Məhkəmə qərarları › İş №2-1(118)-998/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-998/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-998/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh X3 Xidməti Sumqayıt şəhər X3 hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər X3 hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı 07.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2285/2021 saylı 07.09.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı 07.07.2021-ci il tarixli qərardadı ləğv olunmuş və müvafiq prosessual hərkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5108/2021 saylı, 22.12.2021-ci il tarixli qərardadı ilə işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil müddətin ötürülmədiyini hesab etdiklərindən, iddiaya mahiyyət üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi məsələyə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi və onun nəticələrinin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının digər tələbləri, yəni yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması isə mübahisələndirlən inzibati aktın nəticəsindən asılıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərardadındakı hüquqi mövqeyi nəzərə alınmaqla, mübahisələndirilən 19.10.2020ci il tarixli, 1221-ş nömrəli əmrin iddiaçıya təqdim edilməsini sübut edən sənədlərin məhkəməyə təqdim olunması məqsədilə Azərbaycan Respublikası Cavabdehnə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 20 YMH-nin yanğısöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı xidmətdən xaric olunması barədə əmrlə tanış olmamasına dair 26.10.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, 22 sentyabr 2020ci il tarixdə tibbi müayinə zamanı FHN DYMX-nin Sumqayıt şəhər DYMN-nin 20 nömrəli YMH-nin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı tərəfindən narkotik vasitədən istifadə olunması aşkarlanmışdır və FHN-nin 19 oktyabr 2020-ci il tarixli 1221/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından xaric edilmişdir. Bununla bağlı İddiaçı tərəflərindən 26.10.2020-ci il tarixdə hissəyə dəvət olunmuş və xidmətdən xaric olunması ilə bağlı əmrlə tanış olması bildirilmişdir. Ancaq buna baxmayaraq 20 nömrəli YMH-nin yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı əmrlə tanış olmaqdan imtina etmişdir. Məhkəməyə sorğu əsasında təqdim edilmiş Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin kadrlar şöbəsinin rəis müavini daxili xidmət mayoru X6, həmin şöbənin baş müəxəssisi daxili xidmət polkovnik-leytenantı X2 və inspektoru daxili xidmət baş leytenantı X7 tərəfindən tərtib edilmiş 28.10.2020-ci il tarixli digər bir aktda qeyd olunmuşdur ki, İddiaçı 20 oktyabr 2020-ci il tarixdə xidmətdən xaric olunması barədə Sumqayıt şəhər X3 İdarəsinə xəbər verilmiş, sabiq əməkdaş əmr ilə tanış olması və əmək kitabçasını təhvil alması üçün DYMX-nin Kadrlar şöbəsinə gəlməsi barədə xəbərdar edilmişdir. Dəfələrlə məlumatlandırılmasına baxmayaraq İddiaçı Kadrlar şöbəsinə gəlməmişdir. İddiaçının vəkilinin şifahi vəsatəti əsasında iddiaçının şəxsi işi cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflərin iştirakı ilə şəxsi işə baxış keçirilərkən yuxarıda qeyd edilən aktların əsllərinin iddiaçının şəxsi işinə tikildiyi məlum olmuşdur. Eyni zamanda iddaçı məhkəmə iclasında 26 oktyabr 2020-ci il tarixdə, son iş günündə növbəni təhvil verdikdən sonra hissəyə dəvət edildiyini, işdən çıxarılması ilə bağlı ağ vərəqə imza etməsinin təklif edildiyini, həmin vərəqə imza etməkdən imtina etdiyini və növbəti gündən işə getmədiyini bildirmişdir. Göründüyü kimi o işdən azad edildiyi vaxtdan işdən çıxarılması barədə məlumatlı olmuşdur. Beləliklə iddiaçı mübahisələndirilən əmri məhkəmədə 05.05.2022-ci il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər X3 hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdehin üzərinə onun işdən çıxarılması ilə bağlı 19.10.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə-Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər X3 hissəsində yanğınsöndürən vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar