Məhkəmə qərarları › İş №2-1(118)-994/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-994/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-994/2023 15.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 987 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha (0.0996 ha) torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyət hüququ üzrə çıxarış verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüququ üzrə çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Abşeron rayon Saray qəsəbəsində yerləşən 987 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha (0.0996 ha) torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə İddiaçı ayrılmışdır. Torpaq sahəsin onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2012-ci il tarixli 18515 nömrə ilə torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan ona torpaq sahəsinin adına qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********18 saylı məktub ilə daşinmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Tərəflər məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa Abşeron rayon icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixli 47 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına ayrılmış 34.7 ha torpaq sahəsindən İİİ küçəsindəki 08 saylı sahəsində İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikməyə icazə verilməsi qərara alınmışdır. - Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, bələdiyyə Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin verilməsinə etiraz etmir. -DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 987 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli F-1518 saylı arxivarayışdan görünür ki, Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamına əsasən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Saray qəsəbə icra hakimiyyətinin sərəncamına ayrılmış 34.7 ha torpaq sahəsindən İİİ küçəsindəki 08 saylı sahəsində İddiaçı qızına 0.10 ha həyatyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikməyə icazə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon İcra Hakimiyyətinin 488 saylı xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla Abşeron rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tkintisi üçün Saray üzümçülük sovxozunun torpağından Saray qəsəbəsinə 34.7 ha, o cümlədən hər ailəyə 0.10 ha hesabı ilə 250 ailəyə 25 ha həyətyanı torpaq fondu ayrılmışdır. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon İcra Hakimiyyətinin 188 saylı xx.xx.1992-ci il tarixli sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 34,7 ha torpaq sahəsindən hər ailəyə 0,10 ha torpaq sahəsi olmaqla 250 ailəyə 25 hektar həyətyanı torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Saray qəsəbəsi üzrə İcra nümayəndəliyi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi sənəd üzrə 0.10 ha ayrılsa da, faktiki olaraq ölçüləri 987 kv m təşkil edir. DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədində torpağın ölçüsünün 987 kv m olması göstərilmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən həmin hala da istinad etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı sənəd üzrə göstərilən ölçüdən artıq deyil, əksinə daha az, yəni sənəd üzrə 0.10 ha ayrılmasına baxnayaraq faktiki yerində olan 987 kv m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, bu tələb qanunvericiliyin prinsiplərinə zidd deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyətinin “Saray qəsəbəsinə həyətyanı torpaq fondunun ayrılması haqqında” 28 sentyabr 1992-ci il tarixli 488 saylı sərəncamı verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında topraq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barsəində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçıya ayrılması qəsəbə icra nümayəndəliyinin səlahiyyətində olmuşdur və o, qanunauyğun şəkildə 0.10 ha torpaq sahəsini iddiaçıya ayırmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Bundan başqa 0,10 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999cu il tarixli 47 saylı sərəncamına əsasən ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 987 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 21 dekabr 1999-cu il tarixlli 47 saylı sərəncamı ilə ayrılmış Abşeron rayon Saray qəsəbəsində yerləşən 987 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar