Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-99/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 17.12.1975-ci il tarixdən 29.12.2006-cı il tarixədək işlədiyi dövrləri sosial sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə yaşa görə pensiya təyin edilməsi barədə sənədlərlə müraciət etmiş, 21 iyun 2019-cu il tarixli DSMFnun məktubuna əsasən, qeyd edilmişdir ki, “ona pensiya təyin edilərkən şöbəyə təqdim etdiyiniz əmək kitabçasında qeyd edilən 17.12.1975–ci il tarixdən 29.12.2006–cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Yoxlanılması üçün müvafiq qaydada sorğu edilmiş, lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir”. Qeyd etdi ki, o, 30 il (1975-ci il tarixdən 2006–cı il tarixə qədər) "Azərbaycan Apteklər idarəsində” qanuni olaraq işləmiş (əmək kitabçası ərizəyə əlavə olunur), həmin vaxtı onların dərman bazası satılıb və arxivi Sumqayıt şəhər göz xəstəxanasına köçürülmüşdür. Bütün bunlara o özü şahid olmuşdur. Daha sonra Sumqayıt şəhər 5 nömrəli xəstəxanası tikinti təmir işlərinə ayrılmış və beləliklə də, bütün sənədlər itib batmışdır. Qeyd etdiyi bütün xüsusatları onunla 30 il birlikdə çalışan şəxslər 01.04.1947-ci il təvəlldülü X2 və 10.09.1947-ci il təvəllüdlü X3 da şahid olaraq təsdiq edə bilərlər (Şahidlərin şəxsiyyət vəsiqələri və əmək kitabçalarının surətləri əlavə olunur). Yaşı təqaüd yaşına çatdtdığından onun bir vətəndaş olaraq Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən yaşa və iş stajına görə təqaüd almaq hüququ vardır. Yuxarıda qeyd olunanlara baxmayaraq DSMF–nun Sumqayıt şəhər Şöbəsi təqaüd verməkdən imtina edir, ona görə məhkəməyə müarciəl etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7–ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7–ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017–ci il iyulun 1– dən başlayaraq 2021–ci il iyulun 1-dək, qadınların yaş həddi 2017–ci il iyulun 1-dən başlayaraq 2027–ci il iyulun 1–dək hər il altı ay artırılır. Vətəndaş İddiaçı pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən 17.12.1975–ci il tarixdən 29.12.2006–ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 21.06.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının yoxlanılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir.Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunmuşdur ki, 1975-2006-cı illərdə "Azərbaycan Apteklər İdarəsində” əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək kitabçasına görə İddiaçı əmək stajı 31 il təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı 1975-2006-ci illərdə əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1975-2006-ci illərdə əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona 25.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-99/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-99/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver