Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-102/2022 26.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının müdiri Ayaz Cəbrayılovun “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” barədə **********1 saylı, 03.03.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” **********1 nömrəli 03.03.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(120)-102/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının müdiri Ayaz Cəbrayılovun “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” barədə **********1 saylı, 03.03.2021-ci il tarixli qərarının ləğv edilməsi » kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 12 saylı Regional Ərazi filialının müdiri Ayaz Cəbrayılovun “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında **********1 saylı, 03.03.2021-ci il tarixli Qərarına (bundan sonra-mübahisəli qərar) əsasən xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında yaşayan borclu İddiaçı 05.02.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək 15024,00 manat (on beş min iyirmi dörd manat) məbləğində artıq ödənilmiş əmək pensiyası tələb edilərək 10 gün müddətində Kürdəmir şəhər Atakişili ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının (DSMF-nin mərkəzləşmiş bank hesabı əlavə olunur) hesabına ödənilməsi qərara alınmışdır. Mübahisəli qərarın mahiyyəti üzrə bildiririk ki, cavabdehin mübahisəli qərarının mahiyyəti və əsasları ilə qətiyyən razı deyilik. Belə ki, 05.02.2018-ci il tarixdən etibarən İİ dərəcə əlilliyə görə İddiaçı əmək pensiyası müəyyən edilmiş, qeyd olunan əmək pensiyası təyin edilərkən ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi nəzərə alınmışdır. Hesab edirik ki, həmin eksertiza rəyi ilə bağlı DSMF-nin Daxili Nəzarət və Audit Departamenti tərəfindən 31.12.2018-ci il tarixdə tərtib edilmiş göstəriş məktubu əsassızdır, birtərəflidir və DSMF-nin vətəndaş qarşısında sosial təminat öhdəliklərindən yayınmaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkili və nümayəndəsinin və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 05.02.2018-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının 28 aprel 2021-ci il tarixli, **********6 nömrəli və 27 sentyabr 2021-ci il tarixli, **********7 nömrəli məktublarıdan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 nömrəli 11.12.2018-ci il tarixli məktubunda etibarsız olduğu göstərilmişdir.Bildiririk ki, iddiaçının əlilliyinin etibarsız olunma səbəbi Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 029 3652-1218/5 nömrəli 03.12.2018-ci il tarixli məktubu əsasında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” **********1 nömrəli 03.03.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.02.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək 15024,00 manat (on beş min iyirmi dörd manat) məbləğində artıq ödənilmiş əmək pensiyası tələb edilərək 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional ərazi filialının hesabına ödənilməsinə qərar verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı 21.06.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı “15024,00 manat məbləğində artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə 03.03.2021-ci il tarixli **********1 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair 2-1 (120)-1076/2021 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı 05.02.2018-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 və Audit Departamentinin 21.12.2018-ci il tarixli göstəriş məktubuna əsasən İddiaçı 05.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən, təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı təyin edilmiş əlillik 05.02.2018-ci il tarixdən etibarsız hesab olunduğundan aylar üzrə heç bir əsas olmadan ödənilmiş 15024,00 manat məbləğinin geri tələb edilməsi zərurəti yaranmışdır. “Pensiya” Alt Sisteminin təqdim etdiyi məlumatlara əsasən İddiaçı aylar üzrə ümumilikdə 15024,00 manat məbləğində pul vəsaiti təyin edilərək, onun “ABB” bankında olan kart hesabına köçürülmüşdür. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1 .-ci maddəsinə əsasən İnzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Bununla əlaqədar bildiririk ki, həm qüvvədə olan qanunvericiliyin tələblərinə, həm də məhkəmələrin formalaşmış hüquqi mövqeyinə əsasən inzibati orqan təsnifatına aid edilən Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayıldığından, onun qanunsuz hesab edilərək ləğv edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində inzibati orqanın özünün səlahiyyətindədir. Belə olan halda inzibati orqan olaraq Fondun 12 saylı regional ərazi filialının həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə, iddiaçıya münasibətdə əlverişli inzibati aktın ləğvi və ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ vardır. Əmək pensiyalarının təyin edilməsi və ödənilməsinin tənzimlənməsi inzibati orqan tərəfindən Konstitusiya və diqər normativhüquqi aktlarda qeyd olunan hüquqa və haqq- ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsalanmalı, həmçinin Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu səbəbdən, inzibati orqan İddiaçı artıq ödənilmiş pul vəsaitindən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İcra haqqında” AR Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericilivn tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Hazırki iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 03.12.2018-ci il tarixli 029- 3652-1218/5 Ns-li məktubda qeyd olunur ki, siyahıda qeyd olunan 75 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyatı yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunması məqsədəuyğun hesab edilir. İddiaçıya tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin (Forma-88) ləğv olunması, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsinin etibarsız hesab olunmasına birbaşa səbəbdir. İddiaçının əlilliyi etibarsız hesab olunduğu halda ona əlilliyə görə əmək pensiyasının verilməsininin davam etdirilməsi mümkün hesab edilə bilməz. Beləliklə də, İddiaçı öz iddiasını müvafiq sənədlərlə (həqiqətən əlillik dərəcəsinin olmasını) sübuta yetirə bilmədiyindən, qanunvericliyin yuxarıda qeyd olunan normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı “15024,00 manat məbləğində artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə 03.03.2021-ci il tarixli **********1 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair 2-1(120)-1076/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 30.09.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC5Z nömrəli göndərişi əsasında 05.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” (gözdən əlil) səbəbindən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AAC5Z nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin məhkəməyə göndərdiyi 04.10.2021-ci il tarixli, 029-2982-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcisinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib olunmuş göndərişlər etibarsız hesab edilmiş və bu barədə ƏƏSMN-nə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 06.12.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 nömrəli 11.12.2018-ci il tarixli məktubunda etibarsız olduğu göstərilmişdir. Qeyd edirik ki, iddiaçının əlilliyinin etibarsız olunma səbəbi Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 029 3652-1218/5 nömrəli 03.12.2018-ci il tarixli məktubu əsasında olmuşdur. Bildiririk ki, vətəndaşa 05.02.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının əlilliyi etibarsız olduğu səbəbindən 2019-cu ilin yanvar ayından pensiya ödənişi dayandırılmışdır. Xatırladırıq ki, İddiaçı 05.02.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək 15024 manat məbləğində əmək pensiyası ödənilmişdir. Həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi üçün 15.01.2019-cu il tarixdə vətəndaşa məktub göndərilmişdir. Sonradan alınmış vəsaitin geriyə ödənilməsi üçün 03.03.2021-ci il tarixdə **********1 saylı qərar çıxarılmış iddiaçının ünvanına göndərilmişdir. Vəsait bərpa olunmadığı təqdirdə 15.03.2021-ci il tarixli **********8 sayli qərar Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qeyd edirik ki, İddiaçı vəsaitin geri ödənilməsi ilə bağlı heç bir razılıq ərizəsi olmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı 03.12.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh tərəfdən 05.02.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X9 Nəzarət və Audit Departamentinin 21.12.2018-ci il tarixli göstəriş məktubuna əsasən iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyi tərəfindən 05.02.2018-ci il tarixdə təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Buna səbəb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 03.12.2018-ci il tarixli 029-3652- 1218/5 nömrəli məktubu olmuşdur. Həmin məktuba əsasən, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan 75 nəfərin Daxili İslər Nazirliyinə aidivvatı yoxdur və onlara Nazirliyin tibb müəsssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. İddiaçının əlillik dərəcəsi 05.02.2018-ci il tarixdən etibarsız hesab edildiyindən həmin aylar üzrə heç bir əsas olmadan ödənilmiş 15024 manat məbləğinin geri tələb edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Bununla bağlı cavabdeh tərəfindən İddiaçı 15.01.2019-cu il tarixli 49/16 nömrəli məktub ünvanlanmışdır (əlavə edilir). Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının əlilliyinin etibarsız hesab edilməsi səbəbindən, ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Həmçinin, iddiaçıya bildirilmişdir ki, artıq ödənilmiş pul vəsaiti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməli, əks halda iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqdır. Əsassız ödənilmiş vəsait iddiaçı tərəfindən Fondun hesabına bərpa edilmədiyindən, artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 03.03.2021-ci il tarixli **********1 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın borclu İddiaçı rəsmi qaydada təqdim edilməsi SS715261474AZ nömrəli poçt xəbərnaməsi ilə təsdiq edilmişdir. Buna baxmayaraq, artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması ilə bağlı Qərar borcluya çatdıqdan sonra 10 gün müddətində icra edilməmişdir. Daha sonra cavabdeh filial tərəfindən pul tələbinin icraya yönləndirilməsi haqqında 15.03.2021ci il tarixli **********8 nömrəli Qərar qəbul edilmişdir. Beləliklə də, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2-ci maddəsinə uyğun olaraq, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmçinin, nəzərinizə çatdırmaq istərdik ki, həmin Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi zamanı tələb olunan hər iki şərt cavabdeh filial tərəfindən yerinə yetirilmişdir: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi. Əlavə olaraq qeyd etmək istərdik ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmçinin məhkəmələrdə formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, inzibati orqan təsnifatına aid edilən DSMF publik hüquqi şəxsinin 12 saylı regional ərazi filialının İddiaçı pensiya təyin edilməsi barədə Qərarı əlverişli inzibati akt sayıldığından və onun qanunsuz hesab edilməklə ləğvi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələbləri çərçivəsində inzibati orqanın özünün səlahiyyətindədir. Belə olan halda inzibati orqan olaraq Fondun 12 saylı regional ərazi filialı həmin Qanunun 82.1, 82.2, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə, İddiaçı münasibətdə əlverişli inzibati aktın (pensiyanın təyin edilməsi) ləğvi və ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ vardır. Həmçinin diqqətinizə çatdırmaq istərdik ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş “əmək pensiyaçısının razılığı” ifadəsi, onun pul tələbini könüllü şəkildə icra edibetməyəcəyini nəzərdə tutur və hər hansı yazılı ərizə formasını özündə ehtiva etmir. O cümlədən, “razılığı olmadıqda məhkəmə qaydasında tutulur” ifadəsi hazırki məhkəmə prosesini nəzərdə tutur ki, vətəndaş da bu hüquqdan istifadə edərək qərarı məhkəmə qaydasında mübahisələndirir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsistemindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əlillik dərəcəsi 11.12.2018-ci il tarixdə etibarsız hesab edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 05.02.2018-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə (05.02.2023-cü il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra əlillik təyinatı 31.12.2018-ci il tarixdə etibarsız hesab edildiyindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının **********1 nömrəli 03.03.2021-ci il tarixli qərarına əsasən ödənilmiş 15024,00 manat pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya 05.02.2018-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə (05.02.2018-ci il tarixdən 05.02.2023-cü il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Buna baxmayaraq növbəti müayinə müddəti gözlənilmədən, eyni zamanda əlillik vəziyyəti əyani olaraq qiymətləndirilmədən aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı 11.12.2018-ci il tarixdə “Əlillik altsistemi”ndə etibarsız hesab edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. Həmin Nizamnamənin 2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. Həmin Nizamnamənin 3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Bundan başqa xüsusilə qeyd olunmalıdırır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-cu maddəsi üzrə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, həmin maddə də tutulmanın hansı qaydada həyata keçirilməsinin mexanizmi də xüsusi yer almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 06.12.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “... İddiaçı vəsaitin geri ödənilməsi ilə bağlı heç bir razılıq ərizəsi olmamışdır”. Yuxarıda qeyd edilən hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasına razılığı olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilmiş artıq pul vəsaiti özünün qəbul etdiyi hazırda mübahisələndirilən qərarla deyil, məhkəmə qaydasında tutula bilərdi. Məhkəmənin gəldiyi hüquqi nəticə “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarın 10-cu bəndində qeyd olunur: “Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər”. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının müdiri Ayaz Cəbrayılovun “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” barədə **********1 saylı, 03.03.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının müdiri Ayaz Cəbrayılovun “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” barədə **********1 saylı, 03.03.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-102/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-102/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver