Məhkəmə qərarları › İş №2-1(118)-99/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-99/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-99/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdaifə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamda olduğu müddətdə ödəniləsi məvacibin ödənilməsi və təqaüdünün yenidən 1999-cu il tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1997-1999-cu illər üzrə məvacibin ödənilməsi və əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi.

3. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçı 1997-ci ilin iyun ayından xx.xx.1999-cu il tarixədək X2nin N saylı hərbi hissə komandirinin sərəncamında olmuş və N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 371 saylı əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarında çıxarılmış və Ağdam rayon hərbi komissarlığına göndərilmişdir. Sərəncamda olduğu müddət ərzində məvacib almamış, ehtiyata tərxis olunduğu zaman isə ona təqaüd hesablanmamış və təyin edilməmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almışdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Konstitusiyasının 60, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 12.1, 33.1, 33.2, 36.1, 58.7, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Sosial təminat və pensiya şöbəsində saxlanılan İddiaçı şəxsi (pensiya) işi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, o, Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, 0226 nömrəli əmri ilə N nömrəli hərbi hissədə motoatıcı tabor komandirinin silahlandırma üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Lakin İddiaçı hərbi hissəyə gəlməmişdir, hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısına daxil olmamışdır və bütün növ təminatlara (pul, ərzaq və əşya təminatına) qoyulmamışdır. Bu səbəbdən də İddiaçı müdafiə nazirinin xx.xx.1997-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissə komandirinin sərəncamına çıxarılmışdır. İddiaçının hərbi hissəyə gətirilməsi mümkün olmadığı üçün barəsində toplanmış ilkin təhqiqat materialları hərbi prokurorluğa göndərilmişdir. Füzuli qarnizonu hərbi prokurorluğunun xx.xx.1999-cu il tarixli, 28058 nömrəli məktubuna əsasən müdafiə nazirinin xx.xx.1999-cu il tarixli 0853 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 171 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin “ə” bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, 05 iyun 2002-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası müdafiə nazirinin 3 avqust 1993-cü il tarixli 249 nömrəli əmri ilə qüvvəyə minmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd olunan Əsasnamənin tələblərinə uyğun olaraq zabitlərə pul təminatı, hərbi hissələrdə xidmət edən və Müdafiə nazirinin əmri ilə təyin olunduqları vəzifənin icrasına başladıqları (hərbi hissə komandirinin əmri ilə elan edilir) gündən ödənilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı Əsgərov X5 nazininin müvafiq əmri ilə vəzifəyə təyin olunsa da, o hərbi hissəyə gəlməmişdir, orada xidmət etməmişdir, həmçinin əmrlə hərbi hissənin pul təminatına qoyulmamışdır, təyin olunduğu vəzifənin icrasına başlamamışdır və icra etməmişdir. Bu səbəbdən də İddiaçı sərəncamda olduğu dövrə görə ona pul təminatının ödənilməsi tələbi qanunsuz və əsassızdır. Müdafiə nazirinin 3 avqust 1993-cü il tarixli 249 nömrəli əmrinin tələblərinə uyğun olaraq tutduqları vəzifədən azad edilərək sərəncama çıxarılmış zabitlərə pul təminatı aşağıdakı qaydada ödənilir: birinci 2 ay üçün - hərbi rütbə və axırıncı əsas vəzifə maaşı; sonrakı 2 ay üçün - yalnız hərbi rütbə maaşı. Sərəncamda olmanın 4 ayı bitdikdən sonra zabitlərə pul təminatı ödənilmir. Əlavə olaraq bildirilir ki, zabitlər, onları vəzifəyə təyin etmə səlahiyyətinə malik olan rəislərin (Müdafiə nazirinin və ya Azərbaycan Ordusunun Baş Qərargah rəisinin) sərəncamında olurlar. İddiaçı hər hansı bir vəzifəyə təyin olunması üçün yuxarıda qeyd edilən vəzifəli şəxslərin sərəncamına çıxarılmamışdır. Vəzifəyə təyin olunmuş zabitlər sərəncamda hesab edilmirlər.Bundan əlavə, İddiaçı xx.xx.1997-ci il tarixdən əmək pensiyasi təyin olunması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-15822 nömrəli xx.xx.2021-ci il tarixli məlumat vərəqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin Mərkəzi Filialına göndərilmişdir. İddiaçı təcrübəli və savadlı bir hərbi qulluqçu kimi əgər hesab edirdisə, bu ödəniş qanunla ona ödənilməlidir, bu halda sərəncamda olduğu zaman ona ödəniləsi məvacibin ödənilməsini xidmətdə olduğu dövrdə, həmçinin 1999-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra tələb edib almaya bilməzdi. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 1999-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 1999-cu ilə aid olsa da o, 23 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Onu da nəzərə almaq lazımdır ki, mübahisələndirilən dövrdə qanuni qüvvədə olmuş prosessual qanunvericiliyə görə də iddia müddəti də 3 ildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd olunanlara əsasən İddiaçı sərəncamda olduğu dövrə görə pul təminatının ödənilməsi, habelə ona pensiyanın 1999-cu il tarixdən hesablanması məqsədilə tərəflərindən yeni məlumat vərəqinin tərtib olunaraq göndərilməsi qanunauyğun deyil.

6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-958/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2-1(118)-272/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh X2nə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair hissəsində) ləğv edilərək ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün məhkəməyə göndərilmiş, qərardad qalan hissədə (İddiaçı cavabdeh X2nə qarşı “1997-1999-cu illər üzrə məvacibin ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

b) Tərəflərin iştirakı və izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

11. X2nin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, X2ndən göndərilmiş baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 145 nömrəli əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək 1 MAB-un qərargah rəisi vəzifəsinə təyin edilmiş və xidməti xx.xx.1992-ci il tarixdən sayılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 nömrəli əmri ilə əməliyyat rəisinin müavini baş leytenant İddiaçı həmin tarixdən vəzifəsindən azad edilərək müvəqqəti olaraq N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 nömrəli əmri ilə kapitan İddiaçı 7 MAT-un şəxsi heyətinin tərkibinə daxil edilərək tabur komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 278 nömrəli əmri ilə Azərbaycan Milli Ordusunun yaradılmasının 3-cü il dönümü münasibəti ilə kapitan İddiaçı “təşəkkür” elan edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 360 nömrəli əmrində Həmrəylik bayramı münasibəti ilə kapitan İddiaçı “təşəkkür’' elan edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissəyə Motoatıcı tabor komandirinin silahlandırma üzrə müavini vəzifəsinə təyin olunmuş 5 motoatıcı tabur komandiri mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 102 nömrəli əmri ilə vəzifə və işini təhvil vermiş hesab edilərək xx.xx.1997-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə nazirinin xx.xx.1999-cu il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin sərəncamında olan mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 371 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-na göndərilmişdir.

12. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuşdur.

13. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsindən görünür ki,İddiaçı cəmi iş stajı və xidmət illəri 20 il 2 ay 26 gün olaraq hesablanmış və tərxis olunduğu tarix xx.xx.1997-ci il qeyd edilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının pensiya hüququnun yarandığı tarix xx.xx.1997-ci il qeyd olunmuş və cəmi xidmət illəri 20 il 2 ay göstərilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mayor Əsgərov X5 Nazirliyinin 16 mart 1997-ci il tarixli, 0226 saylı əmri ilə N saylı hərbi hissənin motoatıcı taborunun silahlandırma üzrə komandiri vəzifəsinə təyin olunmuş, lakin təyin olunduğu hərbi hissəyə hərbi qulluqdan boyun qaçırmaq məqsədi ilə gəlmədiyindən onun barəsində 20 may 1998ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin “v” bəndi ilə cinayət işi başlanmış, 23 may 1998-ci il tarixdə istintaq aidiyyəti üzrə Füzuli hərbi prokurorluğuna göndərilmiş və cinayət işinə 28058 nömrəsi verilməklə istintaqın aparılması davam etdirilmişdir. 20 iyun 1998-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin “v” bəndi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmadığından barəsində “axtarış elan edilməsi, tutulması və istintaq orqanına təqdim edilməsi haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə göndərilmiş və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan bütün prosessual hərəkətlər yerinə yetirildiyindən İddiaçı tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikası köhnə CPM-nin 209.1-ci maddəsinə əsasən dayandırılmışdır. 01 oktyabr 2002-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmiş, Azərbaycan Respublikası CM-nin 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsinə əsasən İddiaçı əməli Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin "v” bəndindən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinə tövsif edilərək barəsində həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, qeyd olunan tarixdə həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Füzuli-Qubadlı Hərbi Məhkəməsinə müraciət edilmiş və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 03 oktyabr 2002-ci il tarixli qərarı ilə İddiaçı barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmiş, 05 oktyabr 2002-ci il tarixdə isə cinayət işi üzrə icraat qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş 08 avqust 2008-ci il tarixli, 9/11- 8948 nömrəli məlumat məktubundan görünür ki, İddiaçı Rusiya Federasiyası vətəndaşlığını qəbul etdiyindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01,1993-cü il tarixli Konvensiyasının 57-ci maddəsinin tələbinə əsasən onun barəsində olan axtarış işinə xitam verilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Hərbi X1 barəsində istintaq olunan cinayət işi üzrə İddiaçı xidmət yerinə gəlməməsi faktı ilə bağlı xx.xx.1997-ci il tarixdə İddiaçı barəsində xx.xx.2000-ci tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 241-ci maddəsinin "a” bəndi ilə cinayət təqibi başlanılmışdır. Həmçinin, İddiaçı hərbi qulluqdan boyun qaçırmaq məqsədi ilə təyin olunduğu hərbi hissəyə gəlmədiyindən barəsində 20 may 1998-ci il tarixdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 242-ci maddəsinin "V” bəndi ilə cinayət işi başlanmış, 20 iyun 1998-ci il tarixdə İddiaçı barəsində həmin maddə ilə “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmadığından barəsində “axtarış elan edilməsi, tutulması və istintaq orqanına təqdim edilməsi haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə göndərilmiş və İddiaçı tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. 01 oktyabr 2002-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası CM-in xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş yeni CM-nə əsasən İddiaçı əməli hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-in 334.1 -ci maddəsinə tövsif edilərək barəsində həmin maddə ilə “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar qəbul edilmiş, barəsində Füzuli- Qubadlı Hərbi Məhkəməsinin 03 oktyabr 2002-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilərək qərarın icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmiş və 05 oktyabr 2002-ci il tarixdə isə cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş məlumat məktubuna əsasən İddiaçı Rusiya Federasiyası vətəndaşlığını qəbul etdiyindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” xx.xx.1993-cü il tarixli Konvensiyasının 57-ci maddəsinin tələbinə əsasən barəsində olan axtarış işinə xitam verilmişdir.

17. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1149 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan mayor İddiaçı N nömrəli hərbi hissənin dekabr 1997-ci il, yanvar-dekabr 1998-ci il, yanvardekabr 1999-cu il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-1-ci maddəsinə əsasən şərti əmək pensiyası – ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləğidir. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər. 9.5.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək olan redaksiyasında göstərilirdi ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası almaq hüququ vardır. Qanunun həmin dövrə qədər qüvvədə olmuş 9.5.2-ci və 9.5.3-cü maddələrinə müvafiq olaraq hərbi xidmətdən yaşa görə buraxılmış, habelə buraxıldığı günə 45 və daha çox yaşı olan xəstəliyinə və səhhətinin məhdud imkanlarına, eləcə də ştatların ixtisarına görə buraxılmış hərbi qulluqçuların 25 təqvim ili və daha çox ümumi iş stajı olduğu, bu stajın 12 il 06 ayını hərbi xidmətdə keçirdiyi halda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-c il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının: 2.5-ci bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin avtomatlaşdırılmış qaydada ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməmiş ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin əmək pensiyasının təyin edilməsi barədə yazılı, o cümlədən elektron müraciətlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi əsasında baxılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

26. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

27. Belə ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə əmək pensiyası təyin edilmiş və həmin qərarda iddiaçının pensiya hüququnun yarandığı tarix xx.xx.1997-ci il qeyd olunmuş və cəmi xidmət illəri 20 il 2 ay göstərilmişdir. Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən məlumat vərəqəsində İddiaçı cəmi iş stajı və xidmət illəri 20 il 2 ay 26 gün olaraq hesablanmış və tərxis olunduğu tarix xx.xx.1997-ci il qeyd edilmişdir. Bununla razılaşmayan iddiaçı əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin icrasından imtina edilmişdir.

28. Məhkəmənin sorğularına cavab olaraq göndərilmiş Füzuli Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mayor Əsgərov X5 Nazirliyinin 16 mart 1997-ci il tarixli, 0226 saylı əmri ilə N saylı hərbi hissənin motoatıcı taborunun silahlandırma üzrə komandiri vəzifəsinə təyin olunmuş, lakin təyin olunduğu hərbi hissəyə hərbi qulluqdan boyun qaçırmaq məqsədi ilə gəlmədiyindən onun barəsində 20 may 1998ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin “v” bəndi ilə cinayət işi başlanmış, 23 may 1998-ci il tarixdə istintaq aidiyyəti üzrə Füzuli hərbi prokurorluğuna göndərilmiş və cinayət işinə 28058 nömrəsi verilməklə istintaqın aparılması davam etdirilmişdir. 20 iyun 1998-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin “v” bəndi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmadığından barəsində “axtarış elan edilməsi, tutulması və istintaq orqanına təqdim edilməsi haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə göndərilmiş və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan bütün prosessual hərəkətlər yerinə yetirildiyindən İddiaçı tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikası köhnə CPM-nin 209.1-ci maddəsinə əsasən dayandırılmışdır. 01 oktyabr 2002-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmiş, Azərbaycan Respublikası CM-nin 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsinə əsasən İddiaçı əməli Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 242-ci maddəsinin "v” bəndindən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinə tövsif edilərək barəsində həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, qeyd olunan tarixdə həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimatla Füzuli-Qubadlı Hərbi Məhkəməsinə müraciət edilmiş və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 03 oktyabr 2002-ci il tarixli qərarı ilə İddiaçı barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və qərarın icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmiş, 05 oktyabr 2002-ci il tarixdə isə cinayət işi üzrə icraat qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş 08 avqust 2008-ci il tarixli, 9/11- 8948 nömrəli məlumat məktubundan görünür ki, İddiaçı Rusiya Federasiyası vətəndaşlığını qəbul etdiyindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01,1993-cü il tarixli Konvensiyasının 57-ci maddəsinin tələbinə əsasən onun barəsində olan axtarış işinə xitam verilmişdir.

29. Həmçinin iş materialları ilə müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan mayor İddiaçı N nömrəli hərbi hissənin dekabr 1997-ci il, yanvardekabr 1998-ci il, yanvar-dekabr 1999-cu il tarixli zabit və gizir heyətinə pul təminatının ödənilməsi cədvəllərində əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır.

30. Göründüyü kimi iddiaçının 20 il 2 ay xidmət illəri nəzərə alınmaqla ona ona əmək pensiyası təyin edilmişdir. 1997-1999-cu illər ərzində iddiaçı əmək haqqı almadığından həmin dövrün təminat xərcliyinə daxil edilməsi yolverilməzdir. Bu səbəbdən həmin dövr məlumat vərəqəsinə daxil edilə və əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz. İddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh X2nə qarşı “əmək pensiyasının 1999-cu il tarixdən təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar