Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-997/2025 19.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmrinin ləğv edilməsini, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ona ödənilməsini, dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəllər işlədiyi şöbəyə və ya razılaşdırmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü ii tarixədək Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin (Quba şəhəri) Bəyannamələrin təhlili və kameral vergi yoxlamalarına nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Həmin şöbənin əməkdaşı X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Vergi Xidmətinə, xx.xx.2023-cü il tarixdə ərizə ilə Quba rayon prokurorluğuna müraciət edərək, iddiaçının ona 27 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində yaşadığı mənzildə zor tətbiq etməklə onunla cinsi əlaqədə olduğunu, xəsarətlər yetirdiyini bildirərək şikayət etmişdir. Prokurorluq tərəfindən araşdırma aparılacağı üçün xx.xx.2023-cü il tarixdən müvəqqəti xidmətdən uzaqlaşdırılmışlar. Şikayətçinin bildirdiyi şikayətlər üzrə cinayət işinin başlanması üçün əsaslar və sübutlar olmadığından 15 avqust 2023-cü il tarixdə Quba rayon prokurorluğu tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Lakin, rayon prokurorluğu Qərarda X6 əməkdaşlarının etik davranış Qaydalarının 1.5, 2.0.4 və 3.2.1 -ci bəndlərinin tələblərini pozduğunu, Vüsalə Həsənovanı psixoloji şiddətə məruz qoyduğunu, iradəsi əleyhinə onun telefon yazışmalarını və hərəkətlərini təqib etdiyini, hadisədən əvvəl onun yaşadığı mənzilə razılığı və dəvəti olmadan girdiyini, hadisə vaxtı israrla qapını açmaq məcburiyətində qoyduğunu və içəri daxil olub mübahisə etdiyini, mənzili tərk etmədiyini, vergi xidməti əməkdaşına yaraşmayan qeyri etik hərəkətlərə yol verdiyini bildirmişdir. Bildirir ki, Quba rayon prokurorluğunun göstərdiyi bu hallar tamamilə əsassız idi və heç bir sübuta, fakta, ekspert rəyinə, hal şahidinə əsaslanmırdı. Sübutu olmayan hallara görə şikayətçinin izahatına əsasən etik davranış qaydalarını pozduğu bildirilmiş və intizam məsuliyyətinə cəlb olunmağı üçün təqdimat hazırlanaraq Baş Prokurorluğa göndərilmiş, Baş Prokurorluq tərəfindən də xx.xx.2023-cü il tarixli 2- 2/2-010156/2023 nömrəli məktub Dövlət Vergi Xidmətinə göndərilmişdir. (Həmin məktubu əldə etməyə çalışsa da nə Dövlət Vergi Xidməti nə də Baş Prokurorluq tərəfindən mənə təqdim edilməmişdir.) Quba rayon prokurorluğu 15 avqust 2023-cü il tarixdə Qərar çıxarmasına baxmayaraq, Baş Prokurorluq tərəfindən xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə məktub göndərilməsinə baxmayaraq, şikayətçi Vüsalə Həsənova tərəfindən xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli X10 Xidmətinə göndərildikdən sonra Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli 2-2/2-010156/2023 nömrəli məktubu əsas gətirilərək, onun “X4 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən xidmətinə xitam verilmişdir. Qərara məqsədli şəkildə düzəlişlər edilib, Dövlət Vergi Xidməti də qərəzli olaraq şikayətçinin maraqlarını üstün tutaraq, 21 avqust ərəfəsində deyil, 2 ay sonra xidmətinə xitam veriblər. 2 ay ərzində niyə çıxarılmırdı işdən, niyə Vüsalə Həsənova 25 sentyabr tarixdə müraciət etdikdən sonra çıxarılmışdır.Bildirir ki, Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarında qeyd olunan X6 əməkdaşlarının etik davranış Qaydalarının 1.5, 2.0.4 və 3.2.1-ci bəndlərinin tələblərini pozduğuna dair fikirlər əsassız olduğundan, həmçinin Quba rayon prokurorluğunun apardığı araşdırma zamanı müəyyən etdiyi, nəticəyə gəldiyi hallar şikayətçinin verdiyi yalan izahatlar əsasında Qərarda qeyd edildiyindən Qərardan Baş Prokurorluğa şikayət ərizəni xx.xx.2023-cü il tarixdə Quba rayon prokurorluğuna təqdim etmişdir. 15 avqust 2023-cü il tarixli Qərar 17 oktyabr 2023-cü il tarixdə Quba rayon prokuroru, baş ədliyyə müşaviri Namiq Muradov tərəfindən ləğv edilmiş və 27 oktyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” yeni Qərar ona təqdim edilmişdir. Baş Prokurorluq tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2023-cü il tarixli 2-2/2- 010156/2023 nömrəli məktub 15 avqust tarixli Qərara əsaslandığından həmin məktub da öz hüquqi qüvvəsin itirmişdir. Bu baxımdan Quba rayon prokurorluğunun 15 avqust 2023cü il tarixli Qərarı və Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli 2-2/2-010156/2023 nömrəli məktubu əsasında Dövlət Vergi Xidmətinin qəbul etdiyi 12 oktyabr 2023-cü il tarixli **********445500 nömrəli Əmri öz hüquqi qüvvəsin itirmişdir.Yeni Qərarda alınmış izahatlara, ekspert rəylərinə və digər sənədlərə əsasən onun Vüsalə Həsənovanın şəxsi yazışmalarını və danışıqlarını izləməyi, 27 aprel 2023-cü il tarixdə onun yaşadığı mənzilə gedərək onun iradəsinə zidd olaraq yaşadığı mənzilə daxil olmağı, ...faktı öz təsdiqini tapmamış, ümumiyyətlə Vüsalə Həsənovanın izahatında göstərdiyi digər xüsusatları təsdiq edə biləcək dəlillərin əldə edilmədiyi öz təsdiqini tapmışdır...Yəni Qərarda onun intizam məsuliyyətinə cəib olunmağı ilə bağlı heç bir sübut əks etdirilməmişdir.Həmçinin bildirir ki, şikayətçi ilə sevgili ailə qurmaq məqsədilə münasibəti olub, daha əvvəl də arasında intim xarakterli münasibət olmasına dair, evlərinə dəfələrlə öz razılığı ilə getməyinə dair sübutlar (whatsapp, instagram , yazışmaları) vardır. Sadəcə, hadisə ərəfəsində iddiaçı yaşadığı əraziyə təyinat alacaqdı, şikayətçi Bakı şəhərində yaşadığı üçün o da şəhərə təyinat almaq məqsədi ilə bu cür şikayət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsini Şəxsi toxunulmazlıq hüququnu ehtiva edərək, hər iki tərəfin razılığına əsaslanan şəxsi həyatında işdən sonra baş verən münasibətin etik davranış qaydalarının pozulması hesab etmir. .....Etik davranış qaydalarını pozan varsa, o da dövlət vergi xidmətinin əməkdaşı, şikayətiçi Vüsalə Həsənovadır. ...Bu kimi şər böhtan atan bir şəxsi, etik davranış qaydalarını pozan bir şəxsi, Dövlət Vergi Xidməti cəzalandırmır, xidmətdə saxlayır, vəzifəsin artırır amma şər böhtana məruz qalan, neçə aylardı mənəvi, psixoloji şiddətə məruz qalan mən etik davranış qaydalarını pozmuş hesab edilir. 4 il ərzində xidmətində heç bir nöqsana yol verməmiş, barəsində heç bir xəbərdarlıq, intizam məsuliyyəti olmayıb, hər zaman dövlətinə, xalqına, şərəflə, vicdanla xidmət etmiş, lakin Dövlət Vergi Xidmətinin rəhbərliyinin heç bir xəbərdarlıq, intizam məsuliyyəti tədbiq etmədən, heç bir sübut olmadan, Quba rayon prokurorluğundan rəsmi surətdə hər hansı Qərar tələb etmədən, şikayətçi tərəfindən təqdim edilmiş 15 avqust 2023-ci il tarixli Qərara əsasən birbaşa onun xidmətimə xitam verməsi, nə heç bir qanuna, nə də heç bir ədalətə sığmır. Qərəzli xarakter daşıyır, kimlərinsə maraqlarına xidmət edir. Dövlət Vergi Xidməti tərəfindən onun xidmətinə xitam verilməsi ilə bağlı Əmr xx.xx.2023-cü il tarixdə poçtla göndərilib və xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Poçt idarəsindən Əmri götürmüşdur.Həmin müddətə qədər ona Əmr təqdim edilməyib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini əsassız hesab edir. Belə ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi İddiaçı həmin şöbənin dövlət vergi müfəttişi X1 qarşı fiziki zorakılıq hərəkətlərinin araşdırılması ilə bağlı materiallar Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205-ci maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, prokurorluq tərəfindən yekun qərar qəbul olunanadək İddiaçı və V.Həsənova Xidmətin xx.xx.2023-cü il tarixli əmri ilə “X4 xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmişlər.Quba rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi üzrə qəbul edilmiş 15 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı intizam məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunda xx.xx.2023-cü il tarixli 2-2-010156/2023 nömrəli təqdimat hazırlanaraq DVX-ya göndərilmiş və həmin təqdimatda İddiaçı “X6 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozaraq vergi orqanı əməkdaşına yaraşmayan qeyri-etik hərəkətlərə yol verməsinin müəyyən edildiyi, bu halların həmin şəxsin intizam məsuliyyətinə cəlb olunmasını zəruri etdiyi bildirilərək, intizam məsuliyyətinə baxılmasının nəticəsi barədə Baş Prokurorluğa məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatında, Quba rayon prokurorluğunun 15 avqust 2023-cü il tarixli qərarında göstərilənlər və Dövlət Vergi Xidmətinin araşdırma materialları əsas götürülərək, V.Həsənovaya münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin, “X4 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci və 6-cı abzaslarının, “X6 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinin, 2.0.4-cü, 3.2.1-ci və 3.4.1-ci yarımbəndlərinin, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı yarımbəndinin tələblərini pozduğuna görə Xidmətin xx.xx.2023-cü il tarixli **********445500 nömrəli əmri ilə “X4 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə və 75-ci maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçının əmək fəaliyyətinə qanunvericiliyə əsasən xitam verildiyindən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs X3 izahat verərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid Əmək kitabçasının surəti, Cinayət işinin rədd edilməsi barədə qərarın surəti, cavabdehin xx.xx.2023-cü il tarixli məktubun surəti, WhatsApp sosial şəbəkə yazışmalarının surəti, cavabdehin xx.xx.2023-cü il tarixli **********445500 nömrəli əmrinin surəti, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmr qəbul edilmişdir. Həmin əmrdən narazı qalan iddiaçı əmrin qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli əmr qanuni olduğundan, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və “e” bəndində iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi müəyyən edilmişdir. “X4 xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək, vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək vergi orqanının vəzifəli şəxsinin borcudur. Həmin Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi bu Əsasnamənin 34-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozduqda vergi orqanlarında xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 75-ci maddəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilən halların sırasına bu Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsində (xx.xx.2024-cü il tarixədək redaksiyada yazılırdı; xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə) nəzərdə tutulmuş hal da qeyd olunmuşdur. Dövlət vergi orqanı əməkdaşının X6na, digər əməkdaşlara, fiziki və hüquqi şəxslərə münasibətdə riayət etməli olduğu etik davranış qaydalarını tənzimləyən “X6 əməkdaşlarının etik davranış Qaydaları”nın 1.5-ci bəndinə əsasən əməkdaş dövlətçiliyi, qanunun aliliyini və insan hüquqlarını rəhbər tutaraq xidməti fəaliyyəti (vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti) zamanı, eləcə də xidməti fəaliyyətindən kənar davranışlarında bu Qaydaların tələblərinə əməl etməlidir. Həmin Qaydaların 2.0.4-cü yarımbəndinin tələblərinə əsasən vergi orqanlarında etik dəyərlərdən olan nümunəvilik – xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi deməkdir. Qaydaların 3.2.1-ci yarımbəndinin tələblərinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Həmin Qaydaların 3.4.1-ci yarımbəndinin tələblərinə əsasən bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri və ya tabeliyində olan şəxslərlə münasibətdə nəzakətli, diqqətli və səbirli olması əməkdaşların riayət etməli olduğu etik davranış qaydaları kimi müəyyən edilmişdir. “X6 əməkdaşlarının etik davranış Qaydaları”nın 10-cu bəndinə əsasən əməkdaş tərəfindən bu Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur. Bu Qaydaların hər hansı müddəasının pozulmasına görə intizam tənbeh tədbiri tətbiq edilərkən müddəanın pozulmasının dərəcəsi, müddəanın pozulmasının Xidmətin işinin effektivliyinə və nüfuzuna təsiri, əməkdaşın əmək fəaliyyəti, əməkdaş barədə qüvvədə olan intizam tənbeh tədbiri və araşdırma zamanı aşkar edilmiş hər hansı yüngülləşdirici (ağırlaşdırıcı) hal nəzərə alınır. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin daxili xidməti intizam Qaydaları”nın 4.1.6-cı yarımbəndinə əsasən Xidmətin əməkdaşları şəxsi həyatda Xidmətə ziyan vura və ya onu nüfuzdan sala bilən davranışa və ya şəraitin yaradılmasına yol verməməli, etik normalara əməl etməlidir.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Xidmətin vəzifəli şəxsləri (o cümlədən, stajçılar) bu Qaydalarla müəyyən edilən ümumi davranış qaydalarını, əmək intizamını pozduqda, xidməti vəzifələrini lazımi qaydada icra etmədikdə və qanunazidd hərəkətlərə yol verdikdə, onların barəsində “X4 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirləri görülə bilər. Qaydaların 5.4-cü bəndinə əsasən intizam tənbehi verilərkən əməkdaşın şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. Göründüyü kimi, mübahisələndirilən əmr qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun şəkildə qəbul edildiyindən, həmin əmrin ləğv edilməsi qanunvericiliyə əsasən mümükün deyildir. İddiaçının tələbinin əsas hissəsi təmin edilmədiyinə görə ona dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəl işlədiyi şöbəyə və ya onunla razılaşdırılmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, **********445500 nömrəli “İntizam tənbehi tədbirinin tətbiq edilməsi haqqında” əmrinin ləğv edilməsini, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ona ödənilməsini, dəymiş mənəvi ziyana görə faktiki yaşadığı ərazi (Sumqayıt şəhəri) və ya Bakı şəhəri üzrə əvvəllər işlədiyi şöbəyə və ya razılaşdırmaqla digər şöbələrdən birinə təyinatının verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2-1(118)-997/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-997/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver