Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-990/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş 26.02.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehin “Loğman” Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən onun, yəni X2 adına 26 fevral 1998-ci il tarixdə verilmiş A002008 nömrəli diplomun dövlət nümunəli sənəd olmasını tanımaqdan imtina etməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə göstərilən diplomun dövlət nümunəli sənəd olmasının tanımaq öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş 26.02.1998ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o xx xxxx 1979-cu il tarixdə anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 1998-ci ildə həmin məktəbin “Mama” ixtisası üzrə tam kursunu bitirmişdir. Müstəqil ixtisas komissiyasının 26 fevral 1998-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. Göstərilən Tibb Məktəbini bitiməsi barədə onun, yəni, X2 adına 26 fevral 1998-ci il tarixli, qeyd nömrəsi 2008 olan A №002008 nömrəli diplom verilmişdir. 21 oktyabr 2000-ci il tarixdə o, X1 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikah bağlandıqdan sonra ərinin soyadı olan “Məmmədxanova” soyadını qəbul etmiş və 15.04.2014-cü il tarixdə Xaçmaz RPŞ tərəfindən adına verilmiş AZE №******** saylı şəxsiyyət vəsiqəsində soyadı Məmmədxanova göstərilmişdir. 03 may 1999-cu il tarixdə o, Azərbaycan Respublikası Dəmir Yolları İdarəsinin Xaçmaz Stansiyasındakı Tibb məntəqəsinə Tibb bacısı vəzifəsinə işə qəbul olunaraq hal-hazırki vaxtadək həmin vəzifədə çalışır. Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti üzrə verilmiş 03.09.2021-ci il tarixli 434-К saylı əmri ilə o “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün 07.10.2021-ci il tarixədək 2 nömrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Bununla bağlı həmin Kollecdən ona bildirmişlər ki, “Loğman” Tibb Məktəbinin adına verdiyi A seriyalı 002008 nömrəli diplomun Səhiyyə Nazirliyində qeydiyyatda olub-olmaması barədə həmin nazirliyə müraciət etməlidir. Ona görə də o rəsmi ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmiş və müraciətinə nazirliyin X6 müdiri Səidə Rüstəmovanın imzası ilə 28.09.2021-ci il tarixli 5-51/M-10828 saylı məktubla cavab verilmişdir ki, Loğman” Tibb Məktəbi tərəfindən adına yazılmış A seriyalı 002008 nömrəli diplom barədə Səhiyyə Nazirliyində məlumat yoxdur, həmin sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən arayış təqdim olunduqdan sonra müraciətinə baxıla bilər. Bundan sonra o, rəsmi ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir. Həmin ərizəsinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədovun imzası ilə 26 oktyabr 2021-ci il tarixli M-14525/31- 24 saylı məktubla cavab verilmişdir ki, adınıza yazılmış A002008 nömrəli blankının hüquqi əsası yoxdur. Hesab edir ki, Təhsil Nazirliyinin ərizəsinə həmin imtina cavabı qanunsuz və əsassızdır. Belə ki, o 1995-ci ildə qəbul imtahanlardan müvəfəqiyyətlə keçərək “Loğman” Tibb Məktəbinə qəbul olunmuş və 3 il ərzində həmin məktəbdə əyani təhsil alaraq müstəqil ixtisas komissiyasının 26 fevral 1998-ci il tarixli qərarı ilə ona “mama” ixtisası verilmişdir. 26 fevral 1998-ci il tarixdə “Loğman” Təsərrüfat hesablı Tibb Məktəbinin möhürü ilə təsdiq edilmiş, qeyd nömrəsi 2008 olan A 002008 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında o, yuxarıda qeyd etdiyi kimi 1999-cu ildə X7 məntəqəsinə tibb bacısı vəzifəsinə qəbul olunmuş, hazırki vaxtadək həmin vəzifədə çalışır. 22 ildir ki, o, ixtisası üzrə çalışır və işin öhdəsindən layiqincə gəlir. Təhsil nazirliyindən rədd cavabını aldıqdan sonra məsələ ilə maraqlandıqda məlum olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara almışdır. 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında X9 Komissiyasının rəyinə əsasən “Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfatı hesablı tibb məktəbi qeyri-dövlət orta ixtisas təhsilli müəssisəsi kimi qeydiyyata alınsın. Müəyyən edilsin ki, tibb məktəbində 0401 “Müalicə işi”, 0402 “Mamaçılıq işi”, 0405 “Əczaçılıq işi”, 0406 “Ortopedik stomotologiya”, 0408 “Tibb bacısı işi” ixtisasları üzrə 3 il müddətinə kiçik mütəxəssis hazırlığı aparılır. 2.Azərbaycan Respublikasının Təhsil Nazirliyi tibb məktəbinin nizamnaməsinin müəyyən olunmuş qaydada qeydə alınsın. Göründüyü kimi adına olan diplomu vermiş “Loğman” Tibb Məktəbi Nazirlər Kabinetinin rəsmi qərarına əsasən fəaliyyət göstərmiş və həmin qərarla Təhsil Nazirliyinə tapşırılmışdır ki, tibb məktəbinin nizamnaməsini qeydə alsın. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabineti aşağıdakı məzmunda 30 dekabr 2007-ci il tarixli 221 nömrəli qərarı qəbul etmişdir: “Loğman” Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 2.Bu qərar imzaladığı gündən qüvvəyə minir. Göründüyü kimi Loğman Tibb Məktəbi 12 fevral 1996 il tarixdə NKnin qərarı ilə qeydiyyata alınmış və həmin orqanın 30 dekabr 2007- ci il tarixli qərarı ilə qeydiyyatı ləgv edilmişdir, yəni onuntəhsil aldığı müddətdə bu təhsil müəssisəsi qanuni əsaslarla fəaliyyət göstərmişdir. Ona görə də hesab edir ki, cavabdehin adına olan A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olduğu barədə rəy verilməsinə dair ərizəsinə “diplom blankının hüquqi əsası yoxdur” kimi cavab verilməsi tamami ilə əsassızdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-1998-ci illərdə Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb Məktəbində “Mamalıq işi” ixtisası üzrə təhsil almış və həmin təhsil müəssisəsini bitirməsi ilə əlaqədar ona A 002008 saylı diplom verilmişdir. İddiaçı özünə məxsus diplom sənədini tanınması üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh müraciətə baxaraq iddiaçıya cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Bildirilir ki, xarici dövlətlərin ali təhsil müəssisəslərində təhsil almış şəxslərin diplomların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın təsdiq edilməsi haqqında 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçının orta ixtisas haqqında təqdim etdiyi diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuniliyi müəyyən edilə bilər. “Loğman” Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.02.1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Tibb məktəbin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 31-ci maddəsinə görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Həmçinin iddiaçının adına “Loğman" tibb məktəbi tərəfindən yazılmış A 002008 saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməli, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. “Loğman” Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmiş və o əsasla Tibb Məktəbinin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - A 002008 saylı diplomdan görünür ki, X4 1995-ci ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin “Mamalıq işi” şöbəsinə daxil olmuş və 1998-ci ildə mama ixtisası üzrə tam kursu bitirmişdir. - AZ-1 005870 saylı, 03 may 1999-cu il tarixli əmək kitabçasından görünür ki, Nəbiyeva (Məmmədxanova) Zəminə Hacıağa qızı 03 may 1999-cu ildən tibb bacısı vəzifəsində işləyir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ünvanladığı 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Loğman” tibb məktəbi tərəfindən adına yazılmış A seriyalı 002008 nömrəli diplom barədə Səhiyyə Nazirliyində məlumat yoxdur və adına yazılan təhsil haqqında sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən arayış təqdim edildikdən sonra müraciətinə baxıla bilər. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 26 oktyabr 2021ci il tarixli məktubunda qeyd olunmuşdur ki, adına yazılmış A 002008 nömrəli diplom blankının hüquqi əsası yoxdur. - Məhkəmə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fəaliyyəti dövründə Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankları verilmədiyindən “Loğman” Tibb Məktəbi tərəfindən İddiaçı adına yazılmış A002008 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb Məktəbinin fəaliyyəti dayandırıldıqdan sonra həmin məktəbin arxiv sənədləri Təhsil Nazirliyinə təqdim olunmadığına görə Məmmədxanova (Nəbiyeva) Zəminə Hacıağa qızının 1995-1998-ci illərdə Loğman tibb məktəbində oxuyuboxumaması, ona həmin təhsil müəssisəsində təhsil almasına dair diplom verilibverilməməsi, həmin dövrlərdə təhsil almış və diplomları almış şəxslər barədə məlumatların verilməsi imkan xaricindədir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 18 aprel 2022-ci il tarixli 4/687 saylı məktubundan görünür ki, sorğuda qeyd olunan Loğman tibb məktəbinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 Respublika təsərrüfat hesablı “Loğman” Tibb məktəbi tərəfindən onun 1995-ci ildə “Mamalıq işi” şöbəsinə daxil olması və oranı 1998-ci ildə mama ixtisası üzrə tam kursu bitirməsinə dair A002008 nömrəli diplom təqdim olunmuşdur. İddiaçı diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçıya sözügedən diplomun verildiyi dövrdə qüvvədə olan 30 dekabr 1992-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Təhsil Qanununun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir. Bu funksiyanı müstəqil surətdə həyata keçirmək üçün Xalq Təhsili Nazirliyi sistemində X9 Komissiyası Komissiyası yaradılır. Komissiyanın Əsasnaməsini hökumət təsdiq edir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisəsi Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada qeydiyyatdan keçdikdən sonra müstəqil hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnamə təhsil müəssisəsinin ali orqanında qəbul olunur və təhsili idarəetmə orqanı tərəfindən qeydiyyata alınır Həmin Qanunun 31-ci maddəsinə əsasən, Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində Ekspert Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərar çıxardır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Sadalanmış qanunveriicliyin mübahisəli məsələ ilə bağlı tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin yanında Ekspert Komissiyası yaradılır ki, həmin Komissiyanın təhsil müəssisəsi ilə bağlı qəbul etdiyi müsbət qərar əsasına daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəssisənin qeydə alınması barədə qərar qəbul olunmalıdır. Yalnız bundan sonra müəssisə dövlət reyestrinə daxil edilməli və ona sertifikat verilməlidir.Qeyd edilmiş prosedura riayət edildiyi təqdirdə təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılmış hesab edilir və müstəqil hüquqi şəxs statusu alır. İşin hallarından göründüyü kimi, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyasının qərarının qəbul edildiyi müəyyən edilməmişdir. Belə olan halda həmin müəssisənin dövlət reyestrinə daxil edilməsi və müvafiq sertifakatın verilməsi də müəyyən olunmur. Diplomun dövlət nümunəli sənəd kimi qiymətləndirilməməsinə münasibətdə isə qanunvericiliyin tələbləri aşağıdakılardan ibarətdir. “Azərbaycan Respublikasının Təhsil Qanununun” 8-ci maddəsinin 1-ci bəndinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli, 413 saylı qərarının 7-ci bəndinə əsasən, qeyd olunsun ki, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır. Belə müəssisələr müəyyən olunmuş qaydada yenidən təşkil edilmiş Ekspert Komissiyasının rəyi əsasında Nazirlər Kabinetində dövlət qeydiyyatından keçə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli, 58 saylıqərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi” təsdiq edilmiş və həmin əsasnamənin 3.5-ci bəndində müəyyən edilmişdi ki, Təhsil Nazirliyi (...) həvalə edilmiş vəzifələrə uyğun olaraq:- məzunların təhsil müəssisələrini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədlinin nümunəsini müəyyən olunmuş qaydada təsdiq olunmaq üçün təqdim edir, məzunların sayına müvafiq olaraq təhsil müəssisələrini sənəd blankları ilə təmin edir. Maddələrin tələblərindən göründüyü kimi, yalnız ekspert Komissiyasının rəyi əsasında Nazirlər Kabinetində dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrini vahid formada dövlət sənədi olan diplom blankları ilə təmin edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Göstərilmiş qaydada yaradılmamış təhsil müəssisələrinin verdiyi diplomların isə etibarsız hesab olunması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi diplomun hər hansı bir hüquqi qüvvəsi olmadığından, onun yenisi ilə əvəz edilməsinə dair tələbidə əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş 26.02.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin üzərinə Loğman Səhmdar Cəmiyyəti Respublika Təsərrüfat hesablı tibb məktəbi tərəfindən ona verilmiş 26.02.1998-ci il tarixli A002008 nömrəli diplomun yeni dövlət nümunəli diplom blankı ilə əvəz edilməsi öhdəliyinin qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-990/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-990/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver