Məhkəmə qərarları › İş №2-1(120)-1021/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1021/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1021/2025 21.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mənzilə dair bölgü sxeminin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02 fevral 2024-cü il tarixli, ********** nömrəli Çıxarış əsasında mülkiyyətinə verilmiş olan mənzilə dair daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında bölgü sxeminin verilməsi ilə əlaqədar onun yəni, İddiaçı adına rəsmiləşdirməklə Hüquqların Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxx 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 128,4 kv.metr olan 5 otaqlı mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 12 aprel 2023-cü il tarixli, **********1 nömrəsi ilə verilmiş Çıxarışa əsasən Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbə sakini X3 məxsus olmuşdur. Həmin mənzil 5 otaqlı olmaqla 3 otağının girişi başqa, digər 2 otağının da girişi ayrıca olmaqla ümumi sahəsi 51.5 kv.metr olan 2 otağını 31 yanvar 2024-cü il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı muqaviləsinə əsasən X1 almışdır. Həmin mənzil tərəfindən tam təmir edilmiş və ayrı-ayrı giriş qapıları qoyulmuşdur. Müraciətinə əsasən həmin mənzilin 51.5 kv.metr hissəsi onun, 76,9 kv.metri isə X2 adına Daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2024-cü il tarixli, ********** nömrə ilə qeydiyyata alınmışdır. Bildirmək istəyir ki, o, DƏDRX-nin Lənkəran şəhəri üzrə Dövlət xidmətinə gedib həmin mülkiyyətində olan 51,5 kv.metr hissəsinə çıxarış verilməsi üçün ilk olaraq daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında bölgü sxeminin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin oradan onun müraciətinə imtina cavabı verilmişdir. DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ərazi idarəsi ona 11 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-62/2024 saylı bildiriş göndərməklə imtinanın əsası kimi həmin mənzilə vahid əmlak olduğundan bölgü eskizi hazırlamağın mümkün olmadığını, mənzillər üzərində bölgü planının hazırlanmasının qanunla nəzərdə tutulmadığı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istınad edərək həmin mənzilə dair texniki pasportun verilməsi haqqında bölgü sxeminin verilməsi prosedurundan imtina etmişdir. Konkret olaraq cavabdehə bu barədə müraciət edilməsinə baxmayaraq onun mülkiyyətində olan mənzilə dair hüquqmüəyyənedici sənədin verilməsi təmin edilməmişdir. Həmin sənədi yalnız cavabdeh qurum verdiyindən və hazırda həmin qurum sənədləşməni aparmaqdan imtina etdiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında onun mülkiyyətində olan mənzilə dair daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında bölgü sxeminin verilməsi proseduru ilə əlaqədar xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmışdır. Bununla əlaqədar bildirirlər ki, mənzilə vahid əmlak olduğundan bölgü eskizi hazırlamaq mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, **********62 nömrəli imtina bildirişi ünvanlanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X9 gəlmiş, İddiaçı və üçüncü şəxs X5 isə gəlməmiş, bununla belə iddiaçı və üçücü şəxs ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-62/2024 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli ərizələrinizlə əlaqədar olaraq bildiririk ki, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” əsasında sizin mülkiyyətinizdə olan mənzilə dair daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında bölgü sxeminin verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Bununla əlaqədar bildiririk ki, mənzilə vahid əmlak olduğundan bölgü eskizi hazırlamaq mümkün deyildir. Mənzillər üzərində bölgü planının hazırlanması qanunla nəzərdə tutulmamışdır. Belə ki, istər Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununda, istərsə də Azərbaycan Respublikasının Mənzil Məcəlləsində sözügedən məsələ ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin mənzilə dair texniki pasportun verilməsi haqqında bölgü sxeminin verilməsi prosedurundan imtina edilməsi qanunamüvafıq hesab edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12- 16/904 nömrəli arayışına əsasən İsayev X8 şəhəri, M.Əsədov küçəsi, ev 22 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********54-05301- 093007 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 128,4 kvadratmetr yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran Regional “ASAN xidmət” mərkəzinin möhürü ilə təsdiq olunmuş 31 yanvar 2024-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X5 tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 2 ünvanında yerləşən 128,4 kvadratmetr yaşayış sahəsinin 2/5-hissəsini, yəni 51,5 kvadratmetrini 20000 manat dəyəri və 387 manat vergi məbləği ödənilməklə ünvan 5 ünvanında qeydiyyatda olan alıcı İddiaçı satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********54-05301- 093007 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 128,4 kvadratmetr yaşayış sahəsinin 51,5 kvadratmetri üzrə İddiaçı, 76,9 kvadratmetri üzrə X2 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan üçüncü şəxs X2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı iddiaya qarşı heç bir etirazının olmadığını, iddianı qəbul etdiyini, səhhəti imkan vermədiyindən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbində qeyd etdiyi mənzilə dair bölgü sxeminin tərtib edilməsi Ərazi İdarəsinin istifadəsində olan “NECAS” tətbiqi proqramı vasitəsilə müvafiq mənzillərin bölgü sxeminin hazırlanması texniki olaraq mümkün deyildir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında paylı mülkiyyət hüququ ilə X2 76.9 kv.m hissə və İddiaçı 51.5 kv.m hissədə mülkiyyətçilərin paylarına uyğun olaraq əmlaka tənasübsüz zərər vurmadan real bölgünün aparılması və X3 76.9 kv.m hissənin və İddiaçı isə digər 51.5 kv.m hissənin naturada verilməsi mümkündürmü? - Əgər mümkündürsə, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, bina 46/13A, 7 nömrəli mənzildə paylı mülkiyyət hüququ üzrə X2 76.9 kv.m, İddiaçı 51.5 kv.m hissələrə paylarının bölgüsü hansı qaydada həyata keçirilməlidir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 10/6688 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında paylı mülkiyyət hüququ ilə X2 76.9 kv.m hissə və İddiaçı 51.5 kv.m hissədə mülkiyyətində olan ümumi sahəsi 128,4 kv.m olan mənzilin faktiki olaraq təcrid şəklində tərəflərin payına yaxın şəkildə naturada bölündüyü müəyyən edilmişdir. Bölgü zamanı texniki pasportda qeyd olunan 3 saylı (19,4m2) yaşayış otağının yerləşdiyi hissədə arakəsmə divarlar inşa edilməklə mətbəx, hamam və ayaqyolu tikilisi yaradılmış, 4 saylı (28,6m2) otağın ortasından arakəsmə divar inşa edilməklə iki hissəyə bölünmüş və 1 saylı (15,9m2) dəhlizdə divar hörülməklə pilləkən qəfəsəsinin qarşısında 1,5m2 sahə ümumi istifadədə saxlanılmışdır. Bununla da İddiaçı istifadəsində 51.1 kv.m və X2 istifadəsində 74.0 kv.m sahənin qaldığı müəyyən edilmişdir. Faktiki bölgüdən sonra hər iki hissədə yaşayış otaqlarının və yardımçı sahələrin (mətbəx, hamam, ayaqyolu, dəhliz və.s.), ayrı-ayrı giriş-çıxışlarının mövcud olmasını, mənzillərin təcrid bölünməsini nəzərə alaraq, naturada aparılmış bölgünün AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 3, 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və Məhkəmə tikinti-texniki ekspertizasının Həll Metodlarında qeyd olunanlara uyğun olduğu müəyyən edildi. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə (mənzilin vahid əmlak olması, bölgü sxeminin tərtib edilməsinin cavabdeh inzibati orqanın istifadəsində olan “NECAS” tətbiqi proqramı vasitəsilə mümkün olmaması) münasibətdə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən səbəblər məhkəmə qərardadı ilə keçirilmiş ekspertizanın nəticələri ilə təsdiqini tapmamışdır. Belə ki, sözügedən ekspert rəyindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında paylı mülkiyyət hüququ ilə X2 76.9 kv.m hissədə və İddiaçı 51.5 kv.m hissədə mülkiyyətində olan ümumi sahəsi 128,4 kv.m olan mənzilin faktiki olaraq təcrid şəklində tərəflərin payına yaxın şəkildə naturada bölündüyü, naturada aparılmış bölgünün AzDTN 2.7-2 “Yaşayış Binaları. Layihələndirmə Normaları”-nın 3, 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və Məhkəmə tikinti-texniki ekspertizasının Həll Metodlarında qeyd olunanlara uyğun olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmeti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 128,4 kv.m olan mənzilin vahid əmlak olması, həmin mənzilə dair bölgü sxeminin tərtib edilməsinin cavabdeh inzibati orqanın istifadəsində olan “NECAS” tətbiqi proqramı vasitəsilə texniki olaraq mümkün olmaması iddiaçının məsuliyyəti və ondan asılı olan hal deyil və İddiaçı xx.xx.2024-cü il tarixli, **********54-05301-093007 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 128,4 kv.m olan mənzilə dair bölgü sxeminin tərtib edilməsini və həmin çıxarışa əsasən qeyd olunan mənzilin tam qanuni əsaslarla paylı mülkiyyət hüququ əldə etdiyi 51,5 kvadratmetr hissəsinə çıxarışın verilməsini tələb etməkdə haqlıdır. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilən fəaliyyətlərə daxil olan daşınmaz əmlak obyektinin sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi həm texniki, həm də hüquqi aspektləri əhatə edən prosesdir. Daşınmaz əmlakın bir hissəsinin satılması və ya bağışlanması zamanı aparılan sxematik bölgü ilə həmin hissənin sərhədləri, ölçüləri və sahəsi dəqiqləşdirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixli, **********54-05301-093007 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hüququ rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 128,4 kv.m olan mənzilə dair bölgü sxeminin tərtib edilməsi və həmin çıxarışa əsasən qeyd olunan mənzilin tam qanuni əsaslarla paylı mülkiyyət hüququ əldə etdiyi 51,5 kvadratmetr hissəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 100 (bir yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, **********54-05301-093007 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hüququ rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 128,4 kv.m olan mənzilə dair bölgü sxeminin tərtib edilməsi və həmin çıxarışa əsasən qeyd olunan mənzilin tam qanuni əsaslarla paylı mülkiyyət hüququ əldə etdiyi 51,5 kvadratmetr hissəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar