Məhkəmə qərarları › İş №2-1(118)-988/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-988/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-988/2021 07.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləyən, ünvan 1 ünvanında yaşayan), Üçüncü şəxs X2 (işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan), Üçüncü şəxs X1 (işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olan), Üçüncü şəxs X3 (işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı üçüncü şəxslər X6, X13, X4, X15, X7 və X5 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi verərək üçüncü şəxslər X6, X13, X4, X15, X7 və X5 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə dair 16.03.2012-ci ildə AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Hazırkı iddia üzrə üçüncü şəxslər onun qonşuları olmuşlar. Qeydiyyata düşməyə yerləri olmadığı üçün o, həmin şəxslərin onun evinə qeydiyyata yazılmaşa icazə vermişdir. Lakin hazırda həmin şəxslərin onun mənzilində qeydiyyada olmaları onun mənzil hüquqlarının həyata keçirilməsinə maneəçiliklər yaratdığından qeyd olunan şəxslərin ona məxsus mənzilə olan istifadə hüquqlarına xitam verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək X6, X13, X4, X15, X7 və X5 ünvan 3-dən qeydiyyatdan çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 06 mart 2021-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina olunaraq qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması bildirilmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxışında üçüncü şəxslər X6 (eyni zamanda üçüncü şəxs X13 və X5 nümayəndəsidir), X7 və X4 iddianı qəbul etdilər və izah etdilər ki, İddiaçı mülkiyyətində olan ünvan 2-dən qeydiyyatdan çıxmağa razıdırlar, lakin başqa yerə qeydiyyata düşməyə yerləri yoxdur. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 16.03.2012-ci il tarixli, seriya MA ******* saylı çıxarışdan görünür ki, ümumi sahəsi 46.2 kv m , yaşayış sahəsi 32.8 kv m olan 2 otaqlı olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, 2/58 saylı evdə yerləşən 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan digər şəxslər X6, X13, X4, X15, X7 və X8r. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 06.03.2021-ci il tarixli, 123-89850- 3221 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X6, X13, X4, X15, X7 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Lakin üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X6, X13, X4, X15, X7 və X5 İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 2/58 saylı evdə yerləşən 12 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X6, X13, X4, X15, X7 və X5 İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 2/58 saylı evdə yerləşən 12 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar