Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-984/2025 04.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun işlədiyi xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablaması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, xx.xx.1980-ci il tarixində Cəbrayıl rayonu, Dəmşəlaq kəndində biologiya müəllimi kimi fəaliyyətə başlamış, xx.xx.1987-ci il tarixə kimi həmin məktəbdə işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Cəbrayıl rayonu, Aşağı Sink kənd 8 illik orta məktəbində, xx.xx.1987-ci il tarxidən xx.xx.2002-ci il tarixə kimi Cəbrayıl rayonu, 10 saylı orta məktəbində və xx.xx.2002-ci il tarixdən isə hazırkı dövrədək isə Cəbayıl rayonu 2 saylı orta məktəbində təşkilatı işlər üzrə direktor müavini işləmişdir. 1993-cü il tarixdə rayon Erməni işğalçıları tərəfindən işğal olunandan sonra əvvəl Biləsuvar rayonunda, sonra isə Abşeron rayonunda məskunlaşmışdır. Ona 65 yaşı tamam olduğu üçün avtomatlaşdırılmış qaydada 406,70 manat əmək pensiyası təyin edilmiş, sonradan təkrarən pensiyanın məbləği yenidən hesablanaraq xx.xx.2023- cü il tarixdən 410.37 manat məbləğində pensiya təyin edilmişdir. Lakin pensiyanın yenidən hesablanması belə onu qane etmədi. Çünki pensiya təyin edilərkən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığrta stajına daxil edilməklə yenidən pensiyanın hesablanmasını xahiş etmiş, lakin müraciətindən imtina edərək həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkünsüz olduğunu bildirmişlər. Onun həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır və bunu sənədlə də işlədiyi illər tam sübut olunur. Əmək kitabçası 2003-cü ildə yazılması hansısa akt əsasında yazılmış və şahidlər tədiq etmişlər. Yəni hazırda bütün bunlarla bağlı onun heç bir təqsiri yoxdur. Rayon işğal olunandan sonra əmək kitabçasının yazılması qanunsuz sayıla bilməz.Onun stajı nəzərə alınmalı və pensiyası yenidən hesablanmalıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2023cü il tarixdən avtomatlaşdırılmış qaydada 406.70 manat məbləğində pensiya təyinatı aparılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilərkən sistem tərəfindən xx.xx.2006-cı il tarixədək 25 il, xx.xx.2006-cı il tarixdən sonra isə 17 il 06 ay sosial sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Həmçinin, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 35945,70 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 410,37 manat müəyyən edilmişdir. Hazırda İddiaçı pensiya məbləği 456.38 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçası xx.xx.2003-cü il tarixdə açılmasına baxmayaraq işə daxiloma tarixi xx.xx.1980-ci il qeyd edilib) xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki,iddiaçı tərəfindən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarışı) təqdim edildiyi təqdirdə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinə və buna uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Beləliklə, avtomatlaşdırılmış təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajı qanunvericiliyə uyğun şəkildə 25 il kimi hesablanmışdır. xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, iddiaçı həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Yuxarıda qeyd edilən səbəblərdən həmin illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 25 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M-18114/2024 nömrəli məktubu, cavabdehin etiraz ərizəsi, əmək kitabçasının surəti, iddiaçının pensiya işinin surəti, X3 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu, Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun pensiya yaşının tamam olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin 25 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M-18114/2024 nömrəli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi (məskunlaşdığı) ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan qismən təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və hər il qanunun tələbləri nəzərə alınaraq onun pensiya məbləği indeksləşdirilmişdir. Lakin işin mübahisələndirilən halı iddiaçının 1980-2006-cı illərdə işlədiyi əmək stajının onun sosial sığorta stajına daxil edilməməsidir. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanunsuz olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Vətəndaşların iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onların iş stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta...... əsasən şəxsin sosial stajına daxil edilir. Təqdim edilən Əmək kitabçasından əlavə X3 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışı əsasən iddiaçının 1993-2006-cı il tarixlərdə təhsil müəssisələrində müəllim kimi işlədiyi öz təsdiqini tapmışdır. İddiaçının 1993-cü ildən əvvəlki illərdə işləməsinə dair etibarlı sübut təqdim edilmədiyindən məhkəmə həmin dövrlərin onun iş stajına daxil edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, iddiaçının 1993-cü ildən xx.xx.2006-cı ilər arasında iş stajını onun sosial stajına daxil edərək, pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi İddiaçı sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, iddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı təhsil müəssisələrində işlədiyi xx.xx.1993-cü il tarixdən (rayonun işğal edildiyi) xx.xx.2006-cı ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(118)-984/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-984/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver