Məhkəmə qərarları › İş №2-1(118)-985/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-985/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-985/2023 05.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən güzşətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuş, 01 sentyabr 1977-ci il tarixində Sumqayıt şəhəri X2 Təhsili Məktəbinə “özüyeriyən qülləli və stasionar kran maşinisti" peşəsi üzrə qəbul olunmuş, xx.xx.1978-ci il tarixində 4-cü dərəcəli özüyeriyən qülləli və stasionar kran maşinisti ixtisasını almış və məktəbi bitirmişdir. Daha sonra, o xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək hərbi Xidmətdə olmuşdur. “Azərbaycan Alüminium" ASC-nin xx.xx.2016-cı il tarixli, 31 saylı arayışına əsasən İddiaçı ixtisasına uyğun olaraq, Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sumqayıt Alüminium” istehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) aşağıdakı dövrlər üzrə güzəştli şərtlərlə işləmişdir. 1. xx.xx.1978-ci il tarixindən - xx.xx.1979-cu il tarixinə kimi “Sumqayıt Alüminium” İstehsalat Sahəsində kran maşinisti (8 ay, 5 gün); 2. xx.xx.1981-ci il tarixindən - xx.xx.1982-ci il tarixinə kimi “Sumqayıt Alüminium” istehsalat Sahəsində kran maşinisti (1 il, 3 ay, 7 gün);

3. xx.xx.1983-cü il tarixindən - xx.xx.1993-cü il tarixinə kimi “Sumqayıt Alüminium” İstehsalat Sahəsində kran maşinisti (9 il, 4 ay, 27 gün); 4. xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinə kimi “Sumqayıt Alüminium” X1 metalda elektrolitik üsulu ilə metalların alınması, Alüminium istehsalında anodçu (10 il, 2 ay, 7 gün) kimi işləmişdir. Göründüyü kimi, İddiaçı xüsusilə ağır olan iş şəraitində əmək stajı ümumilikdə günəgün aşağıdakı kimidir: 21 il, 6 ay, 16 gün - 4 il, 11 ay, 17 gün (xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü ilə kimi ödənişsiz əmək məzuniyyətində olduğu müddət çıxıldıqdan sonra) = 16 il, 6 ay, 29 gün təşkil edir. Xüsusilə ağır olan zərərli iş şəraitində işləməsi səbəbindən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya xx.xx.2022-ci il tarixli (imtina rəsmi olaraq poçt vasitəsi ilə 06 oktyabr 2022-ci il tarixində təqdim edilmişdir). **********1 saylı cavab məktubu ilə, "fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30685,70 manat təşkil etdiyini əsas gətirərək imtina edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının göstərilən əsaslarla iddiaçının müraciətinə imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Əvvəla, Əmək qanunvericiliyinə görə imtinada qeyd edilən əsaslarla şəxsə, uzun müddət xüsusilə ağır olan zərərli iş şəraitində işlədiyi tələb olunan müddətdən də artıq pensiya hüququnun yaranmasına əsas olduğu halda imtina olunması nəzərdə tutulmayıb və bu imtina vətəndaşı əsassız olaraq incitmək, hüquqlarını kobud şəkildə pozmaqdır. Halbuki, iddiaçı ilə eyni vaxtda həmin müəssisədə eyni şərtlərdə işləyən işçilərin hamısına güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası "xxxx" ASC-nin “Sumqayıt Alüminium" istehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) işlədiyim vəzifələr zərərli iş şəraitində kran maşinisti və anodçu həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə 010300a—13790 kran maşinistləri (krançdar) və 1071200a—10058 alüminium istehsalında anodçular güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. İddiaçı uzun müddət 16 il, 6 ay, 29 gün qeyd edilən vəzifələrdə xüsusilə ağır olan zərərli işdə işlədiyi üçün o əmək pensiyasını hələ xx.xx.2012-ci il tarixindən almalı olduğu halda, bu günə kimi cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ala bilməmişdir. Cavabdeh təşkilat bilərəkdən həmin pensiya məbləğini ona verməkdən boyun qaçırır və Azərbaycan Respublikasının Konstitusiyasının, “Əmək pensiyaları” haqqında Qanunun tələblərini kobudcasına pozaraq vəzifə səlahiyyətlərini aşmışdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı ilə eyni vaxtda işləyən digər şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı cavabdeh təşkilatın hazırkı imtinanın əsasını təşkil edən arqumentlərin nəzərə alınmadan təyin edilməsi cavabdeh təşkilat tərəfindən “İnizbati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat" haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

3.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iddiaçının və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 9 ay 1 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il,xx.xx.1981xx.xx.1982-ciil, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1998-ci il, xx.xx.2006-xx.xx.2006-cü il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İş materiallarından da aşkardır ki, idddiaçının ümumi iş stajı 25 ildən az olduğu üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınn sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30685,70 manat təşkil edir. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci tarixli **********1 nömrəli imtina məktubu əsaslıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. - İddiaçıya məxsus xx.xx.1978-ci ildə qeydiyyata alınmış ИТ-İ №0019012 saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.2003-cü ilədək, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. - "xxxx"ASC tərəfindən verilmiş 31 saylı, 12 oktyabr 2016-cı il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək alüminium istehsalında anodçular (Siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektorilitik üsulu ilə metalların alınması 1071200a- 10058). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. O, 1 saylı pensiya siyahısı üzrə güzşətli şərtlərlə işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddianın mahiyyəti ilə bağlı isə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi;

2. pensiyanın ona xx.xx.2012-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə iddiaçının birinci tələbinə münasibətdə hesab edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının səbəbi kimi iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına və iş stajına malik olmamasını göstərmişdir. Beləliklə mübahisə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına və iş stajına malik olmamasıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-cı il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-cı il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinanın birinci bir əsası kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi sığorta stajının mövcud olmamasını göstərmişdir. Beləliklə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin birinci əsasını iddiaçının ümumi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Həmçinin iş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş 31 saylı, 12 oktyabr 2016-cı il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək ilədək isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) (Siyahı №1, bölmə XVİİİ, yarımbölmə 18a, əlvan və qiymətli metalların emalı və təkrar emalı 1072101a-13790); xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək alüminium istehsalında anodçular (Siyahı №1, bölmə X, yarımbölmə 10a, ərimiş metalda elektorilitik üsulu ilə metalların alınması 1071200a-10058). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. O, 1 saylı pensiya siyahısı üzrə güzşətli şərtlərlə işləmişdir. Beləliklə iş materialları ilə iddiaçının 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğu təsdiqlənir. Beləliklə, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələbinə, yəni məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı xx.xx.2022-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 25 iyul 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 25 iyul 2019-cu il tarixdən ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar