Məhkəmə qərarları › İş №2-1(118)-993/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-993/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-993/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 23 iyun 2023-cü il tarixli, 3-17-2/2Q-1440361 saylı məktubla iddiaçının müraciətinin təmin eidlməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu Publik hüquqi şəxs 1 saylı regional ərazi filialına cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin ayrılması üçün müraciət etsə də müraciətinə sözügedən qurumlar tərəfindən imtina cavabı verilmişdir. Həmin qurumlar bildirmişdir ki, penilensiar müəssisədə cəza çəkməyi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü olmadığından "Pentensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) tətbiq dairəsində nəzərdə tutulan şəxs hesab oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi" haqqında 3 noyabr 2009-cu il tarixli 2 nömrəli Qərarının 10-cu bəndinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası CPM-nin 157.5. 163.2 və 448.1.3-cü maddələrinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlanılma müddətlərinin uzadılması barədə vəsatətlərə (təqdimatlara) baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə onun barəsində müdafiə tərəfinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair 09 iyul 2010-cu il tarixli Qərarına əsasən müdafiə tərəfinin vəsatətində təqsirləndirilən şəxsin həbs edilərək cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığı, habelə onun barəsində ev dustaqlığının tətbiq edilməsi üçün imkanların olduğu və ev dustaqlığının tətbiqi ilə qətimkan tədbirlərinin CPM-in 154.1-ci maddəsində göstərilmiş məqsədlərinə nail olunacağı əsaslandırıldığı halda məhkəmə CPM- in 157.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qərarına gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki. CPM-in 157.5-ci maddəsi həmin Məcəllənin 154.4. 156.2 və 163.2-ci maddələrinin tələblərinə riayət olunmaqla tətbiq edilməli, məhkəmə həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən müdafiə tərəfinin vəsatəti olduqda və təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəldikdə həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır. Bu qeyd olunanlar o deməkdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penilensiar Xidmətin Bakı İstintaq Təcridxanasınında xx.xx.2020-cı ildə barəsində həbs qətimkan tədbiri seçiləndən xx.xx.2020-cı ilə qədər barəsində seçilmiş həbs qatimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək və həbsdən azad edilmədiyi müddətdə cəza ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmasa belə cəmiyyətdən təcrid olunmuş hesab olunur. Yəni Qanunda qeyd olunan penitensiar müəssisə anlayışı məhz cəzaların icrası üçün nəzərdə tutulduğu qeyd edilir, lakin nəzərə alınmır ki, qətimkan tədbirləri də təcridxanada icra olunur. Azərbaycan Respublikası Cinayat Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiri hesab olunsa da, həmin tədbir artıq neçə ildir ki, onun cəmiyyətdən sosial olaraq təcrid olunmağında nəticələnmişdir. Qanunun mövcud vəziyyətə analogiyasının tətbiqi ilə onun müraciətinə verilən imtinanın əsassız olduğunu düşünür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzinə müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılaraq cavab olaraq ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-144036/2023 nömrəli imtina məktubu ilə iddiaçının sosial adaptasiya subyektləri dairəsinə aid olmadığı qeyd edilərək tələbin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsinə əsasən, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən, bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalan çəkməkdən azad edilmiş şəxslərdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir İlədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Mərkəzi Filialın imtina məktubunda iddiaçının ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2020- ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanılmış, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək X2 həbsdən azad edildiyi qeyd olunmuşdur. xx.xx.2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 1.0.2-ci maddələrindən "azadlığın məhdudlaşdırılması" sözləri çıxarılmışdır. Qeyd olunanlara və Qanunda edilmiş dəyişikliyə əsasən iddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən, qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından və Q.Babayev istintaq təcridxanasında saxlanıldığından, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Beləliklə, iddiaçı Qanunun 1.0.1 maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə - cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən və qanunun 1.0.1-ci və 1.0.2-ci edilmiş dəyişikliyə əsasən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirmişdir. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 (bir) il iddiaçı tərəfindən ötürüldüyü üçün, həmçinin penitensiar müəssisədə cəza çəkməyinizlə bağlı qüvvəyə minmiş məhkəmə hökmü olmadığından iddiaçıya sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçıya Mərkəzi Filial tərəfindən azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyi ilə əlaqədar həmin müavinətin təyin edilərək ödənilməsi yuxanda qeyd olunan səbəblərə görə mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi üçün cavabdeh orqana müraciə etmiş, həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Beləki, iddiaçı ona cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı penitensiar müəssisədə - cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil......“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 (bir) il iddiaçı tərəfindən ötürüldüyü üçün, həmçinin penitensiar müəssisədə cəza çəkməyi ilə bağlı qüvvəyə minmiş məhkəmə hökmü olmadığından iddiaçıya sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)-162/2020 saylı qərarı ilə təqsirləndirilən şəxs-xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada avtomobil ustası işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 26-da qeydiyyatda olan X1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmiş, təqsirləndirilən şəxs X1 üzərinə hər gün saat 23:00- dan növbəti gün saat 07:00-dək faktiki yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2020- ci il tarixli arayışında qeyd edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanılmış, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək X2 həbsdən azad edilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən : 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər. 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. 15 noyabr 2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, № 270, “Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1088) ilə 1.0.1-ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılmışdır. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından görünür ki, minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə verilir. Həmin şəxslər isə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. İddiaçı isə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən və onun barəsində azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları tətbiq edilmədiyindən qanunun həmin müddəaları ona şamil edilə bilməz. Cavabdehin etirazının digər əsası kimi qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş sosial adaptasiya müddəti 1 (bir) il iddiaçı tərəfindən ötürülmüşdür. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 2021-ci il tarixində də cavabdeh orqana müraciət etmişdir. Bu halda imtina üçün cavabdehin müddətin ötürülməsinə dair mövqeyi əsaslı deyildir. Lakin hərbir halda tibbi və sosial yardıma ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslərin dairəsi qanunvericiliklə müəyyən edildiyindən iddianın təmin edilməsi üçün əsas mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar