Məhkəmə qərarları › İş №2-1(118)-986/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-986/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-986/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsini, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesabalanaraq birdəfəlik ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayları və xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olduğu illəri sığorta stajına daxil edilməsinə, 57 yaşı tamam olduğu tarixdən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin olunmasına, həmin tarixdən qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesablanmasına və İddiaçı birdəfəlik verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsini, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesabalanaraq ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-xx.xx.2018-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, 04 iyul-04 sentyabr 1979-cu il tarixində Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında 1- ci dərəcəli fəhlə; xx.xx.1980-xx.xx.1981 -ci illərdə TMK-14 saylı tikinti zavodunda fəhlə; xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmət; xx.xx.1984-cü il tarixindən-xx.xx.1985-ci il tarixinədək ‘‘Azərbaycan Dəmir Yolları” QSC İnfrastrukturlu departamenti Şimal İstiqaməti sahəsinin sinifdən kənar H.Z.Tağıyevçeşidləmə stansiyasında tərtibat təpəsinin operatoru; xx.xx.1985-xx.xx.1989-cu illərdə "xxxx" QSC-də teplovoz maşinist köməkçisi; xx.xx.1989-xx.xx.1997-ci illərdə "xxxx" QSC-də teplovoz maşinisti; xx.xx.1998-xx.xx.2006-cı illərdə Siyəzən Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində çalışmışdır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri" barədə 12 saylı qərarın 21.4- cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında 23001000— 14241.23001000—21250 göstərilmişdir. “Vətəndaşların Pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçiləristehsalatın, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa və ən azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il, 6 ayını həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Əmək kitabçasından və iş yerindən arayışlardan da göründüyü kimi xx.xx.2006-cı ilədək İddiaçı umumi iş stajı 25 il 1 ay, 20 gün, güzəştli iş stajı isə 13 il 7 ay 33 gün təşkil etmişdir. Bundan başqa İddiaçı keçmiş Dəvəçi rayon X1 04 iyul 1979-cu il tarixli, 8 saylı əmrinə əsasən 2 ay müddətinə 1- ci dərəcəli fəhlə vəzifəsində çalışsa da, həmin müddət əmək kitabçasında qeyd olunmamışdır və iş stajına daxil edilməmişdir. xx.xx.2021-ci il tarixində pensiyanın təyini üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsə də pensiyanın təyinindən imtina olunmuşdur. Belə ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən təqdim olunmuş imtina məktubunda ümumi iş stajının 25 il olmadığı göstərilmişdir. Stajın 24 il 11 ay 20 gün olduğu qeyd olunmuşdur və Dəvəçi rayon X1 04 iyul 1979-cu il tarixli, 8 saylı əmrinə əsasən 2 ay müddətinə 1-ci dərəcəli fəhlə vəzifəsində çalışmağını nəzərə almamışdır. Cavabdeh qurumun imtinası əsassız və qanunvericiliyin tələblərinə ziddir. İmtina məktubu xx.xx.2021-ci il tarixində cavabdehin ünvanına daxil olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların Pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinə əsasən mənə 57 yaşı olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli cavab məktubunda 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 11 ay 20 gün), güzəştli iş stajının isə 13 il 8 ay 1 gün olduğu müəyyən edilmişdir. İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19029,83 manat. 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 685,39 manat olmaqla cəmi pensiya kapitalı 19715,89 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resputjlikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq Asif Hacıyevin 1 yanvar 2006-cı il tarixinədək olan 24 il 11 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19029,83 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 19715,89 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 53760,00 manat məbləğində hesablanmışdır Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 1 0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsini, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, qətnamə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesabalanaraq birdəfəlik ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli cavab məktubunda 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən 2 ay dövrlə Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında işlədiyi dövrlə bağlı sorğu olunmuşdur. Sorğuya cavab daxil olmamışdır. Sorğuya cavab daxil olduqdan sonra sığorta kapitalının hesablanması barədə açıqlama təqdim ediləcəkdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı Dəvəçi rayon Kommunal Müəssisəsi Kombinatında 04 iyul 1979-cu il 04 sentyabr 1979-cu il tarixlərində işləmişdir. İddiaçının Əmrinin və əmək haqqı cədvəllərinin surəti məhkəməyə təqdim edilmişdir. (Şabran rayon İcra Hakimiyyəti Şabran rayon “Yaşıllıq və Təmizlik” İdarəsinin 04 may 2022-ci il tarixli, 22 saylı məktubu) Göründüyü kimi iddiaçının mübahisə olunan dövr ərzində Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında işləməsi öz təsdiqini tapmışdır. Beləliklə qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Bu isə inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi həmin tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın iddianın rədd edilməsi ilə bağlı pensiya kapıtalının çatmaması dəlilinin hüquqi əsasının olmadığını götərir. Cavabdeh inzibati orqan qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Resputjlikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq Asif Hacıyevin 1 yanvar 2006-cı il tarixinədək olan 24 il 11 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19029,83 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 19715,89 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 53760,00 manat məbləğində hesablanmışdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün pensiaya kapitalı tələbi qanunda nəzərdə tutulmadığı üçün cavabdeh inzibati orqanın bu dəlilinidə məhkəmə əsassız hesab edir. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resputjlikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdən üç il müddət keçmədiyi üçün ona pensiyanın hesablanması və ödənilməsi tarixi 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixi olaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, qərar qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesabalanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması, qərar qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesabalanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar