Məhkəmə qərarları › İş №2-1(120)-1024/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1024/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1024/2024 12.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlunun və İddiaçı1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 12 mart 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlu və İddiaçı1 vəkili Nümayəndə gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 22 dekabr 2023-cü il tarixli məktubu ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğluna hüquqi yardım göstərilərək onlara izah olunmuşdur ki, iddiaçılar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin hüquqi maraqlarının daha tez və qanuni şəkildə təmin edilməsi məqsədilə, vergi orqanının xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışının “Bənövşə X8” rəhbər dəyişikliyi ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli Qərarı əsasında tərtib edildiyini nəzərə alaraq, onların mülki icraat qaydasında həmin qərarı mübahisələndirə bilmək hüquqları var. Həmin qərar ləğv və ya etibarsız hesab edildikdən sonra vergi orqanı tərəfindən çıxarış ləğv edilməyəcəyi təqdirdə inzibati icraat qaydasında çıxarışın ləğvini tələb etmək hüquqları yaranacaqdır. Odur ki, iddiaçılara aidiyyət məsələsinin müzakirəsi məqsədilə müvafiq sənədlərin və sübutların təqdim edilməsi təklif edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 1993- cü il tarixli, 265 nömrəli sərəncamı ilə Cəlilabad rayonu, Məmmədrzalı kəndində "Bənövşə" X11 dövlət qeydiyyatına alınmış və mərhum ataları X4 həmin təsərrüfatın təsisçisi olmuşdur. Mərhum ataları Qüdrət Mahmudov xx.xx.2021-ci ildə vəfat etmişdir. Bu barədə də Cəlilabad rayon Notariat Ofisində 2V-624 nömrə ilə vərəsəlik işi açılmış və onlar ailə üzvləri olaraq mərhum atalarının vərəsələri hesab edilmişlər. Həmin vərəsəlik işinə əsasən də digər əmlaklarla yanaşı "Bənövşə" X13 nizamnamə kapitalına münasibətdə payları tanınmış və onlara xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********069500 nömrəli çıxarış verilmişdir. (VÖEN **********). Həmin çıxarışda adı qeyd edilən fermer təsərrüfatının qanuni təmsilçisi kimi X5 adı qeyd edilmişdir. Qeyd edirlər ki, Sahib Mahmudov onların qardaşıdır. Həmin çıxarışın verilməsinə əsas səbəblərdən biri də rəhbər dəyişikliyi ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli qərar olmuşdur. Belə ki, həmin qərarda göstərilir ki, xx.xx.2021-ci il tarixdən X10 "Bənövşə" KFT-nin direktoru təyin edilsin, möhür və ştamp ona verilsin və rəhbər dəyişikliyi ilə bağlı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməsi Sahib Mahmudova həvalə edilsin. Məsələ burasındadır ki, adı qeyd edilən "Rəhbər dəyişikliklə əlaqədar qərar”dakı imzalar onlara, yəni İddiaçı1 və İddiaçı2 Qüdrət oğluna məxsus deyildir. Sahib Mahmudov onların xəbəri və məlumatları olmadan həmin qərardakı imzaları saxtalaşdırmaqla dövlət orqanı olan 6 saylı Ərazi Vergilər Baş İdarəsindən dövlət reyesterindən çıxarış almaqla özünü qanuni təmsilçi kimi göstərmişdir. Bir daha bildirirlər ki, qeyd edilən qərardakı imzalar onlara məxsus deyildir. Həmin imzalar Sahib Mahmudov tərəfindən saxtalaşdırılmaqla özünü müəssisənin təsisçisi kimi qeyd etdirmişdir. Əgər xəttşünaslıq ekspertizası keçirilərsə fakt öz təsdiqini tapacaqdır. Adı qeyd edilən dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ötrü onlar Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişlər. Lakin cavab olaraq onlara bildirdilər ki, bunun üçün məhkəməyə müraciət edilməlidir. Halbuki, Sahib Mahmudov bu kimi dələduzluq əməllərinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin onun bu kimi hərəkətləri müvafiq qrumlara sonradan məlum olmuşdur. Hal-hazırda da onun barəsində dələduzluq cinayətinə görə məhkəmə istintaqı gedir. Bu hal Sahib Mahmudovun şəxsiyyətini tam xarakterizə edir. Sahib Mahmudovun dövlət qrumunu aldatması həmçinin da onda ifadə olunur ki, o, qabaqcadan düşünülmüş formada bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək, habelə həqiqi məlumatları gizlədərək, konkret olaraq imzaları saxtalaşdırmaqla aldadıcı üsullardan istifadə etməklə dövlət qrumunu inandırmışdır. X1suz əməlləri barədə hal-hazırda hüquq- mühafizə orqanlarına müraciətlər edilmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.8.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicilərinin vahid dövlət reyestrinin məlumat bankının aparılmasını, onun bütövlüyünü və qorunmasını təmin edir, rəsmi sorğulara cavab olaraq bu Məcəllədə müəyyən edilmiş qaydada vahid dövlət reyestrindən çıxarışı (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnama kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) təqdim edir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan “Bənövşə X8” təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, KFT-nin təsisçisi və direktoru X2 vəfat etməsi nəzərə alınaraq X10 xx.xx.2021ci il tarixdən KFT-nin direktoru təyin edilmiş və KFT-nin möhrü və ştampı X9 təhvil verilərək rəhbər dəyişikliyi barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsi X9 həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiaçılara ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 "Bənövşə" X8 rəhbəri təyin edilməsinə dair təqdim edilmiş sənədlərin araşdırılması barədə müraciətlərinə AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********898602 nömrəli və xx.xx.2023-cü il tarixli **********898603 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirirlər ki, "Bənövşə" X8 (VÖEN: **********) təsisçisi və rəhbəri olmuş X2 vəfat etməsi ilə əlaqədar Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X10 əmlak inzibatçısı təyin edilmişdir. Təqdim olunan sənədlər əsasında xx.xx.2021-ci tarixdə əmlak inzibatçısının adı təsərrüfatın rəhbəri kimi dövlət reyestrinə daxil edilmişdir. X2 qanuni vərəsələri barədə təqdim olunmuş şəhadətnamələr əsasında xx.xx.2022-ci il tarixdə onun vərəsələri X6, X16, X7 və X5 təsərrüfatın təsisçiləri sırasına daxil olması və təsisçilərin xx.xx.2022-ci il tarixli qərarına əsasən X5 rəhbər təyin olunması barədə qeydlər dövlət reyestrinə daxil edilmişdir. Əlavə olaraq bildirirlər ki, təsərrüfata aid möhür və ştampın qanunsuz olaraq Sahib Mahmudov tərəfindən əldə edilməsi və təqdim edilmiş sənədlərin saxtalaşdırılması hallarının araşdırılması qanunvericiliyə uyğun olaraq vergi orqanlarının səlahiyyətlərinə aid edilməmişdir. Bu səbəbdən təsisçilər arasında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, “Bənövşə X8” təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarına əsasən KFT-nin təsisçisi və direktoru X2 vəfat etməsi nəzərə alınaraq X10 xx.xx.2021-ci il tarixdən KFT-nin direktoru təyin edilmiş və KFT-nin möhrü və ştampı X9 təhfil verilərək rəhbər dəyişikliyi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməsi X9 həvalə edilmişdir. İddiaçıların hüquqi maraqlarının təmin edilməsi üçün hazırki halda vergi orqanının xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışının “Bənövşə X8” rəhbər dəyişikliyi ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli Qərarı əsasında tərtib edildiyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçılar mülki icraat qaydasında həmin qərarı mübahisələndirməlidirlər. Həmin qərar ləğv və ya etibarsız hesab edildikdən sonra vergi orqanı tərəfindən çıxarış ləğv edilməyəcəyi təqdirdə inzibati icraat qaydasında çıxarışın ləğvini tələb etmək hüquqları yaranacaqdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, “Bənövşə X8” rəhbər dəyişikliyi ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli Qərarı əsasında tərtib edildiyini nəzərə alaraq, iddiaçıların mülki icraat qaydasında həmin qərarı mübahisələndirməyə dair iddiaları inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, ümumi(rayon, şəhər) məhkəmələrdə həll etmək hüququ vardır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçılara izah edilməsini zəruri hesab edir ki, onlar “Bənövşə X8” təsisçilərinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbi ilə bağlı yaşadığı yer üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qüdrət oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2023-cü il tarixli **********069500 nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar