdiriİmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 321 saylı sərəncamı ilə aldığı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əvvəl isə müvafiq komissiya tərəfindən Akt tərtib edilərək tikinti işlərinin aparılmasına icazə verilməsi qanunauyğun hesab edilmişdir. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Miifətişliyinin nümayəndəsinin, lahiyyəçinin nümayəndəsinin və onun iştirakı ilə müvafiq lahiyə hazırlanaraq 19 noyabr 2021-ci il tarixli Ö005132saylı istismara hazırlıq Aktı ilə təsdiqlənmişdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə N 09/M alınmışdır. Qeyd olunan sənədlərdə 1 mərtəbəli sahibkarlıq obyektinin ümumi sahəsi, tikinti sahəsi və həcmi göstərilmişdir. Qanunu əsaslarla aldığı 0.17 ha torpaq sahəsinin faktiki 0.1590 kv.m olduğu aşkar edildikdən sonra bunu nəzərə almaqla 0.1590 ha torpaq sahəsinə mülkiyyət sənədinin işlənilib verilməsinə nümayəndəsi vasitəsi ilə notarial qaydada təstiqlənmiş razılıq ərizəsi vermişdir. Torpaq sahəsi alınarkən həmin ərazidə hər hansı bir park mövcud deyildi. Qeyd olunan park bu yaxın vaxtlarda salınmışdır. Həmin ərazidə digər şəxslərin adına cavabdeh tərəfindən mülkiyyət sənədləri hazırlanaraq verilmişdir. Göründüyü kimi cavabdeh həmin əmlaka mülkiyyət hüququnu əsasız olaraq qeydə almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0.1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192.7 m2 , tikinti sahəsi 225.4 m2, həcmi 901.6 m3 olan 1 mərtəbəli sahibkarlıq obyektinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş Xaçmaz rayonu, Armudpadar bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.17 ha torpaq sahəsinə dair Xaçmaz Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Həmçinin, Xaçmaz rayonu, Armudpadar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 nömrəli qərarı ilə əldə etdiyi 0.17 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları 5 saylı Xaçmaz Ərazi İdarəsinin elekton məlumat bazasına daxil etdikdə xəritə üzərində ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu və yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən qeyriyaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********618 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surəti, etiraz ərizəsi, Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarının notarial qaydada təsdiqlənmiş surəti, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəyin notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alğı-satqısına dair aktın notarial qaydada təsdiqlənmiş surəti, Bələdiyyə hesabına ödənilmiş ödəniş qəbzinin notarial qaydada təsdiqlənmiş surəti, Bələdiyyənin yerquruluşu planından çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin istismara hazırlıq Ö/005132 saylı aktın notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 321 nömrəli Sərəncamından çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 09/M nömrəli obyektin tikintisinə icazənin notarial qaydada təsdiqlənmiş surəti, Qeyri-yaşayış obyektinin eskiz sxeminin notarial qaydada təsdiqlənmiş surəti, Komissiya tərəfindən Tikinti obyektinin tikintisinə razılıq aktının notarial qaydada təsdiqlənmiş surəti, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin notarial qaydada təsdiqlənmiş surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********34 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********46 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, "xxxx" ASC tərəfindən verilmiş 07/01-4/4589 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1861 nömrəli, xx.xx.2022-ci il tarixli, 2164 nömrəli, xx.xx.2022-ci il tarixli məktublar, Xaçmaz rayon Yergüc Bələdiyyəsi tərəfindən verilmiş 81 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarının verildiyi və qeyri-yaşayış obyektinin tikintisinə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 321 nömrəli Sərəncamın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi və obyekt DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKRin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********618 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0.1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən müsbət həll edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təşkilatın imtina və etiraz ərizəsində torpaq sahəsi və qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) iddiaçının istifadəsində olan torpaq sahəsinə dair Xaçmaz Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmaması, 2) Sözügedən torpaq sahəsinin yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşməsi, 3) 0.17 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları Ərazi İdarəsinin elekton məlumat bazasına daxil etdikdə xəritə üzərində ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğu, 4) hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmədiyindən iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı heç bir münasibətin bildirilməməsi. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsi və tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, iddiaçıya hüquqi əsas verən daşınmaz əmlaklara dair müvafiq təşkilatlar tərəfindən verilmiş rəsmi sənədlər əsasında torpaq sahəsi və qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq niyyətindədir. Belə olan halda məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Cavabdeh təşkilat tərəfindən gətirilən 1-ci arqumentə münasibətdə məhkəmə bildirir ki, İddiaçı Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 nömrəli qərarı əsasında 1700 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, X7ı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əldə edilmişdir. Müvafiq qanunda dəyişikliyin xx.xx.2007-ci il tarixində qüvvəyə mindiyi halda iddiaçı ilə Xaçmaz bələdiyyəsi qərarı 2005-ci ildə qəbul etmişdir. Alqı-satqı müqaviləsi əsasında ləğv edilmiş DTXK-də qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Cavabdeh təşkilatın imtinasında bildirdiyi Xaçmaz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyinin olmaması və yaxud həmin rəyin qanunsuz olmasına dair müvafiq mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın bu səpkidə gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir”. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə iddiaçıya ayrılmış torpaq sahəsi qanunvericiliyin tələbləri gözlənilməklə ayrılmışıdır. Cavabdeh təşkilat tərəfindən gətirilən 2-ci arqumentə münasibətdə məhkəmə bildirir ki, sözügedən torpaq sahəsinin yeraltı İkinci Bakı Su kəmərinin mühafizə zonasında yerləşib-yerləşməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu göndərilmiş və həmin təşkilat tərəfindən torpaq sahəsi və qeyri-yaşayış binasının BSK-2 magistral su kəmərinin mühafizə zonasından kənarda yerləşdiyi bildirilmişdir. Belə olan halda cavabdehin bu səpkidə gətirdiyi arqumenti də əsassız olur. Cavabdeh təşkilat tərəfindən gətirilən 3-cü arqumentə, yəni 0.17 ha torpaq sahəsinin ümumi istifadədə (park ərazisi) olan torpaqlara aid olduğuna münasibətdə məhkəmə bildirir ki, qeyd olunan ərazidə parkın salınması iddiaçıya torpaq sahəsinin ayrımasından 7 il sonra həyata keçirilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuların cavablarından məlum olmuşdur ki, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən salınmış parkın ərazisi Xaçmaz Bələdiyyəsinin inzibati ərazisində yerəşir və parkın salınması ilə bağlı nə Xaçmaz bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında nə də ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin parkın inşa edilməsi ilə bağlı müvafiq qərarı olmamışdır. Araşdırma nəticəsində o da məlum olmuşdur ki, elektron xəritədə parkın ərazisi kimi göstərilmiş ərazidə DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 və X2 mülkiyyətində olan torpaq sahəsi və qeyri- yaşayış binası üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Belə olduğu tədqirdə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi İddiaçı münasibətdə etimadın qorunması prinsiplərini pozmuşdur. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlahiyə” Dövlət Baş Layihə İnsitutu tərəfindən tərtib edilmiş Xaçmaz Şəhərin Baş Planından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 22 nömrəsi ilə baş planda qeyd olunan “İctimai İaşə və Xidmət Müəssisələri” kimi göstərilən ərazidə yerləşir. Başqa sözlə desək mübahisə predmeti olan qeyri-yaşayış binası Xaçmaz şəhərinin baş palnında iaşə obyektləri və xidmət müəssisələri üçün nəzərdə tutulmuş ərazidə öz əksini tapması həmin qeyri-yaşayış binasının qanuni əsaslara söykənməsinə dələlət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanının 6cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçinin müraciət etdiyi gündən 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etməsi öhdəliyi yerli icra hakimiyyətləri orqanlarının üzərinə qoyulmuşdur. Hazırkı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, müvafiq qurumlar həmin ərazini parkın ərazisi kimi elektron baza xəritəsinə yerləşdirərkən yuxarıda qeyd olunan Fərmanın tələblərinə ciddi nəzarət etmiş olsaydılar həmin ərazidə inşa edilmiş və bəzilərinin üzərində mülkiyyət hüquqları qeydə alınmış qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazini parkın ərazisindən ayırmış olardılar. Göründüyü kimi müvafiq qurumlar elektron baza xəritəsini tərtib edərkən qeyd olunanları nəzərə almamışdırlar. Bu isə elektron baza məlumatlarına sərbəst girişi olan DƏDKR-in iddia tələbinin təmin edilməməsi ilə bağlı gətirdiyi 3-cü arqumentin də əsassız olmasına dəlalət edir. Cavabdeh təşkilat tərəfindən gətirilən 4-cu arqumentə, yəni hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyi, inşa edilmiş qeyri-yaşayış binasına dair daşınmaz əmlakın müayinəsi keçrilməməsi ilə bağlı heç bir münasibətin bildirilməməsinə münasibətdə məhkəmə bildirir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi 4-cu arqumentdə öz əhəmiyyətini itirmiş olur. Həmçinin, məhkəmə qeyri-yaşayış binasına dair hüquqların dövlət dövlət qeydiyatına alınmasına münasibətdə qeyd etməyi zəruri bilir ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə düşür. Xaçmaz Rayon İcra Hakimiyyəti nəzdində qurulmuş komissiyanın razılığı ilə qeyri-yaşayış binasının eskiz lahiyəsi tərtib edilmiş, o cümlədən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli, 09/M nömrəli obyektin tikintisinə icazədə qeyri-yaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmış və müvafiq komissiya tərəfindən vəzifəli şəxslər tərəfində razılaşdırılaraq Akt tərtib edilmişdir.Cavabdeh təşkilat əsassız olaraq layihələrə uyğun iddiaçının tələblərini müsbət həll etmir. Yəni iddiaçı tərəfindən cavabdeh təşkilata lazimi bütün tələbləri yerinə yetirən rəsmi sənədlər təqdim edilməsinə baxmayaraq, onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat torpaq sahəsi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlər əsassız olur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin 7-ci bəndinə əsasən əsasən Komitənin fəaliyyət istiqamətləri ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirirməkdə və müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirməkdən ibarətdir. Həmin Əsasnamənin 8.20-4 və 8.20.5-ci bəndlərinə əsasən strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək, tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasının 5.1-ci bəndinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarəti Tikinti və Şəhərsalma Məcəlləsinin 97-ci maddəsinə əsasən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Qaydanın 7.1-ci bəndinə əsasən yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gündən 5 (beş) iş günümüddətində bu icazəni vermiş orqan obyektin tikintisinə icazənin (tikintiyə icazənin) surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gündən, 5 (beş) iş günü müddətində isə icazənin (tikinti obyektinin istismarına icazənin) surətini daşınmaz əmlakın dövlət reyestrini aparan orqana kağız və ya elektron formada göndərir. Həmin Qaydanın 7.3-cü bəndinə əsasən Bu Qaydanın 7.1-ci bəndinə əsasən göndərilən sənədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tikinti obyekti üzərində hüquq sahibindən təkrar tələb edə bilməz. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Məhkəmə hesab edir ki, qeyd olunan arqumentləri əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi torpaq sahəsi və tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən torpaq sahəsi və qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi qanuni tələblərə cavab verən razılığı əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş Ö/005132 nömrəli istismara hazırlıq aktı da tərtib edilib. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 0.1590 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 0,17 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 31 mart 2005-ci il tarixli, 04 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi üçün ayrılmış 0.1590 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 192.7 m2 , tikinti sahəsi 225.4 m2, həcmi 901.6 m3 olan 1 mərtəbəli sahibkarlıq obyektinə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar