Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-101/2020 20.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 01, mənzil 06-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı MA seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,6673 ha. torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə MA, ******* nömrəli çıxarışla verilmiş 0,6673 ha. torpaq sahəsinin plan və ölçü sərhədləri daxilində təhkim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini dəyişərək,MA seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,6673 ha. torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili X4şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçının mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06.06.2012-ci il tarixdə MA seriyalı, ******* nömrəli çıxarışla0,6673 ha. torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsindən uzun müddətdir istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Ancaq 2016-cı ildən ona məxsus həmin torpaq sahəsindən tam şəkildə istifadə edə bilmir. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinin həmin ərazidə torpaqların plan və ölçüsündə etdiyi dəyişikliklər nəticəsində iddiaçının torpaq sahəsinin yarısı başqa vətəndaşlara verilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən mülkiyyətində olan torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 06.06.2012-ci il tarixli MA seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçıdur. Daşınmaz əmlakın növü torpaq sahəsidir və Cəlilabad şəhərində yerləşir. Torpaq sahəsi xüsusi mülkiyyət növündədir. Sahəsi 0,6673 hektardır, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına daxildir. Məqsədli istifadə növü – əkin. Reyestr nömrəsi **********94 kimidir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 07.06.2012-ci il tarixli AA 005478 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sənəd üzrə və faktiki sahəsi 0,6673 hektardır, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlardır. Məqsədli istifadə növü – əkin. Xüsusi mülkiyyət növündədir. Sənədin verilməsinə əsaslar: Cəlilabad rayonu 1 saylı Dövlət Notariat kontoru, 08.05.2012-ci il tarixli 4Ə-187 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28.08.2019-cu il tarixli, **********59 nömrəli məktubda qeyd edilmişdir ki, aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müraciətə baxılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06.06.2012-ci il tarixdə MA seriyalı, ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,6673 ha. torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçıya tanıtdırılmasıdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, İddiaçı 0,6673 ha. torpaq sahəsinin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Mülkiyyət hüququ isə toxunulmaz olmaqla, dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək kimi müstəsna hüquqları vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı xüsusi mülkiyyətində olan 0,6673 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,6673 ha. torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə MA seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,6673 ha. torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-101/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-101/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver