Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1028/2024 14.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X26 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X18 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 14 fevral 2024-cü il tarixli, 2-1(120)-1028/2024 nömrəli qərardadı ilə,iddia tələbi dəqiqləşdirilərək, iş üzrə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün pensiya təyin edilməsi” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci ilə tarixinədək Yardımlı rayonunun keçmiş Babək adına sovxozda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Onun müraciətindən imtina olunmasına əsas isə Fondun 2 saylı Lənkəran-Astara regional filialının aktına əsasən Babək adına sovxozun xx.xx.1985-ci il tarixində xx.xx.1997-ci il tarixinədək adına əməkhaqqı hesablanmadığını göstərmişdirlər. Lakin bu tam əsassızdır.Onun (xx.xx.1993-cü il tarixli X4, xx.xx.1994-cü il tarixli X12, xx.xx.1995-ci il tarixli X13, xx.xx.1998-ci il tarixli X14 və xx.xx.2000-ci il tarixli X10) 5 (beş) övladı var. 2-ci uşaq Əmirli Fərid 1994-cü ildən 2015-ci ilə qədər 2-ci qrup olmaqla xəstəliyi ilə bağlı müvafiq pensiya alırdı. xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Yardımlı rayonu, Babək (Jdanov ) adına sovxozda fəhlə işləmişdir. İşlədiyi yer Aqrar islahatlar ilə əlaqədar olaraq Babək adına sovxoz fəaliyyəti dayandırılmışdır. Pensiya yaşına çatdıqdan sonra bununla bağlı Azərbaycan Respublikası DSMF Şirvan şəhər şöbəsinə müraciət etmiş və xx.xx.2018-ci ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq artımlar nəzərə alınmaqla son dövrlərədək 180 manat pensiya alırmış.Xolxozda işlədiyi müddət, uşaqların 2-sinin 3 yaşına qədər tərbiyyə etmiş - 6 il müddət, sağlamlıq imkanları məhdud uşağa Fəridə qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən xx.xx.2017-ci ildən ona “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunmasını yəni Hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş illərin hesablanaraq ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikasımın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X26 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır.Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edir və icraata qəbul edib, hüquqi qiymət vermənizi sizdən xahiş edir. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.).İddiaçı sözügedən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Yardımlı rayonunun keçmiş “Babək” adına sovxozdakı əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən vətəndaşın sözügedən müəssisədə işə girməsi, işdən çıxması və həmin sovxoza aid əməyin ödənişi üzrə hesablaşma kitablarında əmək haqqı alması faktları aşkar edilməmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək ümumilikdə 12 il 1 ay 14 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən İddiaçı qanunla nəzərdə tutulan 12 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi təmin edilə bilməz.Həmçinin məlumat üçün qeyd edirik ki, İddiaçı xx.xx.2018- ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən müavinətin məbləği 180 manata çatdırılmışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2- 1(120)-1028/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə Yardımlı rayonu, Yolocaq kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan xx.xx.1985-ci il tarixli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X22 ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 6011 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. O, oğlu 1994-cü il təvəllüdlü X8 özü dünyaya gətirərək 8 yaşadək böyüdüb tərbiyə etmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-208326/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7/2022 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd olunan Qanunun 22—1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 sayli Lənkəran-Astara regional filialının aktına əsasən “Babək” adına sovxozun xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmr kitablarında və əməyin ödənişi üzrə hesablaşma kitablarında adınıza rast gəlinməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı və qanunla nəzərdə tutulan 12 il sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda sizə xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarında göstərilmişdir ki, İddiaçı “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və 22-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət alır. xx.xx.2022-ci il tarixdə tərtib edilən akta əsasən xx.xx.1992-xx.xx.1997-ci illər üzrə yardımlı rayonu Babək sovxozu fəhlə işlədiyi dövr üzrə əmək haqları təqdim edilmədiyindən və əmr kitabların rast gəlmədiyindən sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialının 28 noyabr 2022-ci il tarixli aktında göstərilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli xidməti məktubunun icrası məqsədi ilə Yardımlı rayon Dövlət Arxivində saxlanılan əmr kitablarına əsasən qarşılıqlı yoxlanıldıqda İddiaçı Yardımlı rayonunun keçmiş Babək adına sovxozda xx.xx.1985-ci il tarixdə işə girməsi, xx.xx.1997-ci il tarixdə işdən çıxması və həmin sovxoza aid əməyin ödənişi üzrə hesablaşma kitablarında onun 1992-1997-ci illərdə əmək haqqı alması faktları aşkar olunmadı. - İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının 31 oktyabr 2022-ci il tarixli aktında göstərilmişdir ki, “Babək” adına sovxozun sənədləri X16 filialına təhvil verilmədiyi üçün İddiaçı xx.xx.1985-xx.xx.1997-ci illəri əhatə edən iş stajını yoxlamaq mümkün olmadı. - İşdə olan Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 5-81-1/2-55/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Yardımlı rayon Dövlət Arxivi İdarəsində mühafizə olunan sənədlərin içərisində, Babək(Jdanov) adına sovxoza aid kitablar araşdırılmış, lakin heç bir məlumat mühafizə olunan sənədlər arasında tapılmamışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-17522/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Yardımlı Rayon Babək" adına sovxozun xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmr kitablarında və əməyin ödənişi üzrə hesablaşma kitablarında iddiaçının işə girmə və işdən çıxma əmrlərinin olmaması səbəbindən həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 29 yanvar 2024-cü il tarixli 3-17-1/2- 20289/2024 nömrəli məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 2-1(120)-3561/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Müraciətə əsasən vətəndaş X11 (Yardımlı, №070056), X9 (Yardımlı, №07052) və X1 (Yardımlı, №070017) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti Sizə təqdim olunur Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci ilədək Jdanov adına sovxozda fəhlə işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı oğlu 1994-cü il təvəllüdlü X8 özü dünyaya gətirərək 8 yaşadək böyüdüb tərbiyə etmişdir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 12 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında iddiaçının xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı və əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixədək dövrlərin araşdırılması zərurəti yarandığını, Fondun 2 sayli Lənkəran-Astara regional filialının aktına əsasən “Babək” adına sovxozun xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmr kitablarında və əməyin ödənişi üzrə hesablaşma kitablarında adınıza rast gəlinmədiyi üçün xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək ümumilikdə 12 il 1 ay 14 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Lakin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlərdə deyil, xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda fəhlə işləmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 12 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, araşdırma zamanı tərtib olunmuş xx.xx.2022ci il tarixli yoxlama aktında göstərilmişdir ki, “Babək” adına sovxozun sənədləri X16 filialına təhvil verilmədiyi üçün İddiaçı xx.xx.1985-xx.xx.1997-ci illəri əhatə edən iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçının xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 12 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarına əlavə edilmiş iddiaçının iş yoldaşları X3 məxsus pensiya işindən görünür ki, xx.xx.1978-xx.xx.1991-ci ilədək Jdanov adına sovxozda fəhlə işlədiyi dövrlər yalnız əmək kitabçasında qeydə alındığı halda, həmin dövrlər cavabdeh orqan tərəfindən siğorta stajına daxil edilmiş və vətəndaşa pensiya təyin edilmişdir.X15 və X5 isə 1978- 1987-ci illərə aid Jdanov adına sovxozda fəhlə işləmələri barədə arxiv arayışı təqdim etmiş və 2014-cü il tarixdən onlara pensiya təyin edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin sovxozda işləməsi və əmək haqqı alması, o cümlədən sovxozun fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə Jdanov adına sovxoz mövcud olmuş, iddiaçı Jdanov adına sovxozda 1997-ci ilədək işləmiş və əmək haqqı almış, sadəcə olaraq Jdanov (Babək) adına sovxozun 1985-ci il tarixdən 1997-ci ilədək olan sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Jdanov (Babək) adına sovxozda işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda fəhlə işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1985-xx.xx.1997-ci illərdə Jdanov adına sovxozda fəhlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə Jdanov adına sovxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin sovxoz tərəfindən müəyyən dövr üçün sovxoza məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair Jdanov adına sovxozda 1985- 1997-ci illərə dair sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması zavodda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçı sözügedən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 8.2-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etdiyindən qanunvericiliyə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki üç il üçün (xx.xx.2022 - 3 il = xx.xx.2019) ödənildiyindən ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hesablanıb ödənilməlidir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən (55 yaşdan) təyin edilməli və müraciət tarixindən əvvəlki 3 il yəni, xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən xx.xx.2016-cı il tarixdən (55 yaşdan) yaşa görə əmək pensiyası təyin edilsin və müraciət tarixindən əvvəlki 3 il yəni, xx.xx.2019cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1028/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1028/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver