Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-997/2023 15.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil üzərində hüququnun dövlət reyestrinə qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil üzərində hüququnun dövlət reyestrinə qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Xaçmaz rayonun Köhnə Xaçmaz kəndində anadan olmuşdur. xx.xx.1986 - xx.xx.2013-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxtlarda digər hərbçi ailələri kimi ona da ailəsi ilə birlikdə yaşamaq üçün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi şəhərciklərindən xidməti yaşayış sahəsi verilirdi. Ona da müxtəlif vaxtlarda belə mənzillər verilib. Lakin, 2002-ci ildən 2013-cü ilə qədər hərbi xidmət yeri H.Z.Tağıyev qəsəbəsində olduğu üçün ona xx.xx.2002-ci il tarixli order əsasında AR Müdafiə Nazirliyi Mİİ-nin H.Z.Tağıyev rayonu Mənzil İstismar Hissəsinin Mənzil fondundan ünvan 2 ünvanında yerləşən sahəsi 24.0 kv.metr, 2 otaqdan ibarət olan 1 saylı mənzil verilmişdir. Orderdə ona "Tağıyev-3" bağlı hərbi şəhərciyindən mənzilin verildiyi və ailə tərkibi barəsində məlumatlar görünür. O səhəti ilə əlaqədar xx.xx.2013-cü ildə ehtiyata buraxılsa da bu günə qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata "daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə müraciətinə müsbət cavab verilməsindən imtina edilmişdir. AR Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 1.15-ci bəndinə əsasən qapalı hərbi şəhərcik anlayışı müəyyən edilir və göstərilir ki, mülki şəxslər sırasından olan əhalinin yaşadığı məntəqələrdən kənarda yerləşən, müvafiq qaydada hasarlanmış,ərazisinə yalnız xüsusi vəsiqə əsasında daxil olmağa icazə verilən, bəzi hallarda, əlavə olaraq ərazisində patrulluqetmə aparılan hərbi şəhərciklər qapalı şəhərciklərə aiddirlər. Yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmir. Hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilib, bu ona naməlum olaraq qalır, belə ki, yaşadığı xidməti yaşayış sahələri hərbi şəhərcik ərazisində yerləşmədiyi halda, eyni zamanda mülki əhalinin yaşadığı ərazidə yerləşdiyi halda, belə bir statusu daşıyan mənzillərin siyahısına daxil edilməsi hüquqi nöqteyi-nəzərdən tamamilə hesab edir ki, ona qarşı yol verilmiş ayrı-seçkilikdir. O, qapalı şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilmiş xidməti yaşayış sahələrinin sakini olaraq mənzil hüquqlarımın pozulduğunu hesab edir. Belə ki, qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin yerləşdiyi ərazi hasara alınmaqla həmin ərazidə yaşamayan vətəndaşların girişinin qadağan olunduğu və giriş-çıxış üçün xidməti vəsiqənin tətbiq olunduğu hərbi təyinatlı yaşayış məntəqəsidir. 1995-ci ilədək yaşadığı xidməti yaşayış sahələri özəlləşdirilmə yolu ilə vətəndaşlar tərəfindən öz mülkiyyətinə alınırdı, lakin 1995-ci ildə həmin proses dayandırıldı. Sabiq nazir Səfər Əbiyev əmr (xx.xx.1995 tarixli,49 nömrəli) verdi ki, sözügedən xidməti yaşayış sahələri qapalı hərbi şəhərcik statusu verilmiş yaşayış sahələrinin siyahısına daxil edilsin, nəticədə bu günədək biz digər vətəndaşlardan fərqli olaraq dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi yolu ilə yaşadığı xidməti yaşayış sahələrini özəlləşdirə bilmir. Qüvvədə olan hərbi qanunvericilik isə buna imkan vermir. O, digər vətəndaşlar kimi dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hüququndan faydalanmaq istəyir. AR Müdafiə Nazirliyi Mİİ-nin H.Z.Tağıyev rayonu Mənzil İstismar Hissəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, AR Müdafiə nazirinin müvafiq əmrləri ilə "Tağıyev-3" hərbi şəhərciyi açıq hərbi şəhərciklər siyahısına daxil edilmişdir. Belə olan halda yaşadığı mənzilin geri alınma mexanizmi olmadığı üçün həmçinin, yaşadığı ərazinin qapalı şəhərcik olmaması səbəbindən onun adına özəlləşdirilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Naziriyi Mənzil istismar idarəsi tərəfindən verilmiş 1/08 nömrəli, 14 mart 2002-ci il tarixli orderə əsasən, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12 ünvanında yerləşən 1 nömrəli mənzil xidməti rejimdə verilib, Həmçinin qeyd edirik ki, sözügedən order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqiəyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 03 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası MN Mİİ-nin Z.Tağıyev rayonu MİH tərəfindən verilmiş 1/08 saylı, 14 mart 2002-ci il tarixli xidməti orderin surətindən görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 06 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzil hərbi hissənin balansındadır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 1561 saylı, 17 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı yaşadığı Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 xidməti mənzildir və mənzilin yerləşdiyi hərbi şəhərcik açıq hərbi şəhərcik statusu daşıyır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının aparatının 04 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı yaşadığı Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanı xidməti rejimlidir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aiddir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsassız iddia olduğundan, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Azərbaycan Respublikası MN Mİİ-nin Z.Tağıyev rayonu MİH tərəfindən verilmiş 1/08 saylı, 14 mart 2002-ci il tarixli xidməti orderlə mülkiyyətinə verilmiş xidməti mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan özünün 03 oktyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi mübahisəli mənzilin xidməti rejimdə verilməsini və orderin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməməsini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qanunun 23.1-ci amddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Məhkəmə araşdırması zamanı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırmasının həyata keçirilməsi üçün aidiyyəti üzrə sorğular verilmişdir. Yuxarıda iş materiallarında sadalanan sorğuya cavab məktublarından görünüdüyü kimi, iddiaçının cavabdeh tərəfindən üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istədiyi Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil xidməti rejimlidir və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fonduna aiddir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbindən göründüyü kimi xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İddiaçının hüquqlarının qeydiyyata alınmasını istədiyi mübahisəli mənzil də xüsusi təyinatlı mənzil olduğundan, cavabdeh orqanın mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil üzərində hüququnun dövlət reyestrinə qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, X3 qəsəbəsi, Fətəlixan küçəsi, ev 12, mənzil 1 ünvanında yerləşən mənzil üzərində hüququnun dövlət reyestrinə qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva