Məhkəmə qərarları › İş №2-1(120)-1012/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1012/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1012/2024 08.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 281.14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış (Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 416.5 kv.m sahəsi olan (kooperativ yeməkxana) əmlak kompleksi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 375,14 manat borcuna görə 30000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 281.14 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də formalaşmşdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 281.14 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2023-cü il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli, **********5 saylı protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus Şirvan şəhəri, H.Əliyev prospekti 438 ünvanında yerləşən 416.5 kv.m sahəsi olan yeməkxana siyahıya alınmışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehə 30000 manat məbləğində siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İşə əlavə edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli Çıxarışa əsasən, Şirvan şəhəri, H.Əliyev prospekti 438 ünvanında yerləşən 416.5 kv.m sahəsi olan əmlak kompleksi kimi müəsisə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Göründüyü kimi, cavabdehin borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Göstərilən Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəlləinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəllsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə İcbari Tibbi Sığorta Fonduna yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə İcbari Tibbi Sığorta Fonduna yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidenti 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 281.14 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, sığorta haqlarının ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan yuxarıda qeyd edilən məbləğdən iddiaçının tələb etdiyi 281.14 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 416.5 kv.m sahəsi olan yeməkxana Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 281.14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən 416.5 kv.m sahəsi olan (kooperativ yeməkxana) əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdehnə qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar