Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-991/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X2 və X3 mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 və X3 mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 02 aprel 2021-ci il tarixli, 128-211197 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. X2 və Müslümzadə (Tanrıverdiyeva) Aygün Eyvaz qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Onun alqı-satqı yolu ilə aldığı həmin mənzilə dair 17.03.2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX N2 ******* saylı Çıxarış almışdır. Həmin çıxarışda evin iddiaçıya məxsus olması və evə dair bütün xüsusatlar göstərilmişdir. Həmin ev iddiaçının xüsusi mülkiyyətindədir. Lakin sonradan tanıdığı X2 ondan xahiş edərək onu və arvadı X4 iddiaçının mülkiyyətində salmağı xahiş etmişdir. O, iddiaçıya bildirmişdir ki, ona bu qeydiyyat müvəqqəti lazımdır və tezliklə ev alıb iddiaçının evindən özü və arvadı qeydiyyatdan çıxacaqlar. İddiaçı onun sözünə inanıb onun və arvadının iddiaçının mülkiyyətində olan evə qeydiyyata düşmələrinə razılıq vermişdir. Hal-hazırda həmin iki nəfər, yəni X2 və X7 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatdadırlar. Bu adamları iddiaçı tanıyır və vaxtı ilə onların iddiaçının evinə qeydiyyata düşmələrinə o razılıq vermişdir. Bu şərtlə ki, başqa yer tapıb tezliklə iddiaçının evindən qeydiyyatdan çıxsınlar. Lakin xeyli vaxt keçməsinə və iddiaçının da dəfələrlə müraciət etməsinə baxmayaraq onlar iddiaçıya məxsus evdən hələdə qeydiyyatdan çıxmamışlar. Hər dəfə müxtəlif bəhanələr gətirərək iddiçıya məxsus məxsus evdən qeydiyyatdan çıxmaqdan yayınırlar. Bu iki nəfər şəxsin heç biri iddiaçının mülkiyyıtində olan evdə yaşamamışlar və bu gündə yaşamırlar. Onların iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalmaları formal xarakter daşıyır və etibarsızdır. Onların iddiaçının evində qeydiyyatda qalmaları formal xarakter daşımaqla bərabər iddiaçının mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, iddiaçı onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, onların qeydiyyatda qalmaları iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Hal-hazırda həmin mənzillə bağlı müəyyən hüquqi hərəkətlər etmək istəsə də həmin iki nəfər şəxslərin orada qeydiyyatda olmaları iddiaçı üçün əlavə problemlər yaradır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Həmin şəxslərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma mənim mənzilimdə qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçıya məxsus evdən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətə ********* saylı, 02 .04. 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən, "hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir". Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqmda» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin şərh olunması barədə 31.01.2003-cü il tarixli Qərarına əsasən, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-çi maddəsinin ikinci hissəsinə əsasən 'yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinin üçüncü hissəsində müəyyən olunduğu kimi bu hüququn məhdudiyyətləri qanunla müəyyən olunmalı, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və ya mənəviyyatının və yaxud digər şəxslərin hüquq və azadlıqlarının mühafizə olunması baxımından zəruri olmalıdır. Bu ictimai və xüsusi maraqların arasında tarazlaşma axtarışının zərurəti ilə əlaqələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi isinin təşkil edilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınmasını tövsiyə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən, Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, "məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər." Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, "bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. " Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqlarını, işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadırlar. Həmin şəxslərin iddiaçının ailə üzvü olması, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının qonşuları olaraq X9, X8, Poladova Lia tərəfindən imza edilmiş 12 mart 2021-ci il tarixli Aktda qeyd edilmişdir ki, X2 və X1 Əliyev prospekti, ev 64 ünvanında 15.09.2020-ci il tarixindən yaşamırlar. Həmin akt 5 saylı MTİİTS tərəfindən təsdiq edilmiş müvafiq arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 və X3 mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 və X3 mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev