Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-996/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasının, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdeh təşkilatının üzərinə vəzifə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 03 oktyabr 2022-ci il tarixli, **********69 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1972-ci il tarixə qədər, xx.xx.1974-cü il tarixdən xx.xx.1992-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxtlarda digər hərbçi ailələri kimi ona ailsi ilə birlikdə yaşamaq üçün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi şəhərciklərindən xidməti yaşayış sahəsi verilmişdir. Ona müxtəlif vaxtlarda belə mənzillər verilmişdir. Lakin, 2002-ci ildən 2013-cü ilə qədər hərbi xidmət yeri H.Z.Tağıyev qəsəbəsində olduğu üçün xx.xx.1977-ci il tarixli 15/398 nömrəli order əsasında, ünvan 2 ünvanında yerləşən sahəsi 33.0 kv.metr, 2 otaqdan ibarət olan 1 saylı mənzil verilmişdir. Orderdə "Tağıyev-3" bağlı hərbi şəhərciyindən mənzilin verildiyi və ailə tərkibi barəsində məlumatlar görünür. İndiyə qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə müraciətinə müsbət cavab verilməsindən imtina edilmişdir. AR Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 1.15-ci bəndinə əsasən qapalı hərbi şəhərcik anlayışı müəyyən edilir və göstərilir ki, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış, ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən,bəzi hallarda əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı şəhərciklərə aiddirlər. Yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmir. Hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilmişdir, bu ona naməlum olaraq qalır, belə ki yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmədiyi halda, eyni zamanda mülki əhalinin yaşadığı ərazidə yerləşdiyi halda, belə bir statusu daşıyan mənzillərin siyahısına daxil edilməsi hüquqi nöqteyi-nəzərdən tamamilə hesab edir ki, ona qarşı yol verilmiş diskriminasiyadır. İddiaçı qapalı şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilmiş xidməti yaşayış sahələrinin sakini olaraq mənzil hüquqlarımın pozulduğunu hesab edir. Belə ki, qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin yerləşdiyi ərazi hasara alınmaqla həmin ərazidə yaşamayan vətəndaşların girişinin qadağan olunduğu və giriş-çıxış üçün xidməti vəsiqənin tətbiq olunduğu hərbi təyinatlı yaşayış məntəqəsidir. 1995-ci ilədək iddiaçının yaşadığı xidməti yaşayış sahələri özəlləşdirilmə yolu ilə vətəndaşlar tərəfindən öz mülkiyyətinə alınırdı, lakin 1995-ci ildə həmin proses dayandırılmışdır. Sabiq nazir Səfər Əbiyev əmr (xx.xx.1995 tarixli,49 nömrəli) vermişdir ki, sözügedən xidməti yaşayış sahələri qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilsin, nəticədə bu günədək onlar digər vətəndaşlardan fərqli olaraq dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi yolu ilə yaşadığı xidməti yaşayış sahələrini özəlləşdirə bilmir. Qüvvədə olan hərbi qanunvericilik buna imkan vermir. İddiaçı digər vətəndaşlar kimi dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hüququndan faydalanmaq istəyir. İddiaçının yaşadığı xidməti yaşayış sahələri mülki əhalinin yaşadığı mənzillərlə qonşudur, yanbayan yerləşir. AR Müdafiə Nazirliyi Mİİ-nin H.Z.Tağıyev rayonu Mənzil İstismar Hissəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, AR Müdafiə nazirinin müvafiq əmrləri ilə "Tağıyev-3" hərbi şəhərciyi açıq hərbi şəhərciklər siyahısına daxil edilmişdir. Belə olan halda yaşadığı mənzilin geri alınma mexanizmi olmadığı üçün həmçinin, yaşadığı ərazinin qapalı şəhərcik olmaması səbəbindən iddiaçının adına özəlləşdirilməlidir. AR Konstitutsiyasının 33-cü maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. AR Konstitutsiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. AR Mənzil Məcəlləsi 104-cü maddəsinə (köhnə redaktədə) əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. AR Mənzil Məcəlləsi 105-ci maddəsinə (köhnə redaktədə) əsasən,aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxanla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; l və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli. 118 nömrəli qərarının 1.8-ci bəndinə əsasən,yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 86 nömrəli qərarının 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Hesab edir ki, verilmiş cavab qanunsuz və əsasızdır. AR İPM-nin 32.1 maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. AR İPM-nin 33.1 maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili X6 iştirak etmiş, iddianı müdafiə etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzili daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə 24 sentyabr 2022-ci il tarixli ərizə ilə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 1/08 nömrəli, 14 mart 2002-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, ünvanında yerləşən 1 nömrəli mənzilin xidməti rejimdə verildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edirlər ki, sözügedən order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Habelə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Habelə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 14, mənzil 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 1/08 nömrəli, 14 mart 2002-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, ünvanında yerləşən 1 nömrəli mənzilin xidməti rejimdə verildiyi müəyyən edilmişdir. Həmçinin qeyd edirlər ki, sözügedən order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. İlkin olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçı xx.xx.1977-ci il tarixli 15/398 nömrəli order əsasında daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus order xidməti rejimlidir və Oktyabrskaya (hal-hazırda dəyişdirilərək adı Fətəlixan) küçəsi ev 14 mənzil 1 ünvanı Tağıyev-3 açıq hərbi şəhərciyinə məxsusdur. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsisinin 03 mart 2023-cü il tarixli məktubu) Mənzil-İstismar hissəsinin arxivində vətəndaş X2 hal-hazırda yaşadığı mənzilinə dair hər hansı bir sənədlər aşkar edilməmişdir. Mirzəbala Xanbala oğluna verilmiş Fətəlixan (əvvəlki adı Oktyabrskaya) küçəsi ev 14 ünvanında yerləşən 1 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə nazirliyinin mənzil fonduna aiddir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin Rayon Mənzil-İstismar Hissəsisinin 18 aprel 2023-cü il tarixli məktubu) Göründüyü kimi yuxarıda qeyd edilənlər inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, oxşar sənədlər əsasında Sumqayıt şəhəri, X12 qəsəbəsi, Fətəlixan küçəsi, ev 8, mənzil 1 ünvanda yerləşən X1 adına çıxarış verilmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən araşdırma aparılmış və X1 adına çıxarış verilməsinə əsas olmuş sənədlərlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görsənir ki, iddiaçı ilə həmin şəxsə verlən orderlər eynilik təşkil etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun qeydə alınması inzibati akt yox, hüquqi akt olduğuna görə bu kimi hallar olsa belə, bu etimad hüququnun qorunması əsası yarada bilməz. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-996/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-996/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver