Məhkəmə qərarları › İş №2-1(118)-992/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-992/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-992/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının,onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X5 Baş İdarəsinə qarşı “onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN **********) yaratmışdır. "xxxx" MMC-nin rəhbəri olduğu dövrdə, 10 avqust 2020-ci il tarixinə hesablanmış cəmi 93191,71 (doxsan üç min doxsan bir manat 71 qəpik) Dövlət büdcəsinə borcu yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixdə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin 8 saylı Ərazi vergilər idarəsi “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması iddiasını təmin etmişdir. Rəhbəri olduğu "xxxx" MMC-nin bütün mal qalığı, nizamnanə kapitalı və bütün borc ödləlikləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında qeydiyyatda olan X1. "xxxx" MMC-nin bütün öhdəlikləri yeni rəhbər X3 məxsusdur. X2 etdiyi qanunsuz əməllərə görə məhkəmənin 27 aprel 2022-ci il müvafiq hökmü ilə azadlıqdan məhrum edilmişdir. Halhazırda onun adına heç bir hüquqi firma yoxdur. Fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğuldur. Vergi orqanlarından aldığı şəxsi vərəqə hər hansısa borc görsənmir. Bu səbəbdən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə xx.xx.2023-cü il tarixli müraciətlə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********801300 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsində müraciət etmiş, cavab olaraq ona borcun ödənilməsi təmin edildikdən sonra hüquqi şəxsin icra orqanının “əvvəlki” rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxıla biləcəyi barədə məktub göndərilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən, cavabdeh iddianın mümkünsüz olduğunu hesab edir: Belə ki, Lokal Gəlirlər Baş İdarəsi X7 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2020-ci il tarixinə dövlət büdcəsinə hesablanmış 93.191,71 manat borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ii tarixli e-2- 2(119)-511/2020 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Grand Decor” MMC-nin vergi borcu tam ödənilənədək X6 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır.Həmçinin, bildirilir ki, iddia ərizəsində qeyd olunmuş tələbetmə müddəti keçməyən 93191,71 manat borc məbləği 2019-cu ilin dekabr ayı üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə xx.xx.2020-ci il tarixdə hesablanan kameral vergi məbləğindən və ona hesablanan faizdən ibarətdir. Belə ki, ƏDV Dekabr 2019-cu il üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən ci il tarixdə göstəricilər olmadan (boş) təqdim edilmiş bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluq yaranmışdır: Qarşılıqlı əlaqələrin təhlili nəticəsində ƏDV tutulan əməliyyatlar üzrə cəmi dövriyyənizdən ƏDV məbləğinin 135000 manat olmasına baxmayaraq, təqdim edilən cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənizdən hesablanmış ümumi ƏDV məbləğinin 72000 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 63000 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********133700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi hesablanaraq vergilərin hesablanması barədə **********649300 nömrəli qərar göndərilmişdir. Kameral hesablama aparıldıqdan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir.Sonuncu dəqiqləşdirilmiş bəyannamə göstəricilər olmadan (boş) təqdim edilmişdir. Bəyannamədə aşağıdakı məzmunda elektron uyğunsuzluq yaranmışdır: Təqdim edilən bəyannamənin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV nəzərə alınmadan dövriyyə məbləği sütununda 0.00 manat məbiəğndə dövriyyə göstərilməsinə baxmayaraq, elektron qaimə-faktura məlumatlarına əsasən hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz ümumi dəyərinin 350000.00 manat göstərilməsi nəticəsində 350000.00 manat məbləğində fərq müəyyən edilmişdir. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli’ **********945700 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Vergi ödəyicisi tərəfindən zəruri olan sənədlər (məlumatlar) vergi orqanına təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixdə kameral vergi yoxlaması ilə 63000,0 manat əlavə dəyər vergisi yenidən bərpa edilərək vergilərin hesablanması barədə **********516900 nömrəli qərar göndərilmişdir.Borclu vergi ödəyicisi "xxxx" MMC-ə (VÖEN: **********) açılmış ci il tarixli **********7 nömrəli əmlakın siyahıya alınması qərarının icrası zaman vergi ödəyicisinin faktiki olaraq fəaliyyət göstərməməsi və həmin ünvanda vergi ödəyicisinə məxsus heç bir əmlakın olmaması barədə Akt tərtib edilmişdir. Göstərilən səbəblərə görə, iddiaçı barəsində cavabdeh tərəfindən dövlət vergi borcunun alınması istiqamətində sonrakı addımların atılması mümkünsüz olmuşdur. MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxıla bilən işlərin dairəsinə nəzər saldıqda isə, qeyd edilən həmin məhkəmədə baxılmalı olmadığı başa düşülür. Həmçinin MPM-ə əsasən, qətnamə qanuni qüvvəsi aldığından, iddiaçı tərəfindən şikayət verilməsi müddəti ötürülmüşdür.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 Nsli Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasım, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-cİ maddəsinə uyğun yoxlamalıdırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır və iddiaçı tərəfindən Kommersiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmədən öncə mübahisəiəndirilməli olduğu mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən 3 ilə yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 93191,71 manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, 93191,71 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "GRAND DECOR” MMC tərəfindən ödənilməmişdir. Əlavə olaraq bildirir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə müvafiq olaraq, “GRAND DECOR" MMC barəsində dövlət büdcəsindən 2019-cu il dekabr ayı üzrə 63.000 manat verginin yayındırılması faktına görə, xx.xx.2021-ci il tarixli Q2100559 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hesab edirik ki, bu tip işlərdə məhkəmələrin presedent yaratması İstinad kimi rəhbərin dəyişilməsini göstərərək, gələcəkdə dövlət vergi borclarının alınması istiqamətində əngəl törədə və kütləvi şəkildə sui-istifadə hallarının artmasına və qanunun tətbiqinin səmərəsizliyinə gətirib çıxara bilər. Həmçinin digər tərəfdən baxdıqda, müvafiq vergi borcunun məbləğinin ödənilməsinin təmin tədbiri kimi qanuni qüvvəsini almış məhkəmə qərarının, sonradan eyni birinci instansiya üzrə digər məhkəmə tərəfindən yeni qərarı ilə zəiflədilməsi və ya nəzərə alınmaması gələcəkdə məhkəmə təcrübəsi üzrə kolliziyalara gətirib çıxara bilər. Göstərilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara – cavabdehin xx.xx.2023-cü il tarixli, **********801300 nömrəli imtina məktubunun surəti, hesabat sənədlərinin surəti, Nizamnamə kapitalının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surəti, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-511/2020 saylı qətnaməsinin surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Vintervert Niderlanda qarşı” işində göstərmişdir ki, Konvensiyanın “qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)” (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin hər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcu olmalıdır, həmin borcun ödənilmə müddəti keçməlidir, hüquqi şəxsə münasibətdə ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı hazırkı işdə müəyyən edilməmişdir. Beləliklə, hüquqi şəxsin nizamnamə kapitalının alqı-satqısı müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən etmək olur ki, "xxxx" MMC-nin təsisçisi olan iddiaçı nizamnamə kapitalındakı payın hamısını X1. Bunanla da Zaur Quliyevin MMC-nin üzərində olan hüquq və vəzifələrinə xitam verilmiş olur. Başqa sözlə desək 19 sentyabr 2020-ci ildən sonra MMC ilə bağlı öhdəliklərin daşıyıcısı Hüseyn Əmrahov olmuşdur. Belə olduğu halda iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas kimi nə yaranmış borcun hansı qanuni təmsilçinin dövründə yaranması, nə də ki, icra orqanının rəhbərinin həmçinin hüquqi şəxsin təsisçisi olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 mart 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1, 1.3 və 1.5-ci bəndlərinə görə adı çəkilən X11 Xidmətinin strukturuna daxil olan müstəqil qurumdur, o, müstəqil balansa, möhür, ştamp və blanklara malikdir, Baş İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müstəqil qaydada məhkəmədə tərəf qismində bilavasitə iştirak edir. Həmçinin Əsasnamənin 3.0.11 -ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsi təmin etmək Baş İdarənin vəzifələrinə aid edilmişdir. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə vergi orqanın strukturunda aparılmış dəyişikliklərlə bağlı elə həmin tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziri tərəfindən qəbul edilmiş F-45 nömrəli əmrlə digər qurum olan- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin də Əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.0.18 və 3.0.19-cu bəndlərinə görə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergi borclarının, habelə sığorta haqları üzrə borcların ödənilməsinin təmin edilməsi üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı sənədlərin (o cümlədən müraciətin) hüquq strukturlarına göndərilməsi işinə nəzarət etmək; ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqdan sonra həmin şəxslərin ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsinə və buna səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasına və məhdudlaşdırmanın götürülməsi işinə nəzarət etmək məhz bu İdarənin vəzifələrinə aid edilmişdir. İnzibati icraat haqqında” Qanunun : -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. -10.2-ci maddəsinə əsasən, hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -10.3-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.4-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.13.3-ci maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.13.4-ci maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.-14.1-ci maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.14.2-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.14.3-ci maddəsinə əsasən, diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.16.1ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.-17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.-24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.-24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.-24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X5 Baş İdarəsinə həvalə olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X6 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin X5 Baş İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar