Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1027/2024 05.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, valideynləri X6 və X3 olmuşdur. Həmin vaxt ona verilmiş doğum haqqında şəhadətnamədə soyadı “Məmmədova “adı Şövqiyyə və ata adı Oqtay” kimi qeyd olunmuşdur. Sonradan anası X3 1973-cü ildə vəfat edikdən sonra anasının valideynləri apararaq öz yanlarında saxlayıb böyütmüşlər. Həmin vaxtlar yəni, uşaq vaxtlarından doğum haqqında şəhadətnaməni itirmişdi. Bütün sənədlərdən göründüyü kimi doğum haqqında şəhadətnamədə soyadı “Hüseynova” kimi qeyd olunmuşdur. Orta təhsil haqqında atestatdan görünür ki, ona atestat verilən zaman atestatda da səhvən soyadı “Məmmədova” kimi qeyd olunsa da, lakin rəsmi qaydada düzəliş edilmiş və qeyd olunmuşdur ki, “Məmmədova” soyadı səhv olduğundan “Hüseynova” soyadına inanılmalıdır. Bu səbəbdən də ilkin şəxsiyyət vəsiqəsini alanda da soyadı məhz “Hüseynova” kimi qeyd olunmuş və bundan sonra da bütün sənədlərdə indiyədək də “Hüseynova" soyadı göstərilmişdir. Bu illər ərzində şəxsiyyət vəsiqəsini 3-cü dəfə dəyişdirəndə də soyadı “Hüseynova” kimi qeyd olunmuşdur. Bundan əlavə ərizəyə əlavə olunmuş digər sənədlərdə də, o, cümlədən əmək kitabçasında, xarici pasportda, diplomda, kurs sənədlərində, uşaqlarımın doğum haqqında şəhadətnamələrində və ona verilən sığorta şəhadətnasində də soyadının “Hüseynova “ olması tam təsdiq olunur. Lakin bu yaxınlarda uşaqlarının təhsili ilə əlaqədar Respublika hüdudlarından kənara getmək istəyərkən ondan doğum haqqında şəhadətnaməni istədikdə məlum oldu ki, hələ də bu günədək ona məlum olmayan səbəblərdən doğum haqqında şəhadətnamədə hələ də soyadı “Məmmədova” kimi qalmışdır. Belə ki, doğum haqqında şəhadətnamənin təkrarən ona verilməsi üçün X4 müraciət etmiş və həmin idarə tərəfindən rəsmi qaydada təqdim olunmuş rəydə bildirilmişdir ki, doğum haqqında şəhadətnamədə soyadın dəyişməsinə səbəb qanunsuz müdaxilə olduğu üçün akt qeydinə düzəlişin edilməsindən imtina edilməlidir. Bu qanunsuz müdaxilənin bir vətəndaş olaraq ona heç bir aidiyyəti yoxdur. Hətta müdaxilə olunmuş olsa da belə həmin müdaxilədən 40 ildən artıq müddət ötmüş və bununla bağlı hərhansı bir inzibati orqanlar tərəfindən mübahisələndirmə olmamışdır. Onun 50-dən artıq yaşı var və bu günədək bütün sənədlərdə də soyadı məhz “Hüseynova” kimi qeyd olunmuşdur. Bu səbəbdən də hazırda Fransa Respublikasında təhsil alan uşaqlarının yanına gedə bilmir. Bu da onun uşaqlarının təlim, təhsil və tərbiyyəsində məşqul olmaq kimi konstitusion hüquqlarından istifadə edə bilmir. Qeyd edilənlərə əsasən onun xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, İmişli şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası İmişli rayonu Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Cavabdeh tərəfindən xx.xx.1975-ci il tarixdə tərtib olunmuş 374 nömrəli doğum haqqında bərpa akt qeydində uşağın soyadının “Məmmədova”-dan “Hüseynova”-ya düzəliş edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-13-366/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1975-ci il tarixli, 374 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, X2 xx.xx.1971-ci ildə İmişli rayonunun Məzrəli kəndində doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.1975-ci ildə tərtib olunmuş 374 №-li doğum haqqında akt qeydi X1 adınadır. Uşağın soyadı üzərindən qeyd-şərtsiz xətt çəkilərək, Hüseynova yazılmışdır. İzah edilir ki, akt qeydinə istənilən düzəlişin əsası haqqında məlumat akt qeydində öz əksini tapmalıdır. Əks halda düzəliş qanuna müvafiq hesab edilmir. Akt qeydinə düzəliş ya qeydiyyat şöbəsinin rəyinə, uşaq 18 yaşına çatanadək soyadı və ya adı dəyişilərsə müvafiq icra hakimiyyətinin sərəncamına, məhkəmə qətnaməsinə, ya da tərtib olunmuş digər akt qeydlərinə (məsələn, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi, atalığın müəyyən edilməsi haqqında akt qeydi) əsasən edilir. Ş.Məmmədovanın nə doğumu haqqında akt qeydi üzərində, nə də şöbənin arxivində belə bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24–6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında bərpa akt qeydində soyadının “Məmmədova”dan “Hüseynova”ya dəyişdirilməsi olsa da, o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə soyadının “Hüseynova” kimi göstərildiyini əsas gətirərək, doğum haqqında bərpa akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AA seriyalı, 2230841nömrəli şəxsiyyət vəsiqəsində, PC AZE C02899285 nömrəli xarici pasportda, orta təhsil haqqında attestatında iddiaçının İddiaçı kimi qeyd edilmişdir. Eləcə də, məhkəməyə təqdim edilən iddiaçıya məxsus bərpa akt qeydində iddiaçının soyadı qrafasında Məmmədovanın üstündən xətt çəkilmiş, üst hissəsində “Hüseynova” kimi qeyd aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1971-ci il təvəllüdlü) xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixli doğum haqqında bərpa akt qeydində soyadının Hüseynova, adının Şövqiyyə və ata adının Oqtay kimi müəyyən edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Hakim Hilal Nəcəfov