Məhkəmə qərarları › İş №2-1(118)-989/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-989/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-989/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.05.1991-cı il tarixdən 14.08.1996-cı il tarixə kimi Azərbaycan Respublikası ordu sıralarında N və N saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Bütün bunlar hüquqmüəyyənedici sənəd olan hərbi biletində öz əksini tapmışdır. Xidmət müddəti ərzində dəfələrlə rəhbərlik tərəfindən layiqli xidmətinə görə mükafatlandırılmışdır. Lakin bu günə qədər dəfələrlə müraciətlərinə baxmayaraq o müharibə veteranı statusu və müvafiq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Bununla əlaqədar Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də bu günə qədər veteran və veteran vəsiqəsi ilə təmin olunmamışdır. Əlavə olaraq onunla birlikdə döyüş bölgələrində iştirak etmiş şəxslər veteran adı və veteran vəsiqələri ilə təmin olunublar. Odur ki, yuxanda qeyd edilənləri nəzərə alaraq onun haqlı olaraq haqq etdiyi veteran adının və vəsiqəsinin ona verilməsinə dair məsələ məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz: iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. 17.10.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının 24.12.1993-cü il tarixdən sonra N və N nömrəli hərbi hissələrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığından, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin 17.10.1997ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 Ns-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994- cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteran”ı adı verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 25.09.2020ci il tarixli, 1/0-12747 nömrəli imtina məktubu, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 27.07.2020-ci il tarixli, 9/2-7905 nömrəli arayışı, Müdafiə Nazirliyinin etiraz ərizəsi, H3 N- 6002450 nömrəli Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli 422 saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 N–li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda "sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. Həmçinin, 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Eyni zamanda, 10 iyun 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Belə ki, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 20 may 1991-ci il tarixindən 14.08.1996-cı il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərarlara uyğun olaraq hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996- cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də N və N saylı hərbi hissələrdə davam etdirməklə, Müdafiə Nazirinin 14.08.1996-cı il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Nəzərə alınmalıdır ki, həmin dövrdə İddiaçı xidmət etdiyi müvafiq hərbi hissələr döyüş əməliyatlarında iştirak etmişdirlər. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zamanı yuxarıda qeyd olunan qanunun qeyd hissəsində göstərilən əməllərə görə məsuliyyətə cəlb edilməyib, əksinə xidmətini digər qurumlarda (DİN) davam etdirməklə Müdafiə Nazirinin 14.08.1996cı il tarixli əmrinə əsasən ordu sıralarında tərxis olunub. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının döyüşlərdə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N və N saylı hərbi hissələrdə döyüş əməliyyatlarında etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 14.08.1996-cı il tarixli əmri ilə ordudan tərxis olunmuşdur. Müvafiq məlumatlar iddiaçıya aid hərbi biletin təsdiqlənmiş surətindən də öz təsdiqini tapır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi xidmətdən tərxis olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Halbuki Azərbaycan Respublikası X1 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar