Məhkəmə qərarları › İş №2-1(120)-1029/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1029/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1029/2024 09.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı qızı X6 doğum akt qeydində xx.xx.2010-cu ildən xx.xx.2005-ci ilə dəyişiklik aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “İddiaçı qızı X6 doğum akt qeydində xx.xx.2010-cu ildən xx.xx.2005-ci ilə dəyişiklik aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2005-ci il təvəllüdlü uşağı dünyaya gəlmişdir. X4r. xx.xx.2012-ci ildə doğum haqqında sənəd verilmiş və uşağın təvəllüdü xx.xx.2005-ci il yazılmaq əvəzinə xx.xx.2010-cu il yazılmışdır. O, 2010-cu ildə uşaq dünyaya gətirmədiyini bildirərək, üzləşdiyi problemin həll edilməsi üçün köməklik göstərilməsi üçün Cavabdehnə müraciət etmiş və ona imtina verilmişdir. Hesab edir ki, imtinada qeyd olunanlar əsasında tələbi əsaslı hesab edilərək Ailə Məcəlləsinin 161.1 maddəsinə əsasən məhkəmə qərarı əasında akt qeydində dəyişiklik edilə bilər. İddia tələbi ilə bağlı vəkil sorğusu ilə X7 2005-cı ilin avqust ayında Salyan RMX-da və ona tabe ərazi xəstəxana və sair tibb müəssisəsində uşaq dünyaya gətirməsi barədə məlumatın verilməsinə və övladının 2005-ci il və ya 2010-cu il təvəllüdlü olubolmaması barədə “yaşının müəyyən edilməsi barədə həkim komissiyasının müvafiq rəyinin” verilməsinə köməklik göstərməsi Salyan Rayon Mərkəzi Xəstəxanasından xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli 1642 saylı və xx.xx.2022-ci il tarixli 2587 saylı məktublarla müvafiq cavab verilmişdir. 2005-ci ildə doğum barədə məlumat olmadığı bildirilmiş və doğum tarixi haqqında sənədin alınması üçün məhkəmənin əsaslandırılmış qərarının olması göstərilmişdir. Buna görə də bildirir ki, həmçinin istənilən vaxt uşaqla birlikdə yaş komissiyasına müraciət etməyə hazırdır. İlkin baxışdan da müəyyən olunur ki, onun uşağının yaşı doğum haqqında şəhadətnamədə göstərilən 2010-cu il deyil. Qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Salyan rayonu Kərimbəyli kənd sakinləri X11, X12, X15, X18 və X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X21 və İddiaçı xx.xx.2005-ci ildə Salyan rayonu Kərimbəyli kəndində yaşadıqları evdə Samirə adlı qız övladları doğulmuşdur və onlar az savadlı, təsərrüfat ilə məşğul olan insanlar olduğu üçün doğum haqqında şəhadətnaməni bir neçə il sonra almış və şəhadətnamədə doğum tarixi səhvən 2005 əvəzinə 2010 kimi yazılmışdır. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X6 doğumu haqqında akt qeydində düzəliş olunaraq doğum tarixinin “xx.xx.2005-ci il” qeyd edilməsi barədə müraciətinizə Cavabdehndə baxılmışdır. Müəyyən olunmuşdur ki, X13 münasibətdə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 750 saylı doğum, həmin tarixli 252 saylı atalığı müəyyən etmək haqqında akt qeydlərində, eləcə də tərəfinizdən baxışa təqdim olunmuş və surəti iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli 750 saylı doğum haqqında akt qeydi əsasında verilmiş AZ-İİ 930295 nömrəli şəhadətnamədə X6 doğum tarixi xx.xx.2010-cu il qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1 .-ci maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olduqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” 1 -ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normalarda, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” 8-ci bəndini rəhbər tutaraq, müvafiq akt qeydində doğum tarixinə düzəliş edilməsi tələbinizin icrasından imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (və ya) məcburetmə haqqında iddia ərizəsi ilə məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Salyan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan rayon Kərimbəyli kənd sakini 1978-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdə Salyan RMX-nın Doğum şöbəsinə heç bir diaqnozla daxil olmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və (ş.v. AZE ********) İddiaçı tərəfindən doğulmuş başqa (yuxarıda göstərilən akt qeydləri istisna olmaqla) qız və (və ya) oğlan cinsli uşağın doğumu haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 37 nömrəli Təsərrüfatbaşına kitabdan çıxarış barədə arayışda qeyd edilmişdir ki, Quliyeva X3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yaşayır. Kərimbəyli kənd 04 nömrəli təsərrüfatbaşına kitabın şəxsi hesab 352də olan özünə məxsus 1 mərtəbəli 3 otaqlı evi vardır. Ailə üzvləri aşağıdakılardır və vəfat edən yoxdur. Həyat yoldaşı X19-1967-ci il təvəllüdlü, oğlu 2002-ci il təvəllüdlü X22, qızı 2005-ci il təvəllüdlü X16 və oğlu 2006-cı il təvəllüdlü X17r. xx.xx.2012-ci il tarixli, 750 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə Salyan rayonunda anadan olmuş, atası X19, anası İddiaçıdır. İş materiallarında olan Salyan rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ginekologiya və Doğum şöbəsinin müdiri İ.Ağalarovanın xx.xx.2022-ci il tarixli məlumatına əsasən, İddiaçı 2005-ci il tarixdən 2010-cu ilədək Salyan rayon X1 və Doğum şöbəsinə heç müraciətlə daxil olmamışdır. Salyan rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubunda qeyd edilmişdir ki, Salyan rayon Kərimbəyli kənd sakini İddiaçı Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının dördüncü kitabının 352 şəxsi hesabında X16 2005-ci il kimi qeydiyyata alınmışdır. X16 hal-hazırda Kərimbəyli kənd ərazisində yaşayır və Kərimbəyli kənd tam orta məktəbində təhsil almır. ünvan 4 ünvanladığı məktubunda qeyd edilmişdir ki, Salyan Rayon kərimbəyli kənd sakini İddiaçı Kərimbəyli kənd X5 Həkim ambulatoriyası üzrə 4№-li malariya xəstəliyinə qarşı evbəev müayinə jurnalında X16 2005-ci il kimi qeydiyyata alınmışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun xx.xx.2024-cü il tarixli Sağ mil-bilək oynağı və sağ əlin iki proyeksiyada Rentgenoqramması sümük yaşının təyini üçün rəyində qeyd edilmişdir ki, X6 hər iki said sümüyü distal epifı zonası və əl darağı, falanqa sümüklərinin epifiz zonaları (boy zonaları) bağlanıb. Bilək sümüklərinin formalaşması tamamlanıb. Bilək, əl darağı sümükləri və falanqalar normal konfiqurasiya, struktura və pozisiyadadır. Oynaq yarıqları norma daxilində olub, sümük konturları düzgündür. Müayinə sahəsinə daxil olan yumşaq toxumalara aid patoloji dəyişiklik qeyd olunmur. Nəticə: Hər iki said sümüyü distal epifi zonası və əl darağı, falanqa sümüklərinin epifiz zonaları (boy zonaları) bağlanıb. Bilək sümüklərinin formalaşması tamamlanıb. Sümük yaşı 18 yaş və üzəri təyin edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə “şəxsin fiziki yaşının müəyyən edilməsi” ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X14” X28 həvalə edilmiş və Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X14” X26 eksperti tərəfindən xx.xx.2024-ci il tarixli, 674 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində bildirilmişdir ki, X6 məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: X2 inkişaf yaşı 14-15 ilə uyğun gəlir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə “şəxsin fiziki yaşının müəyyən edilməsi” ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X14” X28 həvalə edilmiş və Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X14” X26 eksperti tərəfindən xx.xx.2024-ci il tarixli, 2963 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində bildirilmişdir ki, X6 məhkəmə-tibbi ekspertizasına, onun adına tərtib olumuş tibbi sənədlərə əsaslanaraq və ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. X6 fizioloji inkişafı nəzərə alınmaqla və antroskopik, antropometrik göstəricilərinə əsasən halhazırki fiziki inkişaf yaşın yuxarı həddi 19 ilə uyğun gəlir. Cavabdeh məhkəməyə ünvanladığı 30 iyul 2012-ci il tarixli 748 nömrəli akt qeydindən müəyyən olunur ki, X22 xx.xx.2002-ci il tarixdə Salyan rayonunda doğulmuşdur, atası X21 və anası İddiaçıdır. Cavabdeh məhkəməyə ünvanladığı 30 iyul 2012-ci il tarixli 749 nömrəli akt qeydindən müəyyən olunur ki, X23 xx.xx.2006-cı il tarixdə Salyan rayonunda doğulmuşdur, atası X21 və anası İddiaçıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı X21 ilə rəsmi nikahları olmamışdır və məhkəmə prosesində iştirak edən iddiaçı bildirmişdir ki, el adəti ilə faktiki nikah bağlamışdırlar. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar AR Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və AR Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, AR Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2010-cu il tarixdən xx.xx.2005-ci il tarixə dəyişdirilməsi və doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasından ibarətdir.Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X14” X26 eksperti tərəfindən xx.xx.2024-ci il tarixli, 2963 nömrəli ekspert rəyinə əsasən, X6 fizioloji inkişafı nəzərə alınmaqla və antroskopik, antropometrik göstəricilərinə əsasən hal-hazırki fiziki inkişaf yaşın yuxarı həddi 19 ilə uyğun gəldiyi qeyd edilmişdir. Həmçinin iş materiallarında olan digər sübutlardan da müəyyən olunur ki, X6 doğum tarixi 2005-ci il olmuşdur və səhvən doğum akt qeydində 2010 kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı qızının doğum tarixinin “xx.xx.2010-cu il tarixdən xx.xx.2005-ci il tarixə” dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, doğum akt qeydində dəyişiklik edilməsi üçün iddiaçının kifayət qədər əsasları vardır və X6 doğumu haqqında tərtib edilmiş 30 iyul 2012ci il tarixli 750 saylı akt qeydində doğum tarixinin xx.xx.2010-cu il tarixdən xx.xx.2005-ci il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X6 doğumu haqqında tərtib edilmiş 30 iyul 2012-ci il tarixli 750 saylı akt qeydində doğum tarixinin xx.xx.2010-cu il tarixdən xx.xx.2005-ci il tarixə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar