Məhkəmə qərarları › İş №2-1(118)-985/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-985/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-985/2021 16.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədəm xahiş etdi. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi iki, o , 05.07.1992-ci il tarixdə könüllü olaraq Qubadlı-Laçın uğrunda gedən döyüşlərə yollanmış, N () saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirinin əmrinə əsasən 13.10.1992-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. İddiaçı müvafiq sənədlərlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirlyinə müraciət edərək ona müharibə veteranı statusunun verilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddia ərizəsində və ərizəyə əlavə edilmiş sənədlər təhlil edilərək qeyd olunan hallarla bağlı iddiaçının xidmətinə dair arxiv sənədlərində yoxlanılması məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Arxiv tərəfindən təqdim edilmiş 23.04.2021-ci il tarixli 9/2-3374 nömrəli məktubda qeyd edilmişdir ki, N (, 850, 851) nömrəli hərbi hissə komandirinin iyul-12 oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin əsgərlərlə “Pul təminatının ödənilməsi cədvəlləri” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin 13.10.1992-ci il tarixli 70 nömrəli nizami hissə üzrə əmrindən arxiv çıxarışı təqdim edilmişdir. Lakin İddiaçı barəsində msbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə 28.09.1992-12.05.1994-cü il tarixlərdə, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin bazasında yaradılıb, 07.06.1992-28.09.1992-ci il tarixlərdə, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə, 01.01.1992-01.05,1992-ci il tarixlərdə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyinə verilmişdir. Komissiya tərəfindən Mərkəzi Arxivin müvafiq arayışına əsasən iddiaçının hərbi xidmətinin tam təsdiqlənmədiyinə, yəni hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlum olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən haqlı olaraq imtina olunmuşdur. İddiaçının təqdim etdiyi hərbi biletdə aparılmış qeydlər tam olaraq arxiv sənədlərində aşkarlanmamışdır. İş materiallarında olan : -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 26.01.2021-ci il tarixli 9/2-486 №-li arxiv arayışından görünür ki, sıravi İddiaçı N () №-li hərbi hissə komandirinin 13.10.1992-ci il tarixli 70 №-li əmrilə (əsas: səh.-25, sıra-7) müqaviləsi pozularaq, İİİ taburun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilmiş, N (, 850, 851) №-li hərbi hissə komandirinin iyul 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 18.03.2021-ci il tarixli 1/S-7115 №-li məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 12.03.2021 -ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 26.01.2021-ci il tarixli 9/2-486 nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə (hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlum olmadığına) görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. -НЗ № ******* hərbi biletdən görünür ki, İddiaçı 24.10.1983-05.12.1985-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 18.03.2021-ci il tarixli 1/S-7115 №-li məktubundan görünür ki, İddiaçı hərbi xidməti tam təsdiqlənmədiyinə (hərbi hissəyə daxil olması və müqavilənin pozulmasının səbəbi məlim olmadığına görə) ona mühairbə beteranı vəsiqəsi berilməsindən imtina edilmişdir. -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 23.04.2021-ci il tarixli 9/2-3374 №-li arxiv arayışından görünür ki, N (,850,851) №-li hərbi hissə komandirinin iyul-12 oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin əsgərlərə “Pul təminatının ödənilməsi cədvəlləri” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -850 saylı hərbi hissə komandirinin N saylı əmrin çıxarışından görünür ki,13.10.1992-ci il tarixdə sıravi İddiaçı adı 3-cü batalyonun şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. 10 iyun 1992-ci ildə qəbul edilmiş və 2011-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 24-cü maddəsinə görə səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. “MDB-nin X1 təxris olunaraq ehtiyata buraxılmış hərbi mükələfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli 77 nömrəli Fərmanının 2-ci bəndinə görə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublikas ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İddiaçının tərxis olunmasına dair əmr qanunvericiliyin yuxarıda göstərdiyi tələbləri ilə uzlaşmır, çünki hərbi xidmətdən tərxis olunma müddəti 1996-cı ildən sonra başlandığından, 1992-ci ilin oktyabr ayında iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən tərxis oluna bilməzdi. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar