Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-991/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması barədə qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvləri olaraq həyat yoldaşı X10, xx.xx.2013-cü il təvəllüdlü övladı X13, xx.xx.2016-cı il təvəllüdlü övladı X12 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Övladları azyaşlı olduqlarından onlara baxmağı ilə əlaqədar heç bir yerdə işləmir. Həyat yoldaşı X5 rəsmi aylıq gəliri isə 2022-ci ilin yanvar ayına qədər 440 manat (ödənişlərdən sonra ona çatan məbləğ 389 manat) təşkil etmiş, 2022-ci ilin yanvar ayından etibarən isən 528 manat (ödənişlərdən sonra ona çatan məbləğ 460 manat) təşkil etməkdədir. Göründüyü kimi ailəsinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ailəsini təmsil edən şəxs kimi “Ərizə-bəyannamə”ni dolduraraq xx.xx.2022-ci il tarixində cavabdeh qurumun Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərmişdir. Belə ki, ilkin olaraq “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. O, təkrarən ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində elektron formada cavabdeh quruma müraciət etmişdir. Bu dəfə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. Cavabdeh qurumun hər iki imtina səbəbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 1.3-cü bəndinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə həmin qaydada nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Göründüyü kimi X5 gəlirləri barədə məlumat da müvafiq dövlət orqanının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Həmçinin cavabdeh qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinin ünvanlı sosial yardım üzrə işçiləri ailənin maddi-məişət şəraitinin müayinəsini apararkən, ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərini əhatə etdiyindən X5 əvvəlki aylıq gəlirinin 440 manat olduğu, 2022-ci ilin yanvar ayından isə onun aylıq əmək haqqında artım olduğu nəzərlərinə çatdırılmışdır. Növbəti imtinada isə ailənin gəlirləri məsələsinə toxunulmamış, X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. Qeyd edir ki, X5 xx.xx.2019-cu il tarixindən əmək pensiyası etibarsız hesab edilmişdir. Bu barədə bütün məlumatlar cavabdeh qurumda vardır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, VEMTAS tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022 tarixli, **********28901 nömrəli müraciətinə müvafiq olaraq “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün yenidən müraciət etmişdir. VEMTAS tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022 tarixli, **********28902 nömrəli müraciətinə müvafiq olaraq “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi” səbəbindən imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” xx.xx.2005-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sözügedən Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən, bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X16 və X21 (VEMTAS) yaradılmışdır. Sözügedən Qaydaların 1.1-ci maddəsinə əsasən, bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosia/ yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Sözügedən Qaydaların 2.2-ci maddəsinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyqun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət" və ya Nazirliyin "e-sosial” internet portallarında yerləşdirilmiş "ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Sözügedən Qaydaların 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizəbəyannamədə qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.3-cü maddəsinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.1-cü maddəsinə əsasən, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.7.1-cü maddəsinə əsasən, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.
1. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə münasibətdə qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən doldurulmuş “Ərizə-bəyannamə”də X5 əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat, müvafiq gəlirə münasibətdə ailə üzvünün orta aylıq gəlirinin 97.03 manat (4657.26 :12 (ay): 4 (ailə üzvlərinin sayı)=97.02625) təşkil etdiyi qeyd olunmuşdur. Ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı X5 əmək haqqının 440 manat olduğu müəyyən olunmuşdur. Müvafiq məlumat ailənin maddi-məişət şəraitinin müayinəsi barədə aktda (aktda olan məlumatlar təmsilçi tərəfindən öz imzası ilə təsdiqlənmişdir) öz əksini tapmışdır. Həmçinin iddia ərizəsində X5 rəsmi aylıq gəlirinin 2022-ci il yanvar ayınadək 440 manat, 2022-ci ilin yanvar ayından etibarən 528 manat təşkil etdiyi qeyd olunmuşdur. Əlavə olaraq X1 Sığorta Alt Sisteminə əsasən, X5 əvvəlki 12 ayda (xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə) gəliri xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə: 440 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə: 528 manat təşkil etdiyi müəyyən olunmuşdur (çıxarış əlavə edilir). Belə olan halda X5 əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat deyil, 5456 manat ((440*10)+(528*2)=5456) təşkil etdiyi müəyyən olunmuşdur.
2. İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə münasibətdə qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən doldurulmuş “Ərizə-bəyannamə”də X2 12 ayda əmək pensiyaçısı olduğu qeyd olunmuşdur. X3 X18 Sisteminə əsasən, əlilliyin etibarsız edilməsi ilə əlaqədar R.F.Əmirullayevin əmək pensiyası xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır (çıxarış əlavə edilir). Həmçinin müvafiq məlumat iddia ərizəsində qeyd olunmuşdur. Belə olan halda X2 12 ayda əmək pensiyaçısı olmadığı müəyyən olunmuşdur. Beləliklə, İddiaçı hər iki müraciətində düzgün məlumat vermədiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, imtinalar qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şabran rayonu İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 1992 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ailə tərkibi xx.xx.1984-cü il təvəllüdlü həyat yoldaşı X4, xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü oğulları X7 və X6 ibarətir. - xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma qeyd olunan tarixlərdə müraciət edilmişdir və həmin müraciətlər aşağıdakı kimi cavablandırılmışdır: xx.xx.2022-ci il tarixli müraciət – Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; xx.xx.2022-ci il tarixli müraciət – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi. - Məhkəməyə sorğu əsasında daxil olmuş məlumat vərəqəsindən görünür ki, X8 təyin olunmuş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən məcburetmə haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur İddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavadeh orqana 02 mart 2022-ci il tarixdə və 12 may 2022ci il tarixdə müraciətlər edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; ikinci müraciətinə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi səbəbindən onun müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunundun 1.0.2-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Qanunun 6.2-ci və 6.3-cü maddələrinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 81.-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3- cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Fərmanın 2.4-cü bəndinə əsasən Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.1-ci bəninə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Qaydaların 3.7-ci bəndinə əsasən aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X9 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Qaydaların 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, cavabdehə etirazında “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatda iddiaçının həyat yoldaşı X5 əvvəlki 12 ayda əmək haqqının 440 manat olduğu, X5 əvvəlki 12 ayda (xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə) gəliri xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə 440 manat; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 528 manat təşkil etdiyi müəyyən olunduğu, onun əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat deyil, 5456 manat ((440*10)+(528*2)=5456) təşkil etdiyi müəyyən olunduğunu qeyd etmişdir. Cavabdeh orqan imtinasının digər əsası kimi X5 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsini bildirmişdir. Lakin iş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş vərəqədən görünür ki, X8 xx.xx.2018-ci il tarixli qərarla üçüncü dərəcə əlillik təyin edilmiş, əlillik xx.xx.2019-cu il tarixdən isə etibarsız hesab edilmişdir. Cavabdeh orqan iddiaçı tərəfindən ailə gəlirləri və həyat yoldaşının əmək pensiyaçısı olması ilə bağlı məlumatın düzgün doldurulmadığını bildirsə də, məhkəməyə qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının ərizə-bəyannamədə öz gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və həyat yoldaşının əmək pensiyaçısı olması ilə bağlı məlumatın olmaması barədə imtinası əsassızdır. Odur ki məhkəmə belə hesab edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi vəverilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva