Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-999/2022 04.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Fərəcli Könül Vahid qızının Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Fərəcli Könül Vahid qızının Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Fərəcli Könül Vahid qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzili onun şəxsi mülkiyyətindədir. 2017-ci ildə keçmiş gəlini olan Fərəcli Könül Vahid qızı onun mülkiyyətində olan evə qeydiyyata düşmüşdür. Belə ki, o 2016-cı ildə oğlu X3 ilə ailə qurmuş və onun evinə gəlin gəlmişdir. Sonradan onların birgə yaşayışları mümkün olmamış və 2020-ci il tarixində o, bütün əmlaklarını da götürüb çıxıb getmişdir. Onların birgə nigahdan uşaqları olmamış və oğlu ilə onun arasındakı nikah 21 dekabr 2020-ci il tarixli 254 saylı qeydlə Sumqayıt '’ASAN xidmət" mərkəzində pozulmuşdur. Fərəcli Könül Vahid qızı ilə birgə yaşadıqları dövrdə onlar bir neçə günlüyə Rusiya Federasiyasına getməli olmuş, ona görə də o, xarici pasport almalı idi. F.Könül isə qeydiyyatda olduğu ata evinə-Biləsuvar rayonuna gedib-gəlmək istəməmişdir və xarici pasportu Sumqayıtdan almaq üçün onun evinə qeydiyyata düşmək istəmişdir. O da razılıq vermişdir. İndi o özü həmin evdə yaşamasa da qeydiyyatdan çıxmaq üçün də gəlmək istəmir və bu formal qeydiyyat qalmaqda davam edir. Onun qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, Polis idarəsi isə 30 dekabr 2021-ci il tarixli məktubla Könülün qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etmək zərurətini bildirmişdir. Qanuna əsasən artıq Fərəcli Könül iddiaçının ailə üzvü hesab edilmir. Bu səbəbdən o mənzilə qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qanunun müddəasından da göründüyü kimi yaşayış sahəsindən mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin, yəni ərin, arvadın, valideynlərin və ya uşaqlarının istifadə etmək hüququ var. Qanunverici mülkiyyətdən istifadə hüququ olan şəxslərin konkret dairəsini birmənalı olaraq müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarına əsasən MM-in 228.5-cİ maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur. Onun keçmiş gəlininə ona məxsus mənzildə yaşaması üçün hər hansısa notarial qaydada təsdiqlənmiş yazılı razılıq verilməmişdir. Hazırkı halda F.Könülün mənzilə sadəcə qeydiyyatı var və onun qeydiyyatda olması istifadə hüququnun olması anlamına da gəlmir. Cavabdeh orqanın üzərinə düşən öhdəlik mənzilə heç bir istifadə hüququ olmayan, mənzildə sadəcə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasıdır. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. İddiaçı 02.04.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 14 saylı, 9648 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzili X1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 10.01.2022-ci il tarixli arayışdan görünür ki, Fərəcli Könül Vahid qızı Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzilində qeydiyyatdadır. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 30.12.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9-cu mənzili Ağayeva (Əlhüseynova) Rəsmiyyə Orucbəy qızına məxsusdur. Həmin mənzildə üçüncü şəxs Fərəcli Könül Vahid qızı qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdehin 30.12.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o, faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Fərəcli Könül Vahid qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Fərəcli Könül Vahid qızının İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən, 18 saylı evin 9 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-999/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-999/2022
04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver