Məhkəmə qərarları › İş №2-1(120)-1016/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1016/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1016/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “JN-306A nömrəli şəhadətnamədə X8 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 16 dekabr 2022-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “X5 adına verilmiş Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı müvafiq qərarına əsasən JN-306A nömrəli çəhadətnamədə onun adının “X15” kimi deyil “X16” kimi nəzərə alınaraq və həmin şəhadətnamədə ailə üzvlərinin siyahısında səhvən göstərilmiş “ X19”nun nəzərə alınmayaraq, Lənkəran rayon Aqrar İslahat xx.xx.1998-ci il tarixli, 10 saylı müvafiq qərarına əsasən JN-306A nömrəli şəhadətnamədə göstərilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və buna dair çıxaırşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “JN- 306A nömrəli şəhadətnamədə X8 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “JN-306A nömrəli şəhadətnamədə X8 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, hal-hazırda yaşadığı Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi, Lənkəran rayon X14 xx.xx.1998ci il tarixli, 10 saylı müvafiq qərarına əsasən JN-306A nömrəli "Şəhadətnamə" nənəsi X9 adna verilmişdir. Həmçinin həmin şəhadətnamədə ailə üzvləri kimi onun, X3, X10, X8 və X4 adı qeyd olunmuşdur. Qeyd edir ki, qeyd olunan şəhadətnamədə nənəsinin adı səhfən "X15" kimi qeyd olunmuşdur. Əslində isə iddia ərizəsinə əlavə etdilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şürük Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2004-cü il tarixli, AZ-İ № 047983 saylı ölüm haqqında şəhadətnamdən də görünür ki, nənəsinin adı X17r. Həmçinin qeyd olunan şəhadətnamədə ailə üzvü kimi səhvən X8 adı qeyd olunmuşdur. Qeyd edir ki, o, və ailə üzvləri belə bir adamı tanımırlar. Ümumiyyətlə belə adda adam yoxdur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının X30 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 935 №-li arayışda qeyd olunmuşdur ki, qeyd olunan X8 adı səhvən JN-306A saylı akta əlavə olunmuşdur. Həmçinin həmin arayışda, onun təsərrüfatında X19 adlı şəxsin yaşamadığı qeyd olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Lənkəran rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 2870 №-li, 01 dekabr 2021-ci il tarixli arayışda qeyd olunur ki, nənəsi Salayeva X.M, xx.xx.2004-cü il tarixdə vəfat etmişdir və onun nəvəsi yəni o, onun vərəsəsi kimi tanınmışdır. Buna əsasən o, qeyd olunanlar bərədə ərizə ilə cavabdeh orqana müraciət etsədə, onlarm ona ünvanladığı 24 dekabr 2021-ci il tarixli, **********32 nömrəli cavab məktubunda, gələcəkdə qeyd olunanlar barədə inzibati məhkəmənin müvafiq qəran təqdim olunduğu təqdirdə sözü gedən şəhadətnamə üzrə əvvəllər yaranmış hüquqların qeydiyyatının aparılması göstərilmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edəsini xahiş etmişdir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 Məzahir Xanağa oğlunu tanımadığını, onun atasının adı Məzahir olsa da, babasının adının Əliağa olduğunu, iddiaya qarşı etirazının olmadığını bildirərək JN-306A nömrəli şəhadətnamədən adının çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı JN-306A nömrəli şəhadətnamədə X8 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-306A KOD 80219028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarına əsasən 0.18 ha həyətyanı torpaq sahəsi X6 və onun ailə üzvləri İddiaçı, X3, X7, X8 və X4 mülkiyyətinə verilmiş və kitabda 9354-cü nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixli AZ-İ 047983 nömrəli X12 görünür ki, X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir (ölmüşdür). İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 76 nömrəli arayışından görünür ki, Əliyev X11 rayonu Moğonojba kəndində yaşayır. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2870 nömrəli məktubundan görünür ki, X6 qanun üzrə vərəsəsi nəvəsi İddiaçı müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 1251 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X8 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qohumluq əlaqələri barədə məlumat yoxdur. Məktuba əsasən X8 atası İddiaçı Əliağa oğlu olduğu müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran şəhər, rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 154- 20099-1222 nömrəli məktubundan görünür ki, X1 rayonu Tutapeştə kəndində yaşayış yeri üzrə daimi qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 553 nömrəli məktubundan görünür ki, JN- 306A saylı dövlət aktı tərtib edilərkən texniki səhf olaraq X19 adında şəxs akta əlavə edilmişdir. İddiaçı təsərrüfatında və ailə üzvlərindən X19 adında şəxs yaşamayıb və yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışı və həmin çıxarışın verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********32 nömrəli ərizənin cavablandırılması haqqında məktubdan qeyd edilmişdir ki, hazırki ərizəsində barəsində qeyd olunan məsələ ilə əlaqədar tərəflərindən aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən JN-306A nömrəli şəhadətnamə barədə mövcud DBF (siyahı) və DWG (xəritə) elektron baza məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. Həmin DBF (siyahı) məlumatlarında da JN-306A nömrəli şəhadətnamədə olduğu kimi vərəsəsi olduğu şəxsin adı “Xanımqız”, onun ata adı isə “Məmi” kimi qeyd olunmuşdur. Bu baxımdan bildirirlər ki, həmin hüquqmüəyyənedici sənədə yuxarıda göstərilən hissədə düzəliş edilməsi, habelə barəsində qeyd olunan şəxsin adının mülkiyyətçilər sırasından tamamilə çıxarılması Ərazi idarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Hazırki ərizənizdə həmin şəhadətnamə üzrə 2-ci qrafada barəsində qeyd olunan şəxsin adına düzəliş edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınmasına dair məhkəmə qətnaməsi qəbul edildiyi təqdirdə baxıla bilər. Lakin həmin şəhadətnamə üzrə 5-ci qrafada barəsində qeyd olunan şəxsin adının mülkiyyətçilər sırasından tamamilə çıxarılması məsələsinə münasibətdə isə bildiririk ki, həmin hissəyə inzibati icraat qaydasında baxıldığı və inzibati məhkəmənin müvafiq qərarı təqdim olunduğu təqdirdə tərəfimizdən baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının aparılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Gələcəkdə hüquqmüəyyənedici sənəd olaraq həmin JN-306A nömrəli şəhadətnaməyə düzəliş edilməsinə dair (hüquqi əhəmiyyətli faktın tanınmasına münasibətdə) və şəxsirı adının mülkiyyətçilər sırasından tamamilə çıxarılması məsələsinə münasibətdə isə inzibati məhkəmənin müvafiq qərarı təqdim olunduğu təqdirdə, habelə faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq sözü gedən şəhadətnamə üzrə əvvəllər yaranmış hüquqların qeydiyyatı aparılacaqdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman hazırkı iş üzrə üçüncü şəxs həmin təsərrüfatda qeydiyyatda olmamış və həmin təsərrüfatla heç bir hüquqi bağlılığı mövcud olmamışdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Sürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan qeyd edilmişdir ki, JN-306A saylı dövlət aktı tərtib edilərkən texniki səhv olaraq X19 adında şəxs akta əlavə edilmişdir. İddiaçı təsərrüfatında və ailə üzvlərindən X19 adında şəxs yaşamayıb və yaşamır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə JN-161A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də düzəliş edilərək “X18” adının şəhadətnamədən çıxarılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı iddiası üzrə “JN-306A nömrəli şəhadətnamədə X8 adının çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar