Məhkəmə qərarları › İş №2-1(118)-986/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-986/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-986/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəsinə verilmiş 0.12 hektar torpaq sahəsinin icarə müddəti olaraq dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəsinə verilmiş 0.12 hektar torpaq sahəsinin icarə müddəti olaraq dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 08 iyun 2023-cü il tarixli 3-21-3-34/2-7651/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi ilə nəzərdə tutulmuş icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. Bu, səbəbdən də, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 452/1 saylı sərəncamından çıxarış və torpaq sahəsinin icarəyə verilməsi haqqında 08.01,2007-ci il tarixli 45 nömrəli müqavilə əsasında vətəndaş İddiaçı icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirmək məqsədi İlə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Xaçmaz rayon İcra Hakimiyyətinə sorğu göndirilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Lakin, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sorğuya cavab verilmədiyi üçün ərizənizin icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yeri faktiki aynlmış torpaq sahəsindən fərqlidir və həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) Dövlət ehtiyat fondu torpaqları kimi göstərilmiş ərazidir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Xaçmaz Rayon İcra hakimiyyətinə müraciət edərək əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədi ilə Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəsinə 0.12 hektar torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsini xahiş etmişdir. Xaçmaz Rayon İcra hakimiyyəti tərəfindən həmin tarixdə Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəmə 0.12 hektar torpaq sahəsinin ayrılması barədə 425/1 nömrəli, xx.xx.2006-cı il tarixli Sərəncam qəbul edilmişdir. Sərəncamın icrasına nəzarət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinə və RİHB-nin Nabran İƏV-yi üzrə nümayəndəsinə həvalə edilmişdir. xx.xx.2007-ci il tarixdə 425/1 nömrəli, xx.xx.2006-cı il tarixli Sərəncam əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin müqailəyə əsasən iddiaçının həmin torpaq üzərində hüquqları yaranmışdır və xx.xx.2007ci il tarixdən indiyə qədər fasiləsiz olaraq həmin torpaqdan qeyd olunmuş aidiyyət üzrə istifadə edir. Lakin bir neçə ildir ki, Xaçmaz Rayon İcra Hakimiyyətində baş verən struktur dəyişikliyindən sonra torpaqdan istifadəyə qeyri-qanuni olaraq maneələr yaradılır və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən “Çıxarış” olmadığı halda həmin torpaqa heç bir hüququnun olmadığı və bu hüquq təsdiq edən sənədlərin eldə edilməsi tələb olunur. Bunun üçün də xx.xx.2022-ci il halda həmin torpağa heç bir hüququnun olmadığı və bu hüquq təsdiq edən sənədlərin eldə edilməsi tələb olunur. Bunun üçündə xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə daşınmaz əmlaka mülkiyyət hüququna hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə yazılı, rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinə yazdığı ərizəyə münasibət bildirilməsi üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən sorğu verilmişdir. Lakin indiyə qədər ərizənin tələbi nə İcra Hakimiyyəti nə də ki Daşınmaz Əmlak idarəsi tərəfindən təmin olmamışdır və məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Əgər bu əsaslardan biri varsa bu, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesa olunur. Yəniki əgər tərəflər arasında bu barədə alqı-satqı müqaviləsi, razılıq varsa həmin daşınmaz əmlak hüquqların dövlət qeydiyyatına alınması barədə öhdəliy verilməlidi. Həmin halQeyd etdiyim kimi 08.01,2007-ci il tarixdə 425/1 nömrəli, xx.xx.2006-cı il tarixli Sərəncam əsasında torpaq sahəsinin icarəyə verilməsi haqqında torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin müqailəyə əsasən mənim həmin torpaq üzərində hüquqlarım yaranmışdır və mən xx.xx.2007-ci il tarixdən indiyə qədər fasiləsiz olaraq həmin torpaqdan qeyd olunmuş aidiyyət üzrə istifadə edir. Bu hal Daşınmaz Əmlak Dövlət Xidməti tərəfindən Qanun pozuntusu olaraq nəzərə alınmır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə icarəsinə verilmiş 0.12 hektar torpaq sahəsinin icarə müddəti olaraq dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını istəyir. Cavabdeh isə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi ilə nəzərdə tutulmuş icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır. Bu, səbəbdən də, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006cı il tarixli 452/1 saylı sərəncamından çıxanş və torpaq sahəsinin icarəyə verilməsi haqqında 08.01,2007-ci il tarixli 45 nömrəli müqavilə əsasında vətəndaş İddiaçı icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirmək məqsədi İlə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin tələblərinə əsasən Xaçmaz rayon İcra Hakimiyyətinə sorğu göndirilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Lakin, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sorğuya cavab verilmədiyi üçün ərizənizin icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yeri faktiki aynlmış torpaq sahəsindən fərqlidir və həmin torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində (DWG) və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) Dövlət ehtiyat fondu torpaqları kimi göstərilmiş ərazidir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-ci il tarixli 451/1 saylı Sərəncamı ilə Nabran kənd sakini X1 uzunmüddətli icarəsinə (99 il müddətinə) əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə Nabran kəndi yaxınlığında rayonun Xəzər sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 0.12 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-ci il tarixli 451/1 saylı Sərəncamından arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. xx.xx.2007-ci il tarixli, 45 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 452/1 saylı Sərəncamı əsasında Xaçmaz rayon, Nabran kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi uzun müddətə əhaliyə çimərlik xidmətinin göstərilməsi məqsədilə iddiaçının istifadəsinə verilmiş, bu müqavilə 99 il müddətinə bağlanmışdır. Ayrılmış torpaq sahəsi göstərilməklə Xaçmaz rayon Xəzər dənizi sahili boyu asudə Dövlət ehtiyat fondu torpaqlarının yerquruluşu xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Göründüyü kimi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-4386/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-464/2024 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, “İddiaçının faktiki icarəsində olan torpaq sahəsinin koordinatları müəyyən edildi, (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir.) İddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları Xaçmaz rayonu, Xəzər dənizi sahili boyu asudə Dövlət ehtiyat fondu torpaqlarının yerquruluşu xəritəsindən çıxarışa uyğundur, (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir.) İddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşmür, (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilir.) İddiaçının istifadəsində olan torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS)” kateqoriyası ehtiyat fondu torpaqlarına aid olmaqla, uqodiyası kolluq kimi göstərilmişdir. İdiaçının faktiki istifafəsində olan torpaq sahəsinə bitişik, qonşuluğunda, ətrafında olan torpaq sahələrinin hüquqi rejimi Xəzər dənizi sahili boyu asudə Dövlət ehtiyat fondu torpaqlarına aiddir.” Göründüyü kimi cavabdeh inzibati orqan imtinasında qeyd etsədə ki, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsinin yeri faktiki aynlmış torpaq sahəsindən fərqlidir, bu hal mütəxəssis rəyi ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. İddiaçının icarəsinə səlahiyyətli qurum tərəfindən torpaq sahəsi ayrılmış və müvafiq müqavilə bağlanmış və torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayon Nabran kəndi yaxınlığında rayonun Xəzər dənizi sahili boyu asudə dövlət ehtiyat fondu torpaqlarından 99 il müddətinə İddiaçı icarəsinə verilmiş 0.12 hektar torpaq sahəsinin icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və həmin əraziyə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar