Məhkəmə qərarları › İş №2-1(120)-1002/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1002/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1002/2024 25.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 və 49-cu maddələrinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 yanvar 1960-сı ildə Astara şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X10 ilə Astara rayonunda nikahlarını rəsmiləşdirmişlər. Uzun müddət mərhum həyat yoldaşı ilə ailə münasibətində yaşamışlar. Daha sonra mərhum həyat yoldaşı Akir Fəttayev xəstəlikdən dünyasını dəyişmişdir. Dünyasını dəyişənə qədər həyat yoldaşı müxtəlif iş yerlərində əmək fəaliyyəti məşğul olmuşdur. Ailə başçısını itirməyə görə əmək pensiyasının ona təyin olunmasına görə qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatanda ona bildirblər ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həyat yoldaşının əmək kitabçası itirildiyindən onun çalışdığı idarələrə müraciət edərək yoldaşının əmək fəaliyyətini və müddətini təsdiq edən arayışlar əldə etmiş. Mərhum həyat yoldaşının əldə etdiyi əmək stajlarının cəmi qanunvericilikdə tələb olunan əmək stajını üstələdiyindən ailə başçısını itirməyə görə əmək pensiyası hüququnu həyata keçirməkdən ötrü aidiyyatı orqana müraciət etmişdir. Cavab olaraq ona 10 may 2023-cü il tarixli məkub ünvanlanaraq, mərhum həyat yoldaşının 1983-1997-ci illərdə işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügeden dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Bununla bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 647/2022 saylı qərarının əsaslandırıcı hissəsini aşağıdakı redaksiyada olduğu kimi iddia ərizəsinə əlavə edir. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır." Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə "lazımiidarəetmə" prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşıiş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşıiş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşıiş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar). "Lazımiidarəetmə" prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv"in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabınadüzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da nəzərdə tutur. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusiya hüququ olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) president hüququna müvafiq olaraq pensiya hüququ konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmənin qərarlarında qeyd olunur ki,hətta sığorta haqqının ödənişi nəzərdə tutulmayan sosial təminat sistemində də sosial pensiya və müavinatlar 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün mülkiyyət təşkil edə bilər (Buxen Çex Respublikasına qarşı iş üzrə 26 noyabr 2002-ci il tarixli Qərar, § 46). Yaşa görə pensiya ödənişini nəzərdə tutan qanunvericilik, bu pensiyanın sosial sığorta haqlarının ödənilməsi ilə şərtlənibşərtlənməməsindən asılı olmayaraq, onun şərtlərinə cavab verən şəxslər üçün 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət marağı yaradır (Karson və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 16 mart 2010-cu il tarixli Qərar, § 64). Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ailə abşçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-103071/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının mərhum əri X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. Buna görə də iddiaçının mərhum ərinin qanunla tələb edilən (8 il) sosial sığorta stajı çatmadığı üçün iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı mərhum həyat yoldaşı X6 1983-cü il tarixdən 1984-cü il tarixədək "Lənkəran" matbəəsində və 1983-cü il tarixdən 1997-ci il tarixədək "Astara" qəzeti mətbəəsində çapçı kimi işlədiyını və əməkhaqqı aldığını işlədiyini və əməkhaqqı aldığını iddia edir İmtina məktubundan narazı qalan iddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbı aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ar, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının qeyd etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. İddiaçının mərhum əri X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən, sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. A.Fəttayevin əmək fəaliyyəti dövrlərinə aid arxiv arayışlarının surətinə əsasən 1983- cü il tarixdən 1997-ci il tarixədək işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının məthum ərinin işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və məthum ərinin 1983-cü il tarixindən 1997-ci il tarixinədək işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Astara rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş məktubda Astara qəzeti mətbəəsinin hər hansı sənədi Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının mərhum həyat yoldaşı A. Fəttayevin 1983-1997-ci illərdə Astara qəzeti mətbəəsində işləməsi barədə məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lənkəran filialı tərəfindən təqdim edilmiş məktubda Lənkəran mətbəəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün iddiaçının mərhum həyat yoldaşının həmin mətbəədə işləməsi faktı ilə bağlı məlumat vermək mümkün olmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X16 Xidmətinin Astara Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 29 nömrəli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X10 xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan “Astara” qəzeti redaksiyasıının xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X10 1983-cü ildən 1997-ci ilin dakabr ayınadək “Astara” qəzeti mətbəsində çapçı kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 189- 05/70 nömrəli arayışından görünür ki, X9 xx.xx.1959-cu ildə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 ilə İddiaçı xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 187- 05/70 nömrəli arayışından görünür ki, X9 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 39 nömrəli məktubundan görünür ki, X3 Astara Qazeti redaksiyasında 1986-1990-cı illərdə işləməsi barədə əmr və əmək haqqı cədvəlləri Astara rayon Dövlət Arxivinə verilmədiyindən arxiv arayışının verilməsinin imkan xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1Q-101026/2023 nömrəli qərarından görünür ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ar, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Təqdim etdiyiniz mərhum əriniz X8 məxsus arxiv arayışlarının və hərbi xidmət haqqında arayışın surətlərinə əsasən sığorta stajı, o cümlədən, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 1 il 11 ay 23 gün təşkil edir. Təqdim etdiyiniz A.Fəttayevin əmək fəaliyyəti dövrlərinə aid arxiv arayışlarının surətinə əsasən 1983-cü il tarixindən 1997-ci il tarixinədək işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyi üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mərhum A. Fəttayevin qanunla tələb olunan sığorta stajı (8 il) olmadığı üçün sizə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş üzrə şahid qismində dindirilmiş Astara qəzeti redaksiyasında redaktor vəzifəsində işləmiş X7, bildirmişdir ki, 1982-1993-cü il tarixlərində qəzetin redaktoru işlədiyi illərdə X10 həmin redaksiyada çapçı vəzifəsində işləyib, hər gün işdə olub və bunu redaksiyada işləmiş hər bir işçi təsdiq edə bilər. İş üzrə şahid qismində dindirilmiş Astara qəzeti redaksiyasında işləmiş X4 bildirmişdir ki, 1984-cü ildə redaksiyada Akirlə birlikdə işləmiş, Akirlə birlikdə lenatub maşınında işləmişlər. İş materiallarında olan “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır. İş materiallarında olan direktor Mamadov S.M tərəfindən verilən 1985-ci il tarixli əmrdə qeyd edilmişdir ki, X10 01 noyabr 1985-ci il tarixdən 3-cü kateqoriyalı çapçı vəzifəsindən azad olunaraq 4-cü kateqoriyaya keçirilsin. İş materiallarında olan Mətbəə MMC tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X10 haqqında məlumatlar araşdırılmış, onun işə daxil olma və çıxması haqqında məlumatlar tapılmasa da, həmin illərdə X8 mükafat və dərəcələr verilməsi barədə əmrlər vardır.Həmin əmrlərin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional fililaı tərəfindən məhkəməyə daxil olan 04 oktyabr 2023-cü il tarixli Aktın surətindən müəyyən olunur ki, X10 xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır, X3 Astara Qazeti mətbəəsinin əmrlər kitabında 1997-ci il tarixədək əmr kitabları saxlanılmadığından işə daxil olma əmrini yoxlamaq mümkün olmadı, məzuniyyət əmrində ata adı yazılmamışdır, X10 barədə əmr və əmək haqqı cədvəlləri saxlanılmadığından yoxlamaq mümkün olmadı, X9 barədə işdən azad olunması barədə əmr aşkar olunmadı. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçının mərhum əri xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1991-ci ildə ölmüşdür. A.B.Fəttayevin cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 1 il 11 ay 23 gün olmuşdur. İnzibati orqan tərəfindən A.Fəttayevin “Astara” qəzeti redaksiyasında 1983-cü il tarixdən 1997-ci il tarixədək işləməsini təsdiq edən işə daxil olma və işdən çıxma əmrləri aşkar edilmədiyindən imtina verilmişdir. Lakin iş materiallarında olan “Astara” qəzeti redaksiyasının xx.xx.2023-cü il tarixli arayışından və “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan müəyyən olunur ki, X10 1983-cü ildən “Astara” qəzeti redaksiyasında çapçı kimi fəaliyyət göstərmişdir. Bundan başqa “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdən 1997-ci ilin hesabına 21 təqvim gününə, 15 ildən yuxarı iş stajı olduğuna görə 9 gün əlavə məzuniyyət hesablanaraq 30 təqvim gününə növbəti məzuniyyətə buraxılmışdır. Direktor Mamadov S.M tərəfindən verilən 1985-ci il tarixli əmrdə qeyd edilmişdir ki, X10 01 noyabr 1985-ci il tarixdən 3-cü kateqoriyalı çapçı vəzifəsindən azad olunaraq 4-cü kateqoriyaya keçirilsin. Mətbəə MMC tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, X10 haqqında məlumatlar araşdırılmış, onun işə daxil olma və çıxması haqqında məlumatlar tapılmasa da, həmin illərdə X8 mükafat və dərəcələr verilməsi barədə əmrlər vardır. Yuxarıda sadalanan iş materiallarına əlavə olunmuş sənədlərdən və şahid ifadələrindən müəyyən olunur ki, cavabdeh orqan tərəfindən qeyd edilən hallar əsassız olaraq nəzərə alınmamışdır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, hal-hazırki işlə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -və Qanunun 12.1-ci maddəsinə əsasən, qeyd olunan sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1960-cı il tarixdə doğulması və pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının mərhum ərinin əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, iddiaçının mərhum ərinin “Astara” qəzeti redaksiyasında çapçı kimi 1983-cü ildən 1997-ci ilədək işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən qəzetdə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arayışlar, əmrlər və şahid ifadələri təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.6.-inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajını, digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, cavabdeh iddiaçının əri X6 “Astara” qəzeti redaksiyasında işləməsi barədə 1983-1997-ci illərdə əmrlərin aşkar olmadığını qeyd edərək onun qeyd edilən qəzetdə işlədiyi illəri əmək stajı kimi nəzərə almamışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış “Astara” qəzeti redaksiyası üzrə əmr kitabından çıxarışdan görünür ki, X9 “Astara” qəzeti redaksiyasında çapçı vəzifəsində işləmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, arayışındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu baş verməmişdir. (Ali Məhkəmənin № 2-1(102)-647/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, bənd 28) Həmçinin Ali Məhkəmənin № 2-1(102)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 29-cu bəndində məhkəmə baxılan məsələyə münasibətdə qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsini bir daha xatırladaraq əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqaviləsi və.s) nəzərə alına biləcəyini müəyyən edir. Məhkəmə hesab edir ki, mərhumun sosial sığorta stajına daxil edilməli olan mübahisəli iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində müəyyən olunan mötəbərlik prezumpsiyası normaları nəzərə alınmalı və müvafiq əmrlərdə göstərilən illər sığorta stajı kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi illərlə bağlı mübahisəli dövrə dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən redaksiya ilə bağlı əmr kitablarının olmaması və ya arxivə təhvil verilməməsi iddiaçının və ya iddiaçının mərhum ərinin təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, arxiv arayışında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının ərinin əmək fəaliyyəti göstərdiyi müəssisənin fəaliyyətdə olmuş təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal redaksiyanın həqiqətən də fəaliyyətdə olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qeyd edilən hesablamadan da göründüyü kimi, iddiaçı- İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq mərhum əri A.Fəttayevə münasibətdə tələb olunan sosial sığorta stajı 8 ildir. Qeyd olunan iş stajı cəmləndikdə, cavabdehin mübahisələndirdiyi 1983-cü ildən 1997-ci ilədək olan dövrün də iş stajına daxil edilməsi nəzərə alınaraq, ümumi iş stajının nəzərdə tutulan 8 ildən çox olduğu müəyyən edilir. Bütün yuxarıda sadalanan işin faktiki halları, sübutlar və qanunvericilik normaları iddiaçı barədə 2-ci şərtin də ödənildiyini deməyə əsas verir. Beləliklə, iddiaçıya hüququ yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. PM-in 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar