Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-995/2024 30.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron Rayonu Masazır kəndində yerləşən ona ayrılmış 0.052 ha torpaq sahəsinin daşınmaz əmlakın üzərində hüquqların qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masazır kənd nümayəndəliyinin Xırdalan üzümçülük tərəvəzçilik savxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84N məktubuna əsasən İddiaçı adına torpaq sahəsinin naturada bölgüsü memarlıq şəbəsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublkasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə 0.1 ha ölçüsünə torpaq sahəsi fərdi tikinti üçün ayrılmışdır. Belə ki, Abşeron Rayonu Masazır kəndində X3 Abşeron Rayon İH başçısının kənd üzrə nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamında DT və XK-nin Abşeron Rayon şöbəsinin rəyində hüquqi sahibi adna münasibətdə uyğunsuzluq qeyd olunmuş və bu əsasla imtina verilmişdir. Belə ki, iş materiallarına əlavə olunan DT və XK-nin torpaq sahəinin plan və ölçüsündən göründüyü kimi Abşeron Rayon Masazır kəndində İddiaçı Abşeron Rayon İHB-nm 28 nömrəli Sərəncamı ilə 652 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı kadastr çəkilmişdir. Abşeron Rayonu X1 planından çıxarışda iddiaçıya ayrılan torpaq sahəsinin miqyas 1:10 000 çəkilmişdir. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.20213-cü il tarixli arxiv çıxarışından göründüyü kimi X2 Abşeron Rayon İH-nin başçısının 1995-ci il tarixli 84N-li məktubuna əsasən X4 0.1 ha toıpaq sahəsi ayrılmışdır. Cavabdehə torpağın daşınmaz əmlak üzərində qeydiyyata alınmasına dair cavab məktublarından göründüyü kimi daşınmaz əmlaka dair çıxarış vermir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 08 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı və ləğv edilmiş DT yə XK-mn Abşeron rayon şöbəsinin rəyində hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi, torpaq sahəsinin 0.0652 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, daşınmaz əmlakın bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-Ş-0009-8/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, 01/02/12-xx/xx-1062/2/8994 nömrəli arayışı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamı, Abşeron rayon Dövlət Arxivinin F-587 nömrəli, xx.xx.2013-cü il tarixli arxiv çıxarışının surəti, Abşeron rayon X1 planından çıxarışın surəti, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü, Notarial qaydada təsdiqlənmiş xx.xx.2013-cü il ərizənin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-Ş-0009-8/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamı ilə Abşeron rayonu, Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahsənin 0,0652 ha hissəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 08 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı və ləğv edilmiş DT yə XK-mn Abşeron rayon şöbəsinin rəyində hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, 2) faktiki torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi, 3) torpaq sahəsinin 0.0652 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, 4) sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosialmədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.Həmin Əsasnamənin 36.1-ci maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir. Rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəs rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışından görünür ki, Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyinin sərəncamına verilmiş, həmin torpaq sahəsindən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı ayrılmış və fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Göründüyü kimi Abşeron RİH başçısının Masazır kəndi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməsi üzrə ona verilmiş səlahiyyət çərçivəsində qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentə, yəni Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 08 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı və ləğv edilmiş DT yə XK-mn Abşeron rayon şöbəsinin rəyində hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğuna məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının adında nəzərə çarpacaq şəkildə olmayan texniki səhvin olması onun hüquqlarının məhdudlaşdırlması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 43.1-ci bəndinə əsasən dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - “Dəyişikliklərin (düzəlişlərin) məzmunu” qrafasına daxil edilir. Müvafiq fəslin “Sənədlər - əsaslar” qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə cavabdehin gətirdiyi 1-ci arqumenti əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni faktiki torpaq sahəsinin bir hissəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Qeyd torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi olmasını nəzərə alaraq, iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Göründüyü kimi kənd təsərrüfat təyinatlı az yararlı və yarasız torpaqların şəxslərin mülkiyyətinə verilməsi yolveriləndir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni torpaq sahəsinin 0.0652 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiqlənmiş azalma ərizəsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı azalma ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, iddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 0.0652 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 0,10 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Bu səbəbdən də cavabdeh təşkilatın 3-cü arqumenti də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə, yəni sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş məktubdan da göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsinin elektrik xəttiinin mühafizə zolağında yerləşməsinə baxmayaraq, daşınmaz əmlakın sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Abşeron rayonu Masazır kəndi üzrə Nümayəndəliyinin 28 nömrəli, 06 avqust 1996-cı il tarixli sərəncamına əsasən Xırdalan südçülük-tərəvəzçilik sovxozu ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin 0.0652 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-995/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-995/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver