Məhkəmə qərarları › İş №2-1(118)-997/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-997/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-997/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı protokol-qərarı ilə iddiaçıya ayrılmış Sumqayıt şəhər, 20ci mikrorayon ərazisində 600 kv.m torpaq sahəsinə olan mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarış, planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı Protokol-Qərarına əsasən, Sumqayıt şəhər Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi nəzərə alınmaqla, Sumqayıt şəhər Bələdiyyəsi torpaq komissiyasının 21 avqust 2003-cü il tarixli, 77 saylı protokoluna əsaslanraq, iddiaçıya 20-ci mikrorayon ərazisində, baş plan əsasında fərdi yaşayış evi tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, torpağın alqı-satqısına dair akt tərtib edilməsi, torpağın yerində təhvil verilməsi, həmin dövrdə mövcud olan DTİMHQİ-nə torpaq sahəsində tikilmiş evin texniki pasportlaşdırılmasının aparılaraq qeydə alınması qərara alınmışdır. 25 avqust 2003-cü il tarixdə Bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barərə Akt tərtib edilmiş və torpaq sahəsi təhvil verilmişdir. 30 dekabr 2003-cü il tarixdə iddiaçı tərəfindən Bələdiyyənin ona ayırdığı 600 kv.m üçün nəzərdə tutulmuş 1.500.000 manat Bələdiyyə büdcəsinə verilmiş və bu barədə kassa mədaxil qəbzi tərtib edilib təsdiq edilərək verilmişdir. Maddi imkanı yol vermədiyinə görə bir neçə il həmin sahədə ev tikə bilməmişdir. Nəhayət 2009-cu ildə buna maddi imkanı yarandığı üçün tikəcəyi evin layihəsini tərtib etmək üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etdi, evin layihəsi tərtib edilərək baş memar tərəfindən təsdiq edilmişdir. İddiaçı torpağa və tikiliyə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir və cavabdehin 12 iyun 2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Bu imtinanı qanunsuz hesab edərək, iddiaçı məhkəməyə müraciət edir. Cavabdeh ərizənin icrasından imtina edərkən ona əsaslanmışdır ki, Bələdiyyə ilə onun arasında alqı-satqı aktı tərtib edilməmişdir. İddiaçı belə hesab edir ki, nə qədər ki, Bələdiyyənin preyudisial əhəmiyyət daşıyan qərarı qüvvədədir və o, həmin torpağın dəyərini ödəmişdir, bu halda cavabdehin bu hüquqları qeydə almamaq hüququ olmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının torpağa olan mülkiyyət hüququnu pozmuşdur və ona görə də cavabdehin bu imtinası qanunsuz hesab edilməklə, onun üzərinə adı çəkilən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına zidd olaraq bələdiyyənin 22 avqust 2003-cü il tarixli, 86 nömrəli qərarının olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq idarəsinin rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin qeyd edilir ki, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kv.m olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 22 avqust 2003-cü il tarixli, 86 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir: İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı Protokol-Qərarına əsasən, Sumqayıt şəhər Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi nəzərə alınmaqla, Sumqayıt şəhər Bələdiyyəsi torpaq komissiyasının 21 avqust 2003-cü il tarixli, 77 saylı protokoluna əsaslanraq, İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı iclas protokolundan qərarı və qərara əlavə edilmiş sənədlərin surətləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 11 dekabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-306/1-2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir. Cavabdeh qeyd edir ki, torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən səbəblərə görə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Bundan əlavə məhkəmənin 2-1(118)-4405/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-588/24 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2003-cü il tarixli inşaat pasportunda torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları olmadığından iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olub olmamasını təyin etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst üstə düşmür. Elektron kadastr məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi, bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 avqust 2003-cü il tarixli, 86 saylı qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən, sahəsi 600 kv.m olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar