Məhkəmə qərarları › İş №2-1(120)-1021/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1021/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1021/2020 06.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Saatlı rayonu, Azadkənd kəndində yaşayan) və Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X6 nümayəndəsi X1 (13 saylı X6 hüquq məsləhətçisi, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi ev 1, mənzil 5də yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X5rşı «Saatlı rayonu Azadkənd kəndində yerləşən və istifadəsində olan 0,81 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Azadkənd kəndində yerləşən və istifadəsində olan 0,81 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə Saatlı rayon Azadkənd bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Saatlı rayonu Azadkənd kəndində anadan olmuş və hal-hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Onun həyətyanı sahəsi ümumilikdə 1,04 hektardır. Həmin sahənin 0,23 ha qanuni, 0,81 ha isə zəbt sahəsi olaraq qeyd edilmişdir. Həyətyanı sahəsinin 1,04 ha olması barədə ona keçmiş “DT və XK”-nin Saatlı rayon şöbəsi tərəfindən xx xxx 2013-cü il tarixli, 217 saylı arayış da verilmişdir. Saatlı rayon Azadkənd kəndində aqrar islahat aparılarkən istifadədə olan 0,81 ha həyətyanı torpaq sahəsi ona və ailə üzvlərinin mülkiyyətinə verilən çöl pay torpağından çıxılmışdır. Zəbtində olan torpaq sahəsi 20 ildir ki, onun istifadəsindədir. Saatlı rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0,23 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ona xx xxxxxx 2000-ci il tarixdə Saatlı rayon Torpaq şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-241 A, KOD 90800018 saylı Şəhadətnamə verilmiş və 1223 nömrə ilə kitabda qeydə alınmışdır. 0,81 ha həyətyanı torpaq sahəsini də qanuni şəkildə mülkiyyətinə keçirmək istəmiş, lakin adına sənədləşdirə bilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* saylı Çıxarışa əsasən, Saatlı rayonu, Azadkənd kəndində mülkiyyətində olan 0,23 ha torpaq sahəsi və 2 mərtəbəli, 8 otaqlı, 186,2 kv.m yaşayış, 119 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının, 150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hesab edir ki, istifadədə olan 0,81 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbində haqlıdır. Yuxarıda qeyd etdiyi kimi, sözügedən torpaq sahəsi artıq 20 ildir ki, onun və ailə üzvlərinin istifadəsindədir. Ona Saatlı rayonu Azadkənd kənd İƏD-si üzrə nümayəndəliyindən xx xxxxxx 2013-cü il tarixli, 693 saylı məktub da verilmişdir ki, həyətyanı sahəsi 1,04 ha-dır. Səhvən 0,23 ha yazılıb. Həmin arayış “DT və XK”-nin Saatlı rayon şöbəsinə təqdim etmək üçün verilmişdir. Həmin arayışın surəti də ərizəyə əlavə edilmişdir. O iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-585/2020 saylı, xx xxxxx 2020-ci il tarixli Qərardadı ilə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadda göstərilmişdir ki, sözügedən iddia tələbinə inzibati icraat qaydasında, inzibati məhkəmədə baxılmalıdır. Bundan əlavə olaraq bildirir ki, o, əvvəllər dəfələrlə 0,81 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X8 müraciət etsə də, ona imtina verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının 0,23 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair təqdim etdiyi xx.xx.2000-ci il tarixli JN-241A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmışdır. Belə ki, müraciətində qeyd etdiyi 1,04 ha torpaq sahəsinin yerdə qalan 0,81 ha hissəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmin torpaq sahəsi elektron kadastr məlumatı bazasına əsasən zəbt olunmuş, normadan artıq istifadəsində olan torpaq sahəsi kimi uçota alınmışdır. Eyni zamanda, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsi tərəfindən təhvil verilmiş, ərazi idarəsinin arxivində saxlanılan məlumatlar araşdırılmış və iddiaçı tələbində qeyd etdiyi X2 qərarına əsasən 0,81 ha torpaq sahəsinin iddiaçının pay torpaq sahəsindən çıxılması və 1,04 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi haqqında məlumat aşkar edilməmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd ediməsini xahiş etdi. Üçüncü şəxs Saatlı rayon Azadkənd bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialında olan Torpağa mülkiyyət hüququna dair JN-0065, kod 90800018 olan Dövlət Aktının surəti ilə müəyyən olunur ki, Saatlı rayonu, Azadkənd kənd sakini İddiaçı və ailə üzvlərinə Saatlı rayonu X2 xx xxxxxx 2001-ci il tarixli, 01 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 4,75 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Azadkənd kəndində mülkiyyətində olan 0,23 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 186,2 kv.m yaşayış, 119 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X6 İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********01 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Saatlı rayonu, Azadkənd kəndində yerləşən 1,04 ha torpaq sahəsinə dair sizin və ailə üzvlərinizin ümumi birgə mülkiyyət hüquqlarınızın qeydiyyata alınması” ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətinizə 13 saylı X7 baxılmışdır. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparan orqandır. O cümlədən, 0,23 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair təqdim etdiyiniz xx.xx.2000-ci il tarixli JN-241A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən sizin mülkiyyət hüququnuzun dövlət qeydiyyatı aparılmışdır. Belə ki, tərəfinizdən müraciətdə qeyd etdiyiniz 1,04 ha torpaq sahəsinin yerdə qalan 0,81 ha hissəsinə və ya bütövlükdə 1,04 ha torpağa hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sözügedən 0,81 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən zəbt olunmuş, normadan artıq istifadənizdə olan torpaq sahəsi kimi uçota alınmışdır. Eyni zamanda, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Saatlı rayon şöbəsi tərəfindən təhvil verilmiş, Ərazi idarəsinin arxivində saxlanılan məlumatlar araşdırılmış və müraciətdə qeyd etdiyiniz “X2 qərarına əsasən 0,81 ha torpaq sahəsinin sizin pay torpaq sahənizdən çıxılması və 1,04 ha torpaq sahəsinin sizin və ailə üzvlərinizin mülkiyyətinə verilməsi” haqqında məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas (hüquqmüəyyənedici sənəd-məhkəmə qərarı) olduğu halda aparılır. Odur ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan DT və XK-nin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli 217 nömrəli arayışın surəti ilə müəyyən olunur ki, Saatlı rayon Azadkənd kənd sakini İddiaçı (6 nəfər ailə üzvləri ilə birlikdə) yerli X2 verdiyi məlumata əsasən Saatlı rayon Azadkənd kəndində torpaq islahatı aparılan zaman 0,20 hektar qanuni, 0,84 hektar həyətyanı (zəbt) cəmi 1,04 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Saatlı RİHB-nin Azadkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 138 nömrəli arayışda qeyd olunur ki, İddiaçı halhazırda Saatlı rayon Azadkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Onun həyətyanı sahəsi ümumilikdə 1,04 hektardır. Həmin torpaq sahəsi onun ata yurdudur. 50 ildir həmin torpaq sahəsini istifadə edirlər. Saatlı rayon Azadkənd kəndində Aqrar İsalahat aparılarkən istifadəsində olan 0,81 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətlərinə verilən çöl pay torpağından çıxılmışdır. Həmin sahənin 0,23 ha qanuni, 0,81 ha isə zəbt sahəsi olaraq qeyd edilmişdir. Həyətyanı sahənin 1,04 ha olması barədə İddiaçı DT və XK-nin Saatlı rayon şöbəsi tərəfindən xx xxx 2013-cü il tarixli, 21 saylı arayış da verilmişdir. İş materiallarında olan Saatlı rayon Azadkənd bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 38 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı 6 nəfər ailə üzvləri ilə birlikdə Azadkənd kəndində torpaq islahatı zamanı 0,20 ha qanuni, 0,84 ha zəbt həyətyanı, cəmi 1,04 ha torpaq sahəsi vardır. İş materialında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-241 A, kod 90800018 olan şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Saatlı rayonu, Azadkənd kənd sakini İddiaçı və ailə üzvlərinə Saatlı rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə 0,23 ha torpaq sahəsi verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı rayonu, Azadkənd kənd sakini İddiaçı və ailə üzvlərinə Saatlı rayon X2 xx xxxxxx 2001-ci il tarixli, 01 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 4,75 ha torpaq sahəsi verilmişdir və bu barədə Torpağın mülkiyyət hüququna dair JN-0065, kod 90800018 olan Dövlət Aktı tərtib edilmişdir. Həmçinin Saatlı rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Saatlı rayonu, Azadkənd kənd sakini İddiaçı və ailə üzvlərinə 0,23 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-241 A, kod 90800018 olan şəhadatnamə tərtib edilmişdir. Hazırda iddiaçı Saatlı rayonu, Azadkənd kəndində qanuni istifadəsində olan 0,23 ha torpaq sahəsindən əlavə zəbt kimi uzun müddət istifadə etdiyi 0,81 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını xahiş edir. İddiaçı onun və ailə üzvlərinin zəbtində olduğu 0,81 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu halı təsdiq edən hər hansı bir subut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.5) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı Saatlı rayon Azadkənd kəndində zəbtində olan 0,81 ha torpaq sahəsini qanuni əsaslarla əldə etməsini təsdiq edən sübutları təqdim edə bilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmadığından onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddia tələbinin qanuni əsasları yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X5rşı «Saatlı rayonu Azadkənd kəndində yerləşən və istifadəsində olan 0,81 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X5rşı «Saatlı rayonu Azadkənd kəndində yerləşən və istifadəsində olan 0,81 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar